TEHRAN MƏNSİMOV “5-Cİ KOLON”UN HƏDƏFİNDƏ – Polkovnikin “vurulması”nda kimlər maraqlıdır…

1209

Əlahiddə Ümumqoşun Döyüş Hazırlığı İdarəsinin rəisi, polkovnik Tehran Mənsimov haqqında sosial şəbəkələrdə həqiqətə uyğun olmayan xəbərlər yayılmaqdadır. Belə ki, onun guya “təqaüdə göndərildiyi” bildirilir. İddia olunur ki, polkovnikin Qarabağ savaşında şücayət göstərən hərbçilər sırasından adının çəkilməməsi, prezident İlham Əliyev tərəfindən mükafatlandırılmaması və ad verilməməsi də bununla bağlı olub.  

Qeyd edək ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Komandanlarından biri olan T.Mənsimov 4-8 noyabrda Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə ön sırada olub. Onun yaxından tanıyan hərbçilər Tehran Mənsimovun 44 günlük Qarabağ savaşındakı qəhrəmanlıqlarından böyük fəxrlə danışırlar. Lakin, bütün bunlara baxmayaraq, polkovnikin barəsində müəyyən dairələrdən qaynaqlanan qarayaxma kampaniyası da aparılmaqdadır. Bəzi iddialara görə, hətta bu kampaniyanın arxasında Müdafiə Nazirliyində yüksək vəzifə tutan şəxslər dayanır.

Məlumat üçün bildirək ki, Hurriyyet.org olaraq Tehran Mənsimovun “təqaüdə göndərildiyi” haqda xəbərləri araşdırdıq. Bu zaman onun hazırda işinin başında olduğu və Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunda fəaliyyətini davam etdirdiyi bəlli oldu.

O ki qaldı ona ad verilməməsinə, yaxın dostları bildirdi ki, Tehran Mənsimov üçün əsas olan rütbə və ad deyil, cənab Ali Baş Komandanın etimadıdır. Qeyd olundu ki, onun barəsində yayılan digər informasiyalar adına və vəzifəsinə xələl gətirmək məqsədi daşıyır.

Bütün bunlar onu deməyə əsas verir ki, T.Mənsimovun fəaliyyəti kimlərisə narahat etdiyindən, onun “vurulmasına” çalışırlar. Şübhə yoxdur ki, burada Milli Ordunun içərisində illərdir kök atan “5-ci kolon”a bağlı qüvvələrin rolu var. Görünür, vaxtilə Tərtər hadisələrində ermənilərə güllə atan hərbçilərimiz Nəcməddin Sadıkovun göstərişi ilə cəzalandırıldıqları kimi, indi də istər Şuşanın alınmasında, istər də 30 ildir işğal altında olan digər torpaqlarımızın azad edilməsində iştirak edən ləyaqətli oğullarımızı cəmiyyətdə nüfuzdan salmağa cəhd olunur. Odur ki, “5-ci kolon” tərəfindən sabah başqa qəhrəman hərbçilərimizə qarşı da qarayaxma kampaniyası aparılarsa, bu, kimsəni təəccübləndirməsin. Çünki bu qəhrəmanlarımız 44 günlük savaşda təkcə erməniərin deyil, onların himayədarlarının da yuxusuna haram qatmışdı.

Konkret olaraq Tehran Mənsimovla bağlı məsələyə gəldikdə, bir daha aydın olur ki, Nəcməddin Sadıkov “gedər-gəlməz”ə yola salınsa da, Müdafiə Nazirliyinin daxilində savaş hələ də davam edir. Görünür, nə qədər ki, N.Sadıkovun kadrları son nəfərinədək vəzifədən azad olunmayıb, bu savaş heç vaxt bitməyəcək.

Hurriyyet.org

P.S. Zənnimizcə, Tehran Mənsimova və digər qəhrəman hərbçilərimizə ölkə başçısı tərəfindən ad verilməməsi heç də kimsəni narahat etməməlidir. Çünki yaxın günlərdə hələ çox mükafatlar və adlar verilə bilər. Bir də T.Mənsimov öz xidmətlərinin qarşılığı olaraq dəfələrlə İlham Əliyev tərəfindən təltif edildiyindən, bu gün onun adının mükafat alan hərbçilər sırasında olmaması heç də təəccüblü deyil.

Xatırladaq ki, Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə, 20 iyun 2017-ci il tarixli 3006 nömrəli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. Ümumilikdə isə onun medallarının sayı onlarladır.

Lakin əminik ki, T.Mənsimov bu medallar üçün deyil, vətənə ləyaqətlə xidmət etmək üçün hərbçi olmağa üstünlük verib.