TARİF ŞURASININ XALQA “BAYRAM SOVQATI”

150

Qarnını güdən məmurlar, vəzifə sahibləri var olduqca məmləkət düzələn deyil!

40-a yaxın yaşım var, doğulduğum gündən bu məmləkətdə yaşayıram. Lakin indiyədək bir dəfə də olsun qiyməti qalxan hansısa məhsulun və ya xidmətin bir müddət sonra qiymətinin endirilyinin şahidi olmamışam. Yox, deyəsən səhvə yol verdim, bir dəfə olub. Əgər yaddaşım məni aldatmırsa, təxminən 10 il öncə yumurtanın qiymətinin kəskin artması problemi yaşanarkən ölkə başçısı bu məsələ ilə bağlı çıxış edərək, süni qiymət artımının dayandırılmasını tələb etmişdi. Yəni dövlət başçısının müdaxiləsindən sonra yumurta monopolistləri qiymətləri bir xeyli endirdilər.

Mən bilən, bundan başqa heç nəyin qiyməti enməyib. Tam tərsinə, bu məmləkətdə bir dəfə qalxan qiymətlər bir daha enmir. Yəni bu gün qalxan qiymət sabah əsla enməz. Çünki ərzaq, qida, tikinti və geyim bazarı ilə yanaşı, digər bir çox sahələr ayrı-ayrı şəxslərin inhisarındadır. Buna görə də ara-sıra süni qiymət artımı müşahidə olunur və hələlik bunun qarşısını almaq mümkün deyil. Ona görə ki, monopolistlər müxtəlif yollarla özlərini və bizneslərini sığortalamağa müvəffəq olurlar. Elə bu səbəbdən də artıq ölkənin sadə vətəndaşları qiymət artımına adi hal kimi baxırlar. Əslində, onların əlindən bundan başqa heç nə gəlmir. Axı, antiinhisarçılıq və süni qiymət artımı ilə mübarizə aparmalı olan müvafiq dövlət qurumları olduğu halda, sadə vətəndaş nə edə bilər? Təbii, heç nə. Nə lazımdırsa, onu aidiyyəti orqanlar etməlidir. Amma və lakin onların etdikləri etmədiklərindən və ya edə bilmədiklərindən daha azdır…

Qiymət artımından söz düşmüşkən, verilən məlumatlara görə, dövlət tənzimlənməsinə aid edilmiş qiymətlərin tənzimlənməsinin həyata keçirilməsini təmin edən qurum – Tarif Şurası yanvarın 4-ü gecə saatlarında tələm-tələsik növbəti iclasını keçirib. Və bununla da Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Deyəsən, çox rəsmi alındı. Onda sadə formada izah edim. Yarandığı gündən, yəni 2005-ci ilin dekabrından ancaq qiymət artımı ilə məşğul olan və bu səbəbdən də əhalinin, ələlxüsus da aztəminatlı təbəqənin saysız-hesabsız “alqış”ını qazanan Tarif Şurası bu dəfə də ənənəsinə sadiq qalaraq, yeni il ərəfəsində xalqa növbəti “bayram sovqat“ını bağışladı. Bəli, məhz Tarif Şurasının qərarı ilə dizel yanacağının qiyməti 20 qəpik, əsasən əhalinin kasıb təbəqəsinin istifadə etdiyi Aİ-92 markalı benzinin qiyməti isə 10 qəpik qalxdı.

Məsələnin maraqlı tərəfi ondadır ki, qurum qərarına haqq qazandırmaq üçün bəzi qonşu və MDB ölkələrində – Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Türkiyə və Ermənistanda benzinin qiymətinin bizdən baha olduğunu qeyd edib. Halbuki bu, kökündən yanlış yanaşmadır. Çünki bu siyahıda Rusiyanı çıxmaq şərtilə, digərləri neft istehsal edən yox, idxal edən ölkələrdir. Deməli, bu cür müqayisə neft istehsal edən dövlətlərlə aparılsa daha doğru olar və bu zaman Azərbaycanda benzinin qiymətinin həmin ölkələrə nisbətən baha olduğu müəyyənləşər. Görünür, bundan xəbərdar olan Tarif Şurası burnumuzun dibindəki İran, Türkmənistan və Qazaxıstanı qoyub, qərarını əsaslandırmaq məqsədiylə Ukrayna və Belarusa qədər uzanıb. Hələ bu azmış kimi, Şura “SOCAR ölkədə təbii qazın da satış qiymətinin artırılmasını təklif edib. Lakin təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, bu, məqsədəmüvafiq hesab edilməyib” deməklə, əhaliyə minnət də qoyur. Nə deyim, vallah, bərəkallah istedadına!

Yeri gəlmişkən, onu da qeyd edim ki, sözdə müstəqil, əməldə isə ələbaxan mətbuat orqanları “Tarif Şurası benzin və dizelin qiymətini qaldırdı” yerinə “qiymət dəyişikliyi” ifadəsinə baş vurmaqla özlərini sığortalamağa, o cümlədən “para babaları”nın xətrinə dəyməməyə, onların müəyyənləşdirdiyi kursdan kənara çıxmamağa çalışıblar. Məgər onlar anlamırlar ki, yanacağın qiymətinin qalxması ölkədə bütün məhsulların, eləcə də xidmət sahələrinin qiymətinin artması deməkdir. Bu isə öz növbəsində, onsuz da acınacaqlı vəziyyətdə olan əhalinin durumunun bir qədər də ağırlaşması ilə nəticələnəcək. Ki, bunun da babalının bir hissəsi Tarif Şurası ilə yanaşı, onun “gecə əməliyyatı”nı fərqli şəkildə təqdim etməyə çalışan ələbaxan mətbuatın boynunadır! Məhz bu faktın özü “Ölkədə benzin və dizelin qiyməti qaldırıldı” kimi sadə bir cümləni yazmağa cəsarəti çatmayanların nə qədər aciz olduğunu təsdiqləyir. Ən acınacaqlısı da odur ki, onların əksəriyyəti ağızdolusu müstəqil mediadan, söz və mətbuat azadlığından dəm vurur, başqalarına yol göstərməyə, hətta master-klas keçməyə çalışırlar. Hələ elələri də var ki, abırsızcasına son qiymət artımına haqq qazandırmağa cəhd edir, bunun əhalinin sosial rifahına təsir etməyəcəyinə dair cəfəng mövqe sərgiləyir. Halbuki orta məktəb şagirdləri belə, bilir ki, yanacağın qiymətinin artması ən qısa zamanda bütün sahələrdə bahalaşmaya gətirib çıxarır. Bu isə pandemiya səbəbindən gəlirləri ciddi şəkildə azalan qara camaatın vəziyyətini daha da çətinləşdirir. Görünür, bu, “Qoy mən tox olum, özgələr ilə nədi karım, Dünyavü cahan ac olur olsun, nə işim var?!” devizi ilə yaşayan “çinovniklər“in heç vecinə deyil. Vallah və billah, belələri – ancaq qarnını güdən məmurlar, vəzifə sahibləri var olduqca məmləkət düzələn deyil!

Vazeh BƏHRAMOĞLU