Təbrizdəki tələbələrdən giley: “Baş konsulumuz bizi adam yerinə qoymur”

    6

    Təbrizdəki tələbələrdən giley: “Baş konsulumuz bizi adam yerinə qoymur”

    “Azərbaycan XİN-nin İranda yayılan koronavirusdan qorunmaqla bağlı bəyanatı bizi çox narahat etmişdir. Çünki həmin bəyanatda İranda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edilərək ehtiyatlı olmağa çağırılır, amma ehtiyat tədbirləri barədə aydın fikir ifadə olunmur”.

    Ovqat.com xəbər verir ki, bu sətirlər e-mail adresimizə göndərilən məktubdandır.

    Məktub Təbrizdəki əl-Mustafa universitetinin bir qrup tələbəsi tərəfindən göndərilib və müəlliflər təhlükəsizliklərini nəzərə alıb adlarının açıqlanmamasını xahiş edirlər.

     

    Tələbələrin yazdıqlarına görə, XİN-nin məlum bəyanatında bildirilir ki, Azərbaycan Respublikasının vətəndaşlarını İran İslam Respublikasına səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmaları və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri lazımdır: “Doğrusu, bu cür bəyanatı yazan bir dövlət qurumunda çalışanların əqli və psixoloji tarazlığının yerində olub-olmadığı şübhə doğurur. Əvvəla, ona görə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinin nədən ibarət olduğunu gərək ilk növbədə insanlara öyrədəsən, sonra ondan buna əməl etməyi istəyəsən. İrana səfər edən insanlar hardan bilsinlər, ÜST-ün tövsiyələri nədən ibarətdir? Biz heç bu bəyanatı imzalayan XİN-ni demirik, Azərbaycanın Səhiyyə Nazirliyinin həmin tövsiyələrdən xəbəri varmı? Onların bəlkə xəbərləri var, biz, İranda təhsil alan tələbələr bu barədə hər hansı məlumata malik deyilik”.

     

    Tələbələr həmin bəyanatda şikayətləri olanlara Azərbaycanın Tehrandakı səfirliyinə və Təbrizdəki baş konsulluğuna müraciət etmək məsləhət bilinir: “Doğrusu, bu cümlələri oxuyanda xeyli təəccübləndik. Çünki biz bilmirdik ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu Azərbaycan vətəndaşlarına xidmət etmək üçün fəaliyyət göstərir. Baş Konsulluğun indiyədək təşkil etdiyi toplantıların birinə də dəvət edilməmişik. Onlar da bizim tələbə kimi düzənlədiyimiz tədbirlərə qatılmırlar. Təkcə bu il Təbrizdəki Baş Konsulluğumuz ən azı iki dəfə önəmli tədbir keçirib. Bu tədbirlərdən biri 20 yanvar hadisəsinə, digəri isə Xocalı soyqırımına həsr edilib. Biz tələbələr bu tədbirdən İranın müxtəlif media orqanlarında dərc olunan yazılardan xəbər tutmuşuq. Xəbərləri oxuyanda görmüşük ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İranın bir sıra dövlət xadimlərini həmin toplantılara çağırıb. Tədbirlərdə İranın ali mənsəb sahiblərilə siğə evliliyi yaşayan xanımlar da iştirak ediblər. Tələbələr isə unudulublar”.

     

    Şikayətçilər bu iddialarını isbatlamaq üçün e-mail adresimizə bəzi şəkillər də göndəriblər. Onların yazdıqlarından belə anlaşılır ki, foto-şəkillərdə əks olunan tədbirlər ya 20 yanvar, ya da Xocalı soyqırımının xatirəsinə həsr olunub. Amma salonun tərtibatından qətiyyən matəm havası qoxusu gəlmir. Sadəcə bir şəkildə masanın üzərinə düzülmüş kitablar əks olunur və həmin kitabların üzərinə qərənfillər qoyulub. Görünür, o qərənfillərlə masaya matəm havası qatmaq istənilib. Şəkillərdə həqiqətən də tələbələr gözə dəymirlər.

     

    Tələbələrin yazdığına görə, bu cür tədbirlərdə onların iştirak etməsi daha vacibdir. Çünki Azərbaycanla əlaqələrinin qopmaması, qan yaddaşlarında bu cür tarixi hadisələrin dərin iz buraxması üçün bu cür anım gecələrinə ehtiyac duyulur. Əks halda İran mühitinə tamamilə adeptasiya olunacaqlarından ehtiyatlanan tələbələr rəsmi Bakının sonra onları milli dəyərlərimizə sahib çıxmamaqda günahlandırdıqlarını da anlaya bilmirlər: “Gərək  dövlət bizə sahib çıxa ki, biz də milli dəyərlərimizə bağlanaq”.

     

    Doğrusu, İrandakı tələbələrin bu milli təəssüb hissi qarşısında bizim dövlət təmsilçilərinin laqeydliyini görəndə mərhum şairimiz Qabilin məşhur “Səhv düşəndə yerimiz” şeirini xatırlayırsan.

     

     

    Əl-Mustafa universitetinin tələbələri sabah Xocalı soyqırımı ilə bağlı tədbir keçirəcəklərini və Baş konsulumuz Əliyənnağı Hüseynovu da tədbirə dəvət etdiklərini bildirdilər: “Baxmayaraq ki, onun bizim dəvətə müsbət cavab verəcəyinə inanmırıq. Axı biz Azərbaycan dövlətinin unutduğu, yada salmağı belə ağlına gətirmədiyi tələbələrik və Baş konsul bizi ümumiyyətlə adam yerinə qoymur. Əliyənnağı müəllimi ancaq yüksək vəzifəli məmurlar maraqlandırır”.

    Biz, Ovqat.com olaraq əl-Mustafa universitetinin tələbələrindən daha nikbinik və Əliyənnağı Hüseynov cənablarının nəinki həmin tədbirdə iştirak edəcəyinə, hətta bu barədə Azərbaycan ictimaiyyətini məlumatlandıracağına inanırıq. Əgər rəsmi media qurumları bu təşəbbüsü işıqlandırmağa həvəs göstərməsələr, Ovqat.com bu şərəfli xidməti məmnuniyyətlə yerinə yetirməyə hazırdır.

     

    Məktubda o da qeyd olunur ki, Əl- Mustafa Universiteti dini maarifləndirmə, xüsusilə İslam elmlərinə əsaslanan beynəlxalq universitetdir: "1979- cü ildə təsis edilən universitetin əsas məqsədi xaricdən gələn tələbələrə tam təşəkküllü təhsil verməkdir. Bu məqsədlə uzun illər ərzində 108 dövlətdən 40000-dən artıq tələbə universitetdən məzun olub. Universitet reytinqinə görə dini ali məktəblər arasında yalnız Misirdəki "əl-Əhzar"dan geri qalır".

    Başqa sözlə desək, universitet İranın dini ideoloji əsaslarını dünyaya yayan başlıca təhsil ocaqlarındandır. Azərbaycan dövlətinin bu təhsil ocağında yetişdirilən tələbələrə bu qədər biganə yanaşması təəccüb doğurur.