“TƏBİBLİK BACARIĞI TANRI VERGİSİDİR” – PROFESSOR VAQİF RƏHMANOV

    3

    “Hər dəfə hansısa xəstəmin sağaldığını görəndə üzüntüm sevincə çevrilir”

    (Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/azerbaycana_qazanc_xatirine_gelmirem_-_professor_vaqif_rehmanov)

    – Tam səmimi deyirəm, bura qazanc xatirinə gəlmirəm, öz xalqımın övladlarını müalicə etmək üçün gəlirəm, bunu özümə borc bilirəm. İstəmirəm xalqım əziyyət çəksin, yollarda qalsın. Bir xəstəm var, onu valideynləri müalicə etdirmək üçün Türkiyə aparmışdı. Orda bir həkim onlara deyib ki, Amerikadan dərman gətirtməliyəm, biçarələri əməlli-başlı soyub. Həmin həkimə 100 mindən artıq pul veriblər.

    Başqa bir xəstəmin ailəsi dərman almağa imkanı olmadığı üçün evini satmalı olub.

    Bir xəstəm var, autizmdən əziyyət çəkirdi, qız uşağıdı, anası Cəmilə xanım da həkimdir. İki dəfə onu İsrailə aparıb, amma müalicənin heç bir nəticəsi olmayıb. Onu iki kurs müalicə etdim, sağaldı.

    “Ukraynada da yolumu gözləyənlər var”

    – Səhv etmiriksə, bu, həkim kimi Bakıya ikinci səfərinizdir…

    – Bəli. Birinci dəfə yanvarda gəlmişdim.

    -Bəs hər gəlişinizdə Bakıda neçə gün olursunuz?

    -15 gün. Qəbula yazılan xəstələri müayinə edib, müalicələrinə başlayıram. Mən buradan gedəndən sonra isə köməkçilərim təyin etdiyim müalicəni davam etdirirlər, təbbi ki, mənim nəzarətim altında. Biz daim ünsiyyətdə oluruq, həm “Skaype”, həm də “Watsapp” vasitəsilə. Lazım gələndə isə xəstələrim Ukraynaya gəlir, müalicələrini orada davam etdirirəm. Təəssüf ki, burada çox qala bilmirəm. Çünki Ukraynada da yolumu gözləyən, mənə ehtiyacı olan xəstələr var. Ümumiyyətlə, təəssüflə qeyd edirəm ki, xəstələr həddən artıq çoxdur.

    “Xəstələrimi heç vaxt nəzarətsiz qoymuram”

    Onu da deyim ki, valideynlər “Watsapp”da qrup açıblar, həmin qrupda bizimlə əlaqə saxlayır, məsləhət alırlar.

    – Bəs siz burada olmayanda qəbulunuza yazılmaq istəyən xəstələr kimə müraciət etməlidirlər?

    – Köməkçim, psixoloq Türkan Cəfərli ilə əlaqə saxlayıb, qəbula yazıla bilərlər. O, bütün pasientlər haqda məlumat toplayır, onları qəbula yazır. Sonra isə bu məlumatları mənə çatdırır. Mən artıq bura gəlməzdən öncə xəstələrin sayı və diaqnozu haqda məlumatlı oluram, bu da vaxt itkisinin qarşısını alır. Türkan xanımla əlaqə saxlamaq üçün əlaqə nömrəsi: 055 979-01-47-dir.

    “Kaşpirovski ilə üz-üzə söhbət etdim”

    – Bir vaxtlar belə bir təşəbbüs irəli sürülmüşdü ki, sənət adamı olmaq istəyən abituryentlər kimi, həkim və müəllim olmaq istəyənlər də qabiliyyət imtahanı versinlər. Çünki bu peçə sahiblərinin sadəcə savadlı olması azdır. Müəllimlər uşaqları sevməli, mərhəmətli və səbrli olmalıdırlar, həkimlər də həmçinin insanpərvər olmalıdır. Bu peşələr əslində Tanrı vergisidir. Üzündə nur, səsində mərhəmlik, əlində şəfa olmayan insanlar necə pedaqoq, həkim ola bilər? Sizin haqqınızda yazılan məqalələrdə, çəkilən sənədli filmlərdə bioenerji sahibi olduğunuz xüsusi vurğulanır, keçirdiyiniz hipnoz seansları ilə bağlı da yazırlar, bu seansların video görüntüləri də var. Bəs özünüz bu haqda nə deyə bilərsiniz?

    – Yadınızdadırsa, hələ SSRİ vaxtında Anatoliy Kaşpirovski, Alan Çumak, Cuna Davitaşvili kimi ekstrasenslər vardı. Kaşpirovski daha məşhur idi. Moskvanın “Ostankino” telekanalı ilə kütləvi hipnoz seansları keçirirdi. Ona əleyhinə çıxanlar çox idi. Mən o zaman artıq Ukraynada idim. Kaşpirovskinin həmkarlarını,o cümlədən də məni ona qarşı çıxmağa çağırdılar, məqsədləri onu vurmaq idi. O zaman Tibilisidə bir nəfəri hipnoz altında əməliyyat etmişdi. Bu həqiqətən olmuş hadisədir. Onun müalicə üsulu birtərəfli qarşılanmırdı. Əleyhdarları tərəfdarlarından qat-qat çox idi. Amma mən onu vurmağa razı olmadım. Çünki nə yaxşı həkim, nə də yaxşı müəllim öz həmkarına qarşı çıxmaz. Lazım olanda həmin adamla təkbətək görüşüb, sözümü deyirəm. Elə də oldu. Amma həmin görüşə qədər çox xoşagəlməz olaylarla qarşılaşdım.

    18 yaşlı gənc bir qız Kaşpirovskinin teleseansına baxandan sonra psixikası pozulmuşdu və saçını qırxmışdı. 6 ay xəstəxanada yatan həmin qızı yanıma gətirdilər, xüsusi kodun köməyi ilə onu iki günə sağaltdım.

    Başqa bir uşaq Kaşpirovskinin teleseansına baxandan sonra tənginəfəslikdən əziyyət çəkməyə başlamışdı. Onu da sağaltdım. Kaşpirovskinin teleseanslarından əziyyət çəkən başqa xəstələrim də oldu. Şükür ki, hamısını sağalda bildim.

    Bir müddət sonra Moskvada tədbirlərdən birində Kaşpirovski ilə qarşılaşdım. Onu kənara çəkib dedim ki, Tolik, mən də sənin kimi həkiməm, məsləhət görürəm ki, teleseanslara son qoyasan. O, sözlərimə müsbət reaksiya verdi. Dedi ki, ilk dəfədir mənimlə kobud danışmırlar, siz təklikdə mənə sözünüzü dediniz. Beləcə, mənimlə dostlaşdı.

    – İndi də əlaqəniz var onunla?

    – İki il əvvəl Kiyevdə görüşmüşük. Hər ikimizin gərgin iş cədvəli var, vaxt tapa bilmirik. O, çox vaxt Amerikada olur. Amma daha kütləvi hipozla məşğul olmur, çünki bu qadağan olunub. Mən də bunun tərəfdarı deyiləm.

    “Məmməd Araz uzun illər xəstəm olub”

    Onu da deyim ki, SSRİ-nin vaxtında kütləvi hipnoz seanslarının fəsadları ilə bağlı iki yazım çıxıb. Həmin yazılar doktorluq dessertasiyama əlavə olundu və elmi işimin ayrıca bir fəslini təşkil edir.

    Mən bir elmi kəşfin müəllifiyəm. Həmin kəşfi Moskvaya yolladım və keçmiş SSRİ-nin Dövlət Komitəsinin göstərişi ilə 5 il sənədlərim aidiyyatı qurumlar tərəfindən yoxlanıldı, nəhayət mənə birbaşa təmas olmadan, yəni məsafədən müayinə və müalicə aparmaq (enerji mübadiləsinin köməyi ilə aparılan müalicə üsulu) hüququmu təsdiqləyən rəsmi sənəd verildi.

    – Bəs azərbaycanlı məşhurlardan kimisə müalicə etmisiz?

    – Sənətinə və şəxsiyyətinə böyük hörmətim olan mərhum şairimiz Məmməd Araz uzun illər xəstəm olub. O, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

    “Müalicəyə valideynlərdən başlayıram”

    – Artıq qeyd etdiyiniz kimi, sağlam ailələrdə böyüyən xəstə uşaqları müalicə etmək daha asandır.Amma bu da məlumdur ki, evdə xəstə uşaq olanda valideynlərin, xüsusi ilə də anaların əsəb sistemi pozulur, çox zaman onların özlərinin də müalicəyə ehtiyacı olur. Bəs onlarla necə, işləyirsinizmi?

    – Doğrudur. Xəstə övladı olan valideynlər çox sarsıntı keçirir, bu daha çox analara aiddi. Onlar ruhdan düşür, daim ağlayır, övladını itirmək qorxusu onların əsəb sistemini iflic edir. Əksər hallarda kişilər bu vəziyyətə tab gətirməyib ailədən gedir. Bəzən isə əksinə, atalar övladlarının xəstəliyini daha ağrılı yaşayır, özünə qapanır. Bu səbəbdən birinci növbədə valideynlərlə işləyirəm.

    “Həkim olduğum üçün xoşbəxtəm”

    Sizə bir hadisə danışmaq istəyirəm. Marina adlı bir qadının ilk övladı qan xərçəngindən dünyasını dəyişmişdi. İkinci övladı da xəstə doğulmuşdu, həkimlər uşağa ölüm hökmü çıxarmışdılar. Ana həyatdan əlini üzmüşdü. Uşağın atası isə keçmiş SSRİ-nin yüksək rütbəli zabiti idi. Adətən işi ilə əlaqədar evdə tapılmazdı. Amma həmin gün xoşbəxtlikdən evə tez gəlir, öz açarı ilə qapını açıb görür ki, uşaq ağlayır, anası isıə yanında yoxdur. Vanna otağına keçəndə görür ki, ana damarlarını kəsib, qan içindədi, yalnız vaxtında edilən təcili yardım sayəsində onu həyata qaytarmaq mümükün olur.

    Belə bir hadisə də olmuşdu. Anaya deyiblər ki, uşağın sağalmayacaq. O da uşağını götürüb Dnepr çayının sahilinə gəlib və uşaqla birlikdə özünü körpüdən çaya atmaq istəyib. Birdən yadına düşüb ki, tələsdiyindən alt paltarı geyməyi unudub. Onu sudan çıxaracaq adamlar qarşısında çılpaq uzanmaqdan utanan alt paltarı geymək üçün tez evə qayıdıb. Amma evdə uşaq ağlayıb, ananın başı onu əmizdirməyə qarışıb, beləliklə də fikrindən daşınıb. Ertəsi gün həmin ana uşağını götürüb yanıma gəldi. Cavan qadın idi, amma qoca qarıya oxşayırdı.

    Yerdə uzanıb canavar kimi ulayan nəvəsini müalicə etməyimi xahiş edən nənə də heç vaxt yadımdan çıxmayacaq. Əslində uşağı götürmək istəmirdim, çünki sağalacağına heç bir gümanım yox idi. Amma nənə göz yaşı töküb mənə yalvarırdı, əllərimi-ayaqlarımı öpürdü, “nəvəmçün əlimdən gələni etməsəm, o dünyada da rahatlıq tapmaram”,- deyirdi.

    Bu cür hallarla çox qarşılaşmışam. Bacardığım köməyi əsirgəməmişəm o adamlardan.

    Əslində ixtisaslaşdığım sahə çox ağır bir sahədir, hər gün dərdli insanlarla qarşılaşıram, özüm də üzülürəm. Amma bu sahəni seçdiyim üçün peşiman deyiləm. Çünki hər dəfə hansısa xəstəmin sağaldığını görəndə üzüntüm sevincə çevrilir. Həkimlik şərəfli peşədir, bu peşəni seçdiyim üçün xoşbəxtəm.

    Hazırladı: Banu Oğuz, Hurriyyet.org