Tehran rejimi və ermənilərin Orta Doğu HƏDƏFLƏRİ

    27

    Azərbaycanda molla rejiminin ideoloji virusu rolunda çıxış edən bəzi internet resurları da İran və ermənilərin maraqlarını əks etdirən informasiyanı səxavətlə təbliğ edirlər

    İran naziri: “Erməni və farslar fərqli dinləri təmsil etsə də, genetikamızın, dilimizin və etnik mədəniyyətimizin köklərindən ayrı deyilik”

    Orta Doğuda beynəlxalq terror siyasətini daha da gücləndirmək üçün İran adlı ölkə Livan, Suriya, Oman, Yəmən, İraq və digər ölkələrdə fəaliyyətini genişləndirməkdədir. Tehran sadəcə cəfəri (şiə) inancı üzərində deyil, həm də parn-urdu və ari (yəni farskökənlilər) strategiyasını sərgiləməkdədir. Faktiki olaraq, Suriyada 100 minlik “Hezbollah” ordusu ilə yanaşı, ermənilərdən 40 minlik “Erməni Fədai Ordusu” və ya “Andronik Ordusu”nu yaradıb. Guya onlar qanuni dövlət başçısı diktator Bəşər Əsəd rejimini qoruyurlar. Əslində Türkiyənin Orta Doğuda güclənməkdə olan mövqelərini sarsıtmaq üçün bütün bunlar həyata keçirilir. Livanda İsrailə qarşı HƏMƏS, Hezbollah və digər İran yönlü dini qruplaşmaları maliyyələşdirməklə yanaşı, Beyrut ermənilərini silahlandırmaqla prosesi fərqli məcraya yönəltmək üçün dərin siyasi oyunlar oynanılır. Çünki terror təşkilatı kimi tanınan “Daşnaksütyun Partiyası” öz tarixində ilk dəfə olaraq 2018-ci ildən etibarən mərkəzi qərargahını Tehranda yerləşdirib.

    “51-ci erməni olimpiadası”nın Tehranda təşkil olunmasının səbəbləri

    16 sentyabr 2019-cu il tarixdə İran adlı ölkənin paytaxtı Tehranda təşkil olunan “Erməni olimpiadası” on gün davam edəcək. 9 idman növü üzrə 800 atlet bu yarışlara qatılacaq. İran, Ermənistan, Gürcüstan, Livan, Misir, Oman, İraq, Sudan, Yəmən və digər Orta Doğu ölkələrini təmsil edən erməni idmançılar yarışacaqlar. Problemin digər səbəbi isə, qondarma “Dağlıq Qarabağ rejimi”nin idmançılarının bu yarışlarda təmsil olunmasıdır. Hətta idman geyimlərində “Artsax” yazılmış idmançılar qondarma rejimin bayrağı ilə təmsil olunurlar. Bunu inkar etməyə çalışan Tehran molla rejiminin Bakıdakı səfiri
    Möhsün Pakayin bildirib ki: “Bu İranda azsaylı xalqların hüquqları çərçivəsində gündəmə gələn bir idman yarışıdır. Onun hər hansı bir siyasi məsələ ilə əsla əlaqəsi yoxdur”
    (mənbə: https://www.golosarmenii.am/article/45136/armyanskaya-olimpiada-v-irane).
    Tehran rejiminin ermənilərə olan dərin sevgisi elə bu idman yarışlarının açılışı günü özünü göstərib. Belə ki, molla rejiminin idman naziri Məsud Soltanifər “Erməni olimpiadası”nda açılış nitqi ilə çıxış etmiş və bunları demişdir: “Erməni və fars xalqlarını tarixi köklər birləşdirir. Biz fərqli dinləri təmsil etsək də, genetikamızın, dilimizin və etnik mədəniyyətimizin köklərindən ayrı deyilik. Ermənilər tarix boyu İranda öz təbii haqları ilə bir farslarla birgə həyat tərzinə malik olublar. Tolerantlığımızın əsil səbəblərindən biri də budur. İran hakimiyyəti hər zaman qardaş erməni xalqına dəstək olub. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, ermənilər İranda özlərini təhlükəsiz şəraitdə hiss ediblər (mənbə: https://rusarminfo.ru/2017/09/15/armyanskaya-olimpiada-v-tegerane-sobrala-bolee-750-sportsmenov/).

    Onu da qeyd edək ki, bu yarışlar həm də ölkənin rəsmi dövlət televiziya kanalları, informasiya agentlikləri və qəzetləri tərəfindən günün ana olayı kimi təqdim etmişlər. Hətta bəzi dövlət televiziya kanalları Tehrandakı “Ararat” stadionundan yarışların açılış mərasimini canlı yayımla təqdim etmişlər. Bütün bunları dolayı yolla gizlətməyə çalışan Tehran molla rejimi Azərbaycan Respublikasının təpkilərindən yayınmaq istəsə də hədəfləri baş tutmamışdır. Bütün bunlara rəğmən Azərbaycan Respublikasında Tehran molla rejiminin ideoloji virusu rolunda çıxış edən bəzi internet resurları da İranın və ermənilərin maraqlarını əks etdirən informasiyanı səxavətlə təbliğ ediblər. Azərbaycanda tehran molla rejimi üçün çalışan dindar kəsim üçün “erməni sevgisi” Tehranla üst-üstə düşür.

    Qafqaz və Anadoluda erməni-fars maraqları

    Tehran molla rejiminin başlıca hədəflərindən biri də Türkiyənin “Qərbi Ermənistan”la bağlı başını qarışdırmaq və Suriya proyektindən uzaq tutmaqdır. Bununla yanaşı həm də Azərbaycan Respublikasının işğal altında olan ərazilərinin geri qaytraılması prosesi ilə bağlı bir sıra bürokratik ənəgəllərin yaradılmasına çalışır. Ötən həftə Türk Dövlətləri Təhlükəsizlik Şurasının Bakıda yaradılması və mərkəzin Ankarda qurulması Tehran molla rejimini və Ermənistanı əməlli başlı əndişəyə salıbdır. Azərbaycan, Qazaxstan, Qırğızstan, Türkiyə, Özbəkistan və Türkmənistanın bir araya gəlməsi antitürk qafalı mərkəzlərin ciddi narahatçılığına səbəb olubdur. Halbuki, Türk Dövlətləri Təhlükəsizlik Şurası Qafqaz, Orta Asiya və Orta Doğuda sonu bitib-tükənməyən terrorizm, radikalizm və digər antibəşəri siyasətlərin qarşısının alınması üçün birlikdə fəaliyyət strategiyasının hədəflərindən yaranıbdır. Artıq hər kəsə bəllidir ki, harada Tehran molla rejimi və ya Ermənistanın əli varsa, orada terrorizm ön sırada yer alır. Ona görə də Ermənistan və Tehran molla rejimi Anadolu və Qafqazda yeni konfliktlərin yaranması, terror yuvalarının daha sərt şəkildə hərəkət etməsinə çalışmaq üçün bir araya gəliblər. Dağlıq Qarabağla bağlı Qərbin öncələr bir qədər yalnış mövqe tutmasının artıq hər kəs fərqindədir. ABŞ başda olmaqla tehran molla rejiminə qarşı tətbiq olunan embarqolar da məhz bununla bağlıdır. Çünki, Suriya böhranının və “Qarabağ sindromu”nun ədalətli şəkildə həlli həm də Ermənistan təzcaüzkar siyasətinin və İranın qonşu dövlətlərə qarşı ekspansionist strategiyasının sonu deməkdir. Tehran molla rejiminin “İran islam İnqilabının ixracı” adlı doktrinası 40 ildir davam edir. Bu yöndə İran hakimiyyəti hər il milyardlarla dollar vəsait xərcləyir.

    İsfəhandakı “Yeni Culfa” hədəfləri

    Sözdə “məzlum xristian icması” statusu ilə hərəkət edən İran adlı ölkədəki ermənilər son illərdə Tehran molla rejiminin dəstəyi ilə Azərbaycan Respublikası, Türkiyə və Naxçıvan Muxtar Respublikası ilə sərhəd bölgələrində “qədim erməni abidələri”, “məzarlıqları” və “erməni mədəniyyətinin izləri” adlı proyektləri həyata keçirməkdədir. Beynəlxalq birlik qarşısında “xristian faktoru” düsturunu irəli sürməklə əslində, adı çəkilən bölgələrdə türk düşmənçiliyi hədəflərini ortaya atmışdır. Qafqaz Albaniyası tarixi və protoxristian türk mədəni sisteminə məxsus abidələri bərpa etməklə yanaşı, dünyanın dörd bir yanından erməni turistlərin həmin bölgələrə səfərlərinin təşkil edilməsi, bu barədə filmlərin çəkilib dünyanın bir çox ölkələrində televiziya kanallarında nümayiş etdirilməsi projeləri məhz bu hədəflərə xidmət edir. Faktiki olaraq, Güney Azərbaycanın Culfa, Mərənd, Səlmas, Xoy, Urmu, Zunuz, Yamçı, Yekan, Köşksaray, Marağa, Çaypara, Qoşaçay, Sulduz, Makı və digər şəhərlərində Tehran molla rejimi tərəfindən “qədim erməni tarixi” ilə bağlı bir çox layihələr həyata kelirilibdir. Bütün bunlar İsfəhandakı “Yeni Culfa Erməni Kilsəsi Eparxiyası”nın nəzdində yaradılmış “erməni irsi mərkəzi” tərəfindən hazırlanır. 2019-cu ilin aprelində Ermənistanda 20 ildir hakimiyyətdə olan “hərbi xunta rejimi” devrildikdən sonra, “Daşnaksütyun Partiyası”nın mərkəzi qərargahının Tehrana köçülürülməsinin ardından ermənilərin Orta Doğuda terror təşkilatlarının fəaliyyəti də gücləndirilib. Suriya, İraq və Livanda erməni icmaları, işadamları, müxtəlif təşkilatları faktiki olaraq bu partiya tərəfindən nəzarətə alınıblar. Beləliklə Dəməşq, Beyrut, Bağdad üçbucağı İsfəhandakı “Yeni Culfa” erməni yeparxiyası tərəfindən uzlaşdırılaraq idarə olunur. Tehran molla rejimi isə, Güney Azərbaycan siyasətinin üzərinə daha dərin basqılarla getməklə erməni-fars işbirliyini mümkün qədər qapalı tutmağa çalışır.

    Dünya ermənilərinin gözü Tehranda

    Ötən illərdən fərqli olaraq, bu dəfə Tehranda kerçirilən “51-ci erməni olimpiada oyunları” xüsusi qaydada fərqlənir. Bu dəfə Tehrandakı “Ararat” stadionunda qondarma “Dağlıq Qarabağ rejimi”nin dövlət bayrağının dalğalanlması o deməkdir ki, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsində İran molla rejimi bütün imkanları ilə mane olmağa çalışacaq. Ermənistanda bir il öncə hakimiyyətdən uzaqlaşdırılan “hərbi xunta” rejiminin bu dəfə qondarma “Dağlıq Qarabağ”dakı 29 illik iqtidarına son qoyulması vacib şərtlərdən birinə çevrilib. Tehran molla rejimi terrorçu separatçıların yanında durmaqla öz hakimiyyətini qorumağa çalışır. Çünki, Qarabağ probleminin həlli həm də dünyada bir çox etnik bölücülük siyasətlərinin sonu ola bilər. 40 illik hakimiyyətlərinin sonunun uzada olmayacağını görən Tehran molla rejimi mümkün qədər zaman qazanmağa çalışır. Ona görə də Livan, Əfqanıstan, Suriya, İraq, Yəmən, Oman, Sudan, Fələstin və böhranların davam etməsində maraqlı tərəf kimi çıxış edir. Dağlıq Qarabağ məsələsi də bu siyahıda xüsusi yer alır. Bu il sentyabrın 16-26 aralığında Tehranda düzənlənən “51-ci erməni olimpiya oyunları” yarışlarının təşkili də həmin siyahıya dünya ermənilərini cəlb etmək üçündür. Katolik kilsəsinə bağlı ermənilərdən savayı dünya ermənilərinin çoxunun gözü hal-hazırda Tehran molla rejiminin hansı addımları atacağına dikilibdir. Hətta bu yöndə İran molla rejimi genişmiqyaslı təbliğatlar üçün çoxlu vəsait ayırıb. Rusiya, Argentina, Ukrayna, Hindistan, İspaniya, Gürcüstan, Uruqvay, Kanada və başqa ölkələrdəki erməni işadamlarının və cəmiyyətlərinin Orta Doğu bazarında İran molla rejiminin yanında yer alması hədəfləri sərgilənməkdədir. Tehran molla rejimi tərəfindən irəli sürülən “Farsdilli ölkələr bloku” ideyası iflasa uğradığı üçün, bu dəfə ermənilərlə strateji birlik yaratmağa çalışır. Tehran molla rejimi onu da unudur ki, bütün bu cəhddləri bumeranq kimi dönüb özünə dəyəcəkdir. Orta Doğu, Qafqaz və orta Asiya coğrafiyasında Tehran rejimləri heç bir zaman söz sahibi ola bilməyiblər. Özəlliklə də ermənilərlə eyni yolda addım atanlar da bundan fayda görməyiblər.

    Ənvər Yusifoğlu