Tarif Şurasının qərarı yoxsulluğu artıra, sosial fəlakətə səbəb ola bilər

918

Qubad İbadoğlu: “Tarif Şurasının qərarı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq”

Qadir İbrahimli: “Epidemiyanın büdcəyə vurduğu ziyanlar Dövlət Neft Fondu hesabına qarşılanmalıdır, camaatın cibinə girməklə yox”

Məhəmməd Əsədullazadə: “Bundan sonra qeyri-neft sektorunun inkişafı üçün görülən işlər səmərə verməyəcək”

Rövşən Ağayev: “Benzin və dizelin bahalaşması nəqliyyat sektoru üçün əlavə 300 mln. manata yaxın xərc yadacaq, bu xərclər isə istehlakçının cibindən çıxır

Xəbər verdiyimiz kimi, yanvarın 4-də Tarif Şurasının növbəti iclası keçirilib. Bu barədə qurumun rəsmi saytında yer alan informasiyaya görə, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib. Tarif Şurası isə aparılan sosial siyasəti nəzərə alaraq, təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib. Lakin iclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib: “Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Məlumat üçün bildirək ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada orta hesabla 1,0 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. Dizel yanacağının qiyməti isə 1 litr üçün Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat/litr, Gürcüstanda 1,15 manat səviyyəsindədir”.

“İctimai xidmətlərin, nəqliyyatda gediş haqqının, suyun, elektrik enerjisinin, digər kommunal xidmətlərin də qiyməti bahalaşdırılacaq”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzuya dair fikirlərini bölüşən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu hesab edir ki, Tarif Şurasının qərarı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq: “İlk növbədə taksi, ictimai nəqliyyat xidmətlərində, eləcə də nəqliyyatda daşımaların məsrəfi artdığına görə, istehlak mallarından tutmuş tikinti mallarınadək bahalaşacaq.

Ən çox bahalaşmaya məruz qalan sahələrdən biri də kənd təsərrüfatı məhsulları olacaq. Çünki kənd təsərrüfatı istehsalında dizel yanacağı daha çox istifadə olunur. Məlumat üçün qeyd edim ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 881,3 min ton dizel yanacağı, 1 milyon 66,3 min ton avtomobil benzini istehsal olunub. İstehsal olunmuş dizel yanacağının 25 faiz kənd təsərrüfatında istehlak olunub”. ADR Hərəkatının sədri bildirib ki, hazırkı qiymət artımı böyük özəlləşdirmə qabağı həyata keçirilən preventiv addımların bir hissəsidir: “Odur ki, bu son deyil. Digər ictimai xidmətlərin, nəqliyyatda gediş haqqının, suyun, elektrik enerjisinin, digər kommunal xidmətlərin də qiyməti bahalaşdırılacaq”.

“Tarif Şurasının neft istehsalçısı olan Azərbaycandakı qiymətləri benzini və dizel yanacağını idxal edən Gürcüstan, Belarus, Ukrayna və Türkiyə ilə müqayisə etməsi düzgün deyil”

Tarif Şurasının benzinin və dizel yanacağının qiymətinin bahalaşmasını əsaslandırmaq üçün 3 arqument göstərdiyini vurğulayan Qubad İbadoğlunun sözlərinə görə, Azərbaycandakı qiymətlər bir çox ölkələrlə müqayisədə dəfələrlə bahadır: “Birincisi, ölkəyə avtomobil idxalının artması; ikincisi, qonşu ölkələrdə benzinin qiymətinin bizdən baha olması; üçüncüsü isə 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin Avro-5 standartına tam uyğunlaşdırılmasına görə modernləşdirmə xərclərinin yüksəlməsi. 1) Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ilin 11 ayında 47.841 avtomobil idxal edilib, onlardan 4486-ı daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 146-ı yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri olub. 2019-cu illə müqayisədə avtomobil idxalı artsa da dizel yanacağının istehsalı aşağı düşüb, avtomobil benzinin istehsalı da cüzi artıb. Belə ki, 2019-cu ilin yanvar-noyabr aylarında 1041,9 min ton avtomobil benzini, 1911,2 min ton dizel yanacağı stehsal edidiyi halda, müvafiq göstəricilər 2020-ci ilin eyni dövründə 10 66,3 min ton və 1 881,3 min ton olub. 2) Qonşu ölkələrdə benzinin qiymətinə gəlincə, Rusiyanın Novosibirsk şəhərində satılan Aİ-92 benzinin qiyməti 94 qəpikdir. Rusiyada ötən ilin noyabr ayına olan orta aylıq əmək haqqı 1127 mana olub, bu Azərbaycandakı orta aylıq əmək haqqından 422 manat çoxdur. Bu hesabla orta aylıq əmək haqqına Rusiyada 1198 litr, Azərbaycana 705 litr benzin düşür. Tarif Şurasının neft istehsalçısı olan Azərbaycandakı qiymətləri benzini və dizel yanacağını idxal edən Gürcüstan, Belarus, Ukrayna və Türkiyə ilə müqayisə etməsi məsrəf amilinə görə iqtisadi cəhətdən düzgün deyil. Belə müqayisə neft istehsalçıları olan Türkmənistan, Qazaxıstan, İran, İraq, Qatar, Küveyt, İndoneziya, Misir, Liviya, Oman, Bəheyn, Səudiyyə Ərəbistanı, Venesuela, hətta ABŞ-la aparılanda məlum olur ki, Azərbaycandakı qiymətlər bir çox ölkələrlə müqayisədə dəfələrlə bahadır. 3) 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin Avro-5 standartına tam uyğunlaşdırılmasına görə modernləşdirmə xərclərinin artmasına görə məsrəfləri istehlakçılar nədən 1 il 6 ay və 2 il 6 ay qabaqdan ödəməlidirlər. Bu hansı məntiqlə izah oluna bilər ki, hələ istehlak etmədiyin yüksək standarta görə ödənişi əvvəlcədən edəsən”.

ABŞ-ın Rutgers Universitetinin professoru onu da əlavə edib ki, hökumətdən gələn məlumata görə, Aİ-92 markalı benzinin və dizel yanacağının bahalaşması ilə bağlı 2 variant nəzərdən keçirilib: “Xalqı və iqtisadiyyatı düşünən hökumət” mərhələli qiymət artımı variantına üstünlük verib. Bu qiymət artımlarından sonra növbəti bahalaşma Aİ-95 markalı benzinin qiymətində gözlənilir. Premium benzini bahalaşdırmaqda başlıca məqsədlərdən biri Aİ-92 markalı benzinin satışının azalmasının qarşısını almaqdır. Son məqsəd SOCAR-ı yaranmış çətin durumdan çıxarmaqdır. Hazırda SOCAR-ın qazancının 68,3 faizi daxili bazarda formalaşır. Ötən ilin 9 ayının nəticələrinə görə, SOCAR-ın ümumi gəlirləri 17 faiz azalıb. Odur ki, növbəti artımlar SOCAR-ın korporativ marağı üzrə premium benzində, qazın limitli satışının ləğvində və ya limitdən aşağı qiymətin bahalaşmasında ifadə olunacaq. Xatırladım ki, SOCAR-ın xarici borc öhdəlikləri üzrə əsas ödənişləri 2022-23-cü illər üzrədir və orta illik borc ödənişləri 2 milyard dollar ətrafındadır. Hazırkı qiymət artımı və sonrakı bahalaşmalardan əldə olunan vəsaitlər SOCAR-ın özəlləşdirməyə çıxarmamışdan əvvəl borclarını ödəmək üçün əlavə maliyyə mənbəyi formalaşdırmağa xidmət edir”.

“Tarif Şurasının benzinin qiymət artımını əsaslandırması nağıldır, hökumət təbii inhisarların xidmətlərini inzibati yolla artırmaqla büdcəni doldurmaq istəyir”

“Hürriyyət” xəbər verir ki, “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı ekspert Qadir İbrahimli isə bu qənaətdədir ki, Tarif Şurasının benzinin qiymət artımını əsaslandırması nağıldır: “Azərbaycan iqtisadiyyatı 2 sektordan ibarətdir – neft və xidmət sektoru. Karantin rejimi xidmət sektorunu əhəmiyyətli dərəcədə çökdürüb. Restoran-kafelər işləmir, turizm biznesi artıq yoxdur. Xidmət sektorunun büdcə daxilomalarında ciddi problemlər yaranıb. Vergi xidməti vəziyyətdən çıxmaq üçün xidmət sektorunun işlək vəziyyətdə olan müəssislərinin vergi yükünü artırıb. Gələk benzinin qiymətlərinə. Tarif Şurasının benzinin qiymət artımını əsaslandırması boş söhbət, yumşaq desək, nağıldır. Hökumət təbii inhisarların xidmətlərini inzibati yolla artırmaqla büdcəni doldurmaq istəyir. Birmənalı yanlış yoldur. Onsuz da sərt karantin rejimi sosial mühiti çox ağırlaşdırıb, yoxsulluğun və işsizliyin gerçək səviyyəsi xeyli artıb və artmaqda davam edir. Benzin və dizelin qiymətinin artması isə yeni sosial fəlakət mənbəyidir, qiymətlərin artımına təkan verəcək. Bu isə yoxsulluğu daha da artıracaq”.

İqtisadçı ekspert bildirib ki, hökumət ideoloqları 9 rayonun işğaldan azad olunması üzərində qurulan qələbə təbliğatından eyforiyaya qapılmamalıdır: “Sabah uşağına süd ala bilməyən və buna görə mənəvi, həm də təbii ki, fiziki məhv olan valideyn üçün bu qələbənin dəyəri olmayacaq. Tarif Şurasının məntiqi ilə sabahdan qaz, işıq, su da bahalaşa bilər. Ancaq büdcəni xilas etməyəcək, əvəzində böyük sosial böhranın başlanğıcı olacaq. Çünki vergi ödəyiciləri sürətlə yoxa çıxır. Nə etməli? Büdcənin yükünü azaltmaq üçün lazımsız dövlət xərclərinə son qoyulmalıdır. Məsələn, bu vəziyyətdə Gömrük Komitəsinin yeni inzibati binasının tikintisinə 30 milyon manat ayırmaq nəyə lazım idi? Guya gömrükçülər çadırda işləyirdilər? Eyni zamanda, başqa inzibati binaların təmir-tikinti xərcləri epidemiya başa çatana qədər dayandırılmalıdır.

Nəhayət, epidemiyanın büdcəyə vurduğu ziyanlar 40 milyard dollardan çox vəsaiti olan Dövlət Neft Fondu hesabına qarşılanmalıdır, camaatın cibinə girməklə yox. Ölkənin valyuta ehtiyatları epidemiya dövründən az ziyanla çıxmaq üçün yetərlidir. Yetər ki, hökumət rasional qərarlar qəbul etsin. Əks halda hökumət dəhşətli və qorxunc müxalifətlə üzləşəcək – ac xalq!”

“Yanacağın qiymətinin qaldırılmasının heç bir iqtisadi əsası yoxdur”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir ki, yanacağın qiymətinin qaldırılmasının heç bir iqtisadi əsası yoxdur: “Burada siyasi maraqlar var. Xalqın sosial vəziyyətinin yaxşılaşdırılması əvəzinə pandemiya dövründə yanacağın qiymətinin qaldırılması bütün ərzaq məhsullarının qiymətində artıma gətirib çıxaracaq. Odur ki, əhalinin sosial müdafiəsi istiqamətində kompleks addımlar atılmalıdır. Onu da qeyd edim ki, dizelin bahalaşması kənd təsərrüfatına zərbə vuracaq. Bu sahənin inkişafına çalışan sahibkarları çətin vəziyyətlə üzləşdirdilər”. Məhəmməd Əsədullazadənin sözlərinə görə, bundan sonra qeyri-neft sektorunun inkişafı üçün görülən işlər səmərə verməyəcək: “44 günlük Vətən müharibəsində xalq birlik nümayiş etdirdi. İndi isə müəyyən qruplar xalqın sosial vəziyyətinin ağırlaşmasına gətirib çıxaracaq qərar verdilər. Azərbaycan xammalı xaricdən gətirmir ki, yanacağın qiymətinin qaldırılması həyata keçirilsin. Ötən həftə prezident İlham Əliyev xalqın sosial vəziyyətinin yaxşılaşdırılması və müdafiəsi üçün islahatların aparılacağını qeyd etdi. Amma verilən qərar prezidentin bu siyasəti ilə tərs-mütənasib təşkil edir. Bunlar prezidentin çıxışından nəticə çıxarmaq istəmir”.

“Hazırkı qiymət artımı aqrar sektor üçün 1 il ərzində əlavə 70 mln. manata yaxın izafi xərc yaradacaq”

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevin fikrincə, dizel yanacağının qiymətini daha çox artırmaq ekologiyaya qayğı ilə əlaqələndirilirsə, hökumət ekologiyaya sədaqətini başqa yolla da sübut edə bilər: “Yanacağın qiymətinin artırılmasından əldə olunan əlavə gəlirlər hesabına ölkəyə elektromobillərin və hibrid maşınların gətirilməsinə subsidiya verilsin. Məsələn, dəyəri 20000 dollara qədər olan maşınlara idxal qiymətinin 25 faizi, 20000-30000 dollar intervalında olanlara isə 20 faizi qədər subsidiya ödənsin. Əlavə olaraq, həm hibrid, həm də elektromobillər 0 faiz rüsum və vergisiz idxal edilsin”. İqtisadçı ekspert onu da qeyd edib ki, mütləq fermerlər üçün kompensasiya olmalıdır: “Çünki aqrar sektorun bütün fəaliyyəti dizel yanacağı üzərində qurulub. Azərbaycanda dizel yanacağının 70 faizə yaxını nəqliyyat, 30 faizə qədəri aqrar sektorda istifadə edilir. Ən son enerji balansına görə, aqrar sektor 305 min ton dizel yanacağı istehlak edib. Hazırkı qiymət artımı aqrar sektor üçün 1 il ərzində əlavə 70 mln. manata yaxın izafi xərc yaradacaq. Eyni zamanda, benzin və dizelin bahalaşması nəqliyyat sektoru üçün əlavə 300 mln. manata yaxın xərc yadacaq. Sonda bu xərclərin hamısı istehlakçının cibindən çıxır”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini bildirib ki, hökumətin dizel yanacağının bahalaşması üçün ekologiyaya qayğı arqumentindən istifadə etməsi avtomobil parkının yaş strukturu mövzusunu yenidən aktuallaşdırır: “2014-cü illə müqayisədə 2019-cu ildə istismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin xüsusi çəkisi 17 faizdən 4 faizə enib, 10 ildən çox istismarda olanların payı isə 62 faizdən 77 faizə yüksəlib. Burda şübhəsiz ki, devalvasiyadan sonrakı dövrdə ölkədə sosial durumun pisləşməsi, bankların düşdüyü vəziyyətdən dolayı avtomobil kreditlərini məhdudlaşdırması ilə yanaşı, büdcə maraqları üçün gömrüyün vergi yükünün həddən artıq artırılması da öz rolunu oynamayıb. Son 5 ildə avtomobil idxalı üçün gömrük vergi-rusumlarının dinamikasına baxın, özünüz vəziyyəti görəcəksiniz. Daha maraqlı məqam odur ki, hökumət dizelin qiymətini artırmaqla bu yanacaq növünə stimulu azaltmağı hədəflədiyini deyir. Amma statistika göstərir ki, hətta qiymət artımı olmadan da bu proses gedir. 2013-2019-cu illərdə dizellə işləyən minik avtomobillərinin xüsusi çəkisi 10 faizdən 8.7 faizə enib. Öz növbəsində, dizellə işləyən yük maşınlarının və avtobusların sayı son 6 ildə 10 min ədəddən çoxdur. Xüsusi çəki isə 66 faizdən 53 faizə enib”.

Yeri gəlmişkən, Rövşən Ağayev də hesab edir ki, Azərbaycanda yanacağın qiymətini orta əmək haqqının alıcılıq qabiliyyəti əsasında başqa ölkələrlə, xüsusilə də Rusiya və Qazaxıstan, eləcə də inkişaf etmiş ölkələrlə müqayisə etmək yanlışdır: “Orta maaşın məbləğinin az və ya çox olmasına görə yox, tamam başqa səbəbdən deyirəm. Belə müqayisənin yanlış olmasının əsas səbəbi odur ki, Azərbaycanda məşğul əhalinin yalnız hər 3 nəfərindən biri əmək haqqı cədvəlinə qol çəkir. İnkişaf etmiş ölkələrdə həmin göstərici 90 faizin üzərindədir. Rusiya və Qazaxıstanda 80 faiz ətrafındadır. Bizdə məşğul əhalinin hər 100 nəfərindən 70 nəfərinin gəliri əmək haqqı deyilsə, belə müqayisənin nə əhəmiyyəti var? Hələ onu demirəm ki, bizim rəsmi statistikaya görə, maaş cədvəlinə qol çəkənlərin ən yaxşı halda 15 faizi orta əmək haqqına bərabər və ondan yüksək məbləğdə məvacib alır. İnkişaf etmiş ölkələrdə isə həmin göstərici 40 faizdən az deyil”.

Vazeh BƏHRAMOĞLU