Teatrlarımızda kimlər “at oynadır”…

69

Merkantil maraqlar poliqonundan islahatlara doğrunun zamanıdır

İkinci hissə

Rejissorluq sənətinin nə qədər mürəkkəb, çətin bir sənət olmasını təkrarlamağa ehtiyac yoxdur. Rejissor yalnız pyesin quruluşçusu deyil həm də işlədiyi kollektivin tərbiyəçisi və rəhbəridir. Ona görə də o, hərtərəfli mədəniyyətə malik, dünya incəsənəti və mədəniyyətini dərindən bilən, incəsənətin bütün növlərinin xüsusiyyətlərindən xəbərdar olan bir şəxs olmalıdır. Əslində quruluşçu rejissor dramaturji materialın mənimsənilməsi məqsədilə obrazları emosional tərzdə ifaçılara təqdim etməyi bacarmalıdır. Hər tamaşanın bədii bir hadisə ola bilməsi üçün rejissor elə bir forma tapmalıdır ki, pyesin və tamaşanın ideyasını hazırkı müasir zamanda daha yaxşı formada göstərə bilsin. Təəssüflər olsun ki, bu gün region teatrlarımızda bu tip rejissorlar barmaqla sayılacaq qədərdirlər. Özlərini müasir rejissor adlandıran bir çoxları isə “ştampovka” tamaşalar hazırlamaqla sadəcə olaraq günlərini keçirirlər. Məsələ burasındadır ki, region teatrlarında fəaliyyət göstərən, bu  teatrlara tamaşa hazırlamaq üçün dəvət olunan rejissorların bir çoxu belə sırf bu peşənin sahibi deyillər. Onların əksəriyyəti aktyorluq bölümündən, hətta mədəni-maarif şöbəsindən məzun olan şəxslərdir. Təəssüf ki, bu rejissorlar hazırladıqları tamaşaları bölgə-bölgə gəzərək eyni quruluşda qətiyyən traktofka dəyişikliyinə yol verməyərək müxtəlif regionların səhnəsinə gətirirlər. Bu isə özlüyündə “sümükləri bir məzardan başqa bir məzara daşıyan arxeoloqların məşğuliyyəti”ni xatırladır. Məncə həm də artıq ortabab rejissorların ortabab fəaliyyətinə də son qoymanın zamanı çoxdan çatıb.

Çox zaman isə əksinə istedadlı, bacarıqlı rejissorlara qarşı haqsızlıqların baş alıb getməsinin də şahidi oluruq. Belə ki, saysız maliə pozuntularına yol verən teatr direktorları (ştat vahidlərində bir çox maliə pozuntularına əl atmaqla öz borclarının dövlət hesabına ödənilməsi və ya saysız-hesabsız ölü canlar, bank kartları və.s.) məhşər ayağına çəkiləcəkləri ehtimalı ilə yaşadıqları üçün hər cür təhdid və təqiblərdən qorunmaq məqsədi ilə diqqəti özlərindən yayındırmaq, “sudan quru çıxmaq” naminə manevr edərək bir sıra qüvvələrin başqa istiqamətdə hərəkətə keçməsinə rəvac verməklə onları rejissorlarla üz-üzə qoyub süni münaqişələrə cəlb edirlər ki, bu da öz ətraflarında sakitlik yaratmaqla gündəmdən çıxaraq unudulmaq missiyasına xidmət edir. Məncə artıq Mədəniyyət Nazirliyinin səlahiyyətli nümayəndələrinin bu tipli üzdəniraq “sənətçilərinin” və direktorlarının qarşısında qırmızı işıq yandırmasının tam zamanı çatıb. Yoxsa Qoqolun özü tək məşhur “Müfəttiş” əsərində deyildiyi kimi, belə adamları təftiş etmək üçün də müfəttişlərə hələ də ehtiyac duyulmaqdadır.

Artıq uzun illərdir teatrlarda Ali Attestasiyaların istər yaradıcı şəxslərlə, istərsə də ki, texniki heyyətlə keçirilməsi tamamilə unudulub. Əslində hər ilin sonunda bu cür attestasiyaların keçirilməsi çox vacib və əhəmiyyətli bir məsələdir. Bu zaman aktyorun bir illik yaradıcılıq fəaliyyətinə daha dəqiq və dürüst qiymət verməklə onun fəaliyyətini dəyərləndirmək mümkündür. Eləcə də texniki heyyətin öz peşəsinə nə qədər lazımlı səviyyədə bilgili olması üçün maraq dairələrinin artırılması deməkdir. Təəssüflər olsun ki, bu gün Ali Attestasiya Komissiyasının nə Mədəniyyət Nazirliyində nə də ki, teatrlarda fəaliyyət göstərməməsi yenə də bütün qərarların direktor fəaliyyəti ilə tənzimlənən teatr ideologiyasına xidmət etdiyindən xəbər verir. Belə olmasaydı hər il Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi Prezident mükafatı eyni aktyor və ya aktrisaya şəxsi münasibətlər zəminində teatr direktorları tərəfindən təqdimat yazılmaqla verilməzdi. Ortaya maraqlı bir sual çıxır ki, məgər teatrlarda bu tip “sənətçilərdən” başqa il ərzində tamaşalarda rol alan və ya uğur qazanan şəxs yoxdurmu? Niyə də ki, yoxdur. Var. Sadəcə olaraq görmək istəmirlər və ya görməkdən qorxurlar. Aktyor və ya aktrisa tanıyıram ki, bu tip münasibətlər zəminində səkkiz və ya on iki illərdir ki, oturub Prezident mükafatının üstündə durmaq bilmir.

Teatrlara gənc kadrların cəlb olunması işində yaşlı aktyor və aktrisa heyətinin rolu məsələsi aktuallığını hələ də saxlamaqdadır. Məlumdur ki, hazırda bölgə teatrlarına professional aktyorları dəvət etmək müşkül bir məsələyə çevrilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirən məzunların əksəriyyəti bölgə teatrlarına gedib çalışmaqdan bir mənalı şəkildə üz çevirir, öz şanslarını paytaxt teatrlarında sınamağa daha çox üstünlük verirlər. Əlbəttə, sadalananların obyektiv və subyektiv səbəbləri var və yaxın gələcəkdə bu problemin həll olunması yolları deyəsən görünmür.

Bildiyimiz kimi Respublikamızda mədəniyyət sahəsində yeganə ixtisaslı kadrların hazırlanması Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin üzərinə düşür. Kifayət qədər ixtisaslı kadrların hazırlanmasında bu Universitetin xidmətləri misilsizdir. Hər il kifayət qədər aktyor, rejissor, teatrşünas, kinoşünas və digər ixtisaslar üzrə kadrların hazırlanması, sərbəst qaydada mədəniyyət ocaqlarında işlə təmin edilməsi həyata keçirilir. Ancaq təəssüflə qeyd etmək istəyirəm ki, bu təminatdan paytaxt teatrları və mədəniyyət ocaqları bəhrələnir. Xüsusi ilə Qərb regionunda ixtisaslı kadrların daimi olaraq Gəncə, Ağdam, Mingəçevir və Qazax Dövlət Dram teatrlarına göndərilməsi mümükünsüzdür. Yox ki, bu regionlardan həmin Universitetdə təhsil alanlar yoxdur. Qeyd etdiyim şəhər və rayonlardan da hər il kifyət qədər qəbul olunan istedadlı şəxslər var. Sadəcə olaraq məsələnin kökündə başqa məqamlar dayanır. Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunan hər bir kəs üçüncü həlledici kursdan sonra paytaxta fəaliyyət göstərən teatr və mədəniyyət ocaqları ilə sıx təmasda olmaqla referat işləri, kurs tamaşaları və diplom tamaşa müdafiələrini ancaq paytaxt teatrlarında etməklə həmin kollektivlərə alışırlar və sonda elə həmin mədəniyyət müəssisələrində də işlə təmin olunurlar. Bununla da Gəncə, Ağdam, Mingəçevir və Qazax teatrlarının kadr potensialı məsələsinin həlli müşgülə çevrilir. Əvvəllər bu ixtisasalar üzrə təyinat mümkün idi və problem öz həllini aftomatik olaraq tapırdı. İndi bu ixtisaslar üzrə təyinat olmadığı üçün çox ciddi problemlərlə üzləşməli oluruq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sərəncamı ilə region teatrlarında “İkinci nəfəs” adlı Teatr studiyaları fəaliyyət göstərir. Bu studiyalar teatr sahəsinə marağı olan istedadlı gənclərin cəlb edilməsi ilə məşğuldur. Ancaq çox zaman bu praktika da özünü doğrultmur. Çünki bu teatr studiyalarında hazırlanan gənclər ali təhsil almaq üçün Mədəniyyət və İncəsənət Universitetinə üz tutduqda sonda nəticə etibarı ilə yenə də paytaxtda fəaliyyət göstərən teatr və mədəniyyət ocaqlarında çalışırlar.

Əmək haqqının azlığı, sosial-iqtisadi  problemlər, məişət keçimsizliyi, kirayə və mənzil yetməməzliyi universiteti bitirən gənc aktyorlar qarşısında müəyyən, hətta keçilməz sədlər yaradır və bu gənclər nəyin bahasına olursa-olsun, region teatrlara getməməyə, Bakıda qalmağa, mərkəzi teatrların birində yer tutmağa qəti qərar verirlər. Belə olan surətdə bölgə teatrların qarşısında kadr qıtlığı ilə əlaqədar mühüm problemlərin təzahür etməsi tamamilə təbii görünür. Problemin qismən də olsa aradan qaldırılması məqsədilə yaxşı olardı ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Gəncə filyalı yaradılsın. Bununla da regiondan olan istedadlı gənclərin elə bu regionlarda fəaliyyət göstərən teatr və mədəniyyət ocaqlarına cəlb olunması məsələsinin həyata keçirilməsini təmin etmək mümkündür. Qərb regionunda belə bir filyalın yaradılması ikinci böyük şəhərimiz sayılan Ulu Şeyx Nizami yurdu olan Gəncənin elmi potensialından daha səmərəli istifadə etməklə teatrlarımızı bu problemdən azad etmiş olardıq. Məsələ ilə bağlı 2019-cu ilin 23 dekabr tarixində Respublika Təhsil Nazirliyinə həmçinin Mədəniyyət və İncəsənət Universitetinin rektorluğuna açıq məktub ünvanlasam da təəssüf ki, heç bir reaksiya olmadı. Bu gün nəticə etibarı ilə region teatrlarında problemi birdəfəlik çözmək üçün teatr studiyalarını yaratmaq və buraya yerli həvəskarları cəlb etmək yolu ilə “dar dalan”dan çıxmağa çalışırlar. Təbii ki, bu işdə teatrlarda fəaliyyət göstərən yaşlı aktyor və aktrisaların rolu da inkaredilməzdir. Bu sahədə çalışmaları inkişaf etdirmək, bir yenilik gətirmək əvəzinə, studiyada keçirilən aktyor sənəti dərslərinin keyfiyyətini səriştəsizliyi və pedaqoqluq təcrübəsinin zəifliyi səbəbiylə axsatmış və dərslərin gedişatı metodologiya və üslub nöqteyi-nəzərindən son dərəcə aşağı səviyyədə olması nəticələri heçə endirməkdə davam edir. Aktyorluq sənəti dərslərində həvəskarı kor-koranə təqlidə sövq etmək həm yanlış, həm də bu sənətə meyl edən, onun sirlərini öyrənməyə çalışan gəncin gələcəyini yox etmək deməkdir. Burada həmçinin gənc həvəskarla çalışarkən tədrisdə səbr və anlayışın tətbiq olunması zəruri olan əsas keyfiyyətlərdəndir. Bir sözlə aktyorluq təlimində müəyyən bir sistem vacibdir. Tədris və təlim sistemini bilməyən, başqa sözlə, dərsini yaradıcı tərzdə inkişaf etdirmək üçün bir üsulu olmayan çalıştırıcının müəllim olmağa haqqı və hüququ yoxdur. Hər hansı bir çalışdırıcı nə qədər təcrübəli aktyor olursa olsun, möhtəşəm rollar ifa edirsə-etsin aktyorluğa namizəd bir həvəskarı yetişdirə bilmirsə, onun təlimi də aldadıcı, yanlış və təhlükəlidir.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Mədəniyyət Nazirliyində və eləcə də region teatrlarında Bədii şuraların formal xarakter daşıması repertuar siyasətinin də düzgün formada təyin olunmamasına gətirib çıxarır ki, bu halda eyni pyeslərin eyni mövsümündə oynanılması ilə nəticələnir. Bu gün respublikamızda 28 adda dövlət statusu adını daşıyan teatrlarımız var. Bu teatrların inkişaf etdirilməsi, repertuar siyasətinin zənginləşdirilməsi, eləcə də formalaşdırılması başlıca şərtlərdəndir. Bütün bunlara baxmayaraq, xüsusi olaraq region teatrlarında əsaslı olaraq islahatların aparılmasına, xüsusilə repertuar siyasətinin tənzimlənməsinə, bu sahədə baş verən neqativ halların aradan qaldırılmasına hava və su kimi ehtiyac var. Bu gün regionda demək olar ki, yaxın məsafədə yerləşən iki dövlət teatrının eyni pyes üzərində eyni quruluşçu rejissor tərəfindən təkrar traktovkasında əsərin hazırlanmasının şahidi oluruqsa hansı yeni repertuar siyasətindən danışmaq olar? Maraqlıdır ki, bununla kimin gözünə kül üfürməklə guya ki, yaradıcılıq işinin aparılmasını göstərmək istəyirik? Axı təkrar quruluşda hazırlanan “ştampovka” tamaşalar hansı teatrsevəri bu mədəniyyət ocağına cəlb edə bilər? Sanki region teatrlarının səhnəsi bir eksperiment məkanına çevrilib. Region teatrları eksperiment məkanı deyil ki, hər yerindən duran şəxs vaxt və zamanından asılı olmayaraq ağlı gəldiyi pyesi götürüb orada hazırlamaq qərarına gəlsin. Əgər, bir teatrda bir mövsümdə “dövlət sifarişi” adı altında bir neçə dəfə qəbul olunan pyesin özü belə dəyişdirilirsə, demək ki, bədii şuralar formal olaraq fəaliyyət göstərməklə şuraya rəhbərlik edən şəxs belə yaradıcılıq fəaliyyətinin forma və üslubunu itiribdir. Bədii şura öz tamaşaçısının istək və duyumuna, ən başlıcası da yaradıcı kollektivin potensial qüvvəsinə uyğun bir formada repertuar siyasətini tənzimləməlidir. Adı yüksək pafosla səslənən yaradıcı kollektivin potensial qüvvəsinə uyğun gəlməyən pyeslərin hazırlanması sadəcə olaraq baş qatmaqdan başqa bir şey deyildir.

Çox təəssüflər olsun ki, son zamanlar bir çox region teatrları sözün tam mənasında poliqona çevrilərək, rejissorluq sənətinin sirlərinə bələd olmayan, pyesin təhlil prosesindən başı çıxmayan, bu sahədə heç bir təcrübəsi olmayan haradansa peyda olan rejissorlar öz silahlarını sınamaq üçün nişangah xarakteri daşıyaraq dəvət olunurlar. Sözsüz ki, bu kimi dəvətlərdə də merkantil maraqlar əsas rol oynayır. Bununla da hər hansı bir səhnə quruluşu “sümükləri bir məzardan başqa bir məzara daşıyan” arxeoloqların ümumi işi olaraq xatırlanır. Bütün bu məsələlər ən qısa zamanda araşdırılmadığı təqdirdə istər kadr eləcə də repertuar siyasətində yeni problemlərin meydana gələcəyi faktı da qaçılmazdır.

Əslində isə bütün bu sadalananların bir adı var. Düzgün təyinat olmadıqda….

Anar  Burcəliyev,

teatrşünas