Tarixi dönəmdir, Məleykə xanım… – JALƏ MÜTƏLLİMOVA YAZIR

57

Ali məktəblərə qəbulu tezləşdirmək tələb olunur…

Covid-19 təkcə bir sahə üzrə yox, bütün sahələr üzrə ciddi problemlər yaradıb. Təkcə Azərbaycanda yox, bütün dünyada. Təbii ki, istənilən halda proses dövlətin nəzarətindədir. Amma bəzi halalrda aidiyyatı dövlət qurumları ləng tərpənir. Və bu sonradan onların özü daxil hər kəsə baha başa gəlir.

Məsələn, bu ilki ali məktəblərə qəbul imtahanları ilə bağlı vəziyyət.

Bəzi təkliflərdə ümumiyyətlə, ali məktəblərə qəbulun dayandırılmasına dair təkliflər səslənir.

Birmənalı şəkildə qəbul edilməməlidir. Hər kəs bilir, Azərbaycanda demək olar əksər ailələrdə, təhsil səviyyəsini yaxşılaşdırmaq üçün valideynlər uşaqları repetitor yanına göndərir. Özü də bir neçə il, davamlı şəkildə.

Hazırda bu proses demək olar tamamən dayanıb. Və ya bəzi repetitorlar dərsləri onlayn keçir.

O da sirr deyil ki, canlı keçilən dərslə, ekran arxasından keçilən dərs arasında böyük fərq var, keyfiyyət fərqi.

İndi təsəvvür edin neçə ildir əziyyət çəkib hazırlaşan uşaqlara ilk zərbə belə dəydi. Son mərhələni lazımı kimi keçə bilmədilər, hazırlıqlarından dolayı. Bir də onlara məlumat ötürülür ki, ümumiyyətlə, qəbul imtahanları olmaya bilər.

Əslində isə mümkündür. Sadəcə biz az əziyyət çəkmək lazımdır. Bir az qaydalarla davranmaq, sistem qurmaq lazımdır.

Bunu etməyə deyəsən kimlərinsə səbri çatmır.

Əslində düşünsək ki, söhbət beş-üç adamdan yox, bir ölkənin 2020-ci il məzunlarının hər birindən, onların gələcəyindən gedir və bu həm də ümumiyyətlə, ölkənin taleyi deməkdir, o halda bəlkə düşünərlər ki, məsələni diqqətdən kənarda qoymaq olmaz.

Düzü prosesə cavabdeh olan DİM rəhbərliyinin fəaliyyətini hansısa formada tənqid etmək deyil niyyətim bunu yazmaqla. Demək istədiyim o ki, hörmətli Məleykə xanım, zaman daralır, validenylər narahat, uşaqlar mənəvi, psixoloji basqı yaşayır, bəs siz onlar üçün nə düşünürsünüz?

Ümumiyyətlə, bu barədə kim nə düşünür?

Bizim balalrı nə gözləyir qəbullarla bağlı?

Sual çoxdur zaman az, lap az. Unutmaq olmaz, bu həm də tarixi məsuliyyətdir. Dünyanın ağır kriz yaşadığı dövrdə bir məmur ölkəsinin gənc vətəndaşlarının təhsili, gələcəyi üçün ciddi məsuliyyət altına girdi. Dünya virusla mübarizə apardığı dönəmdə Azərbaycanın bir rəsmisi məsuliyyəti üzərlərinə götürüb, ciddi qərar qəbul etdi. Bunu hər kəs arzulayır, istəyir və hətta tələb edir.

Jalə MÜTƏLLİMOVA