Tanınmış şair-publisistdən İlham Əliyevə AÇIQ MƏKTUB

72

“2012-ci ilin yanvarında, babasının yaxın dostu kimi, həmin dələduz məni də toruna saldı…”

Cənab Prezident!

Əvvəla, özüm barədə məlumat verim. Mən maddi cəhətdən çox kasıb, mənəviyyatca zəngin kolxozçu ailəsində dünyaya gəlmişəm. Körpəlikdən atadan yetim qalmışam. Ehtiyac içində böyüyərək iki ali məktəb qurtarmışam. 82-illik ömrümün 60 ilini Azərbaycan mətbuatının, 40 ilini isə Azərbaycan ədəbiyyatının inkişafına həsr etməklə bahəm doğma Azərbaycan millətini, Azərbaycan torpağını, Müstəqil Azərbaycan dövlətini candan-ürəkdən sevən bir ziyalı, yazıçı-publisistəm və bu ideyyallar uğrunda yenə də yazıb-yaradıram. 40-dan çox bədii, publisistik əsərin – romanların, povestlərin, şeir toplularının, pyeslərin və sair oçerklərin, felyetonların müəllifi olsam da özlərini müxtəlif vasitələrlə gözə soxan yaltaqlardan, məddahlardan, buqəlamunlardan uzaqda dayanıb «mən də varam», deyərək özümü gözə soxmamışam… hər vaxt təmiz vicdanımla bir tikə halal çörəyimi, haramlıqla qazanılan var-dövlətdən, cəh-cəlaldan üstün tutmuşam və gözü-könlü tox yaşamışam.

Cənab Prezident!

Bunları söyləmklə ömrümün dağdan aşan vaxtında, nəyəsə nail olmaq fikrindən uzağam və həyatım boyu da belə bir fikrə düşməmişəm. Möhtərəm Prezidentimizə müraciətim ölkəmizi dolduran yalançıların, yaltaqların, faqqı-fıriqların və sair dələduzların, bir sözlə, varlıqlarını tamahgirlikdə, pulgirlikdə, alıb-aldatmaqda görən saysız hoqqabazlardan biri – vaxtı ilə «Yevrostroy» MMC tikinti kontorunun, indi isə «Sipark» tikinti şirkətinin rəhbəri, dələduzluqda faqi-fıriqlıqda məşhuri-cahan olan Seymur Nizam oğlu İsayevin bir sənəd adamının, peşəkar jurnalistin, tanınmış yazıçı-publisistin başına gətirdiyi müsibətləri bildirib Möhtərəm Prezidentimizdən kömək istəməkdir.

Kimdir həmin məşhuri-cahan dələduz Seymur İsayev? Vaxtilə Rusiyanın bazarlarında əlbəsə (şmotka), pamidor, meyvə satan küçə alverçisi. Bakıda tikinti bumu başlayanda o da şəhərimizə gələrək kimlərinsə köməyi ilə «Yevrostroy» MMC adlı tikinti kontoru açıb mənzil tikmək işinə girişdi və mənzilə ehtiyacı olanları alıb-aldatmaqla çoxlu pul-para qazandı.

2012-ci ilin yanvarında, babasının yaxın dostu kimi, həmin dələduz məni də toruna saldı. Guya Milli Akademiyanın işçiləri üçün, hər kvadratmetri 240 manata 2-ci Yeni Yasamal massivindəki Adil Əsədov küçəsində tikəcəyi binadan hər kvadratmeri 300 (üç yüz) manata bir mənzil də mənə vermək istəyində olduğunu dedi. Əvvəla, bina alimlər üçündür, mən isə alim deyiləm dedim.

O, gülüb dedi: Alim deyilsən, yazıçısan, ziyalısan, üstəlik rəhmətlik babamın yaxın dostusan. Razılaşmadım. – Mənim o qədər pulum hanı? Pensiya ilə dolanan adamam. Əlimdə, ovcumda nə var qızım üçün sən tikdiyin mənzilə verdim. O, gülərək əlavə elədi. Mən planla bu binanı 1 il yarıma tikib təhvil verməliyəm. Amma Sizi inandırıram ki, o, heç beş-altı ilə də tikilən deyil. O vaxta qədər sən də əlinə düşəndən hər ay az-az ödəyərsən, – deyib saqqızımı oğurladı. Razılaşdım. İki tərəfli müqavilə imzaladıq. On bir aydan sonra Seymur müqaviləni dəyişdi. Səbəb də onu qoydu ki, mənim 9-cu mərtəbədə olacaq mənzilimin qabağını qarşıdakı bina kəsəcək! Ona görə sənin mənzilini iki mərtəbə yuxarı qaldıraq. Yenə razılaşdım. O, köhnə müqaviləni pozub, yeni müqavilə yazdı. Baxdım ki, eyni blokda, üst-üstə olan mənzilimin ümumi sahəsi birdənbirə 9,7 kvadratmetr artıb? Seymur gülüb dedi: – Əmi, bu sənə aid deyil. Sən öz mənzilinin haqqını ödəyəcəksən. (Seymurun birinci dələduzluğu idi). Yenə inandım ona və mənzil haqqının 65 faizini (20 min manatını) ödədim. (O vaxt binanın ancaq beton karkasları qurulmuşdu).

2015-ci ilin avqust ayında mənzil haqqını ödəməyə gedəndə dedilər, rəhbərlik sizinlə bağladığı müqaviləni birtərəfli qaydada pozub. Yenə Seymuru axtarıb tapdım. Dedi ki, səhv olub, mənzil sənindir. Pulunu ödə. Mən dərhal rayona gedib qohum-əqrəbadan borc götürüb geri qayıdanda Seymuru tapmadım. Dedilər dostu Famillə qaçıblar,

Sən demə, Baş Prokurorluq Yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi «Yevrostroy»da baş verən maxinasiyalarla əlaqədar yoxlama aparıb və böyük fırıldaqlar aşkarlayıb. İdarənin qərarı ilə «Yevrostroy» MMC Kontoru bağlanıb, möhürü alınıb və cinayət işi başlayıb. Seymur da aranı xəlvət görüşüb xaricə qaçıb. Təqribən bir aydan sonra Seymurun qohumları mənə xəbər veridilər ki, bu yaxınlarda Seymur Bakıya qayıdacaq və mənzilin ödənilməmiş pulunu qəbul edəcək.

Dələduzun Bakıya qayıtması düz dörd il uzandı. 2019-cu il aprel ayının 12-də Seymur məni ofisə çağırdı. Hər şeyin yerbəyer olduğunu dedi və ödəncin qalan pulunu istədi. Mən dörd il əvvəl topladığım 13 min 300 manat pulu onun qənşərinə qoydum:

– 13 min 300 manatdır. Say qəbul elə!

O, gözünün ucu ilə pula baxıb: – Məmməd əmi, mən nə vaxtdı sənin gətirdiyin pulu saymışam ki, indi də sayım? Nə deyirsən qəbul edirəm. Bununla da borcum qurtarır, – dedim. Cavab verdi ki: Bəli, özü də artıqlması ilə.

Dedim: – Onda ödədiyim bütün pulların maliyyə arayışını və mənəzilin açarını ver!

Dedi: – İndi yox, 15 gündən sonra gəl apar. Çünki «Yevrostroy»un möhürü hələ də Baş Korrupsiya İdarəsindədir. Bu günlərdə alacağam. Və sənin maliyyə arayışını və mənzilin açarın verib, özünü də maşınımla yeni mənzilinə aparacağam. Kişi kimi söz verirəm.

Onun «kişi» sözünə inandım. 15 gündən  sonra ofisə gələndə dedilər Seymur elə həmin gündən gedəndir. Yenidən «Siporka» dönə-dönə get-gəllər başladı, hər dəfə də bir bəhanə ilə məni əliboş geri qaytarırdılar.

Nəhayət, 24.XII.2019-cu ildə başıma gətirilən hadisə barədə, Cənab Prezident, Sizə əvvəlcə teleqramm, sonra isə məktubla müraciət edim. Hər iki müraciət tədbir görülmək üçün Prezident Aparatından, Respublika Baş Prokurorluğuna göndərilib.

Cənab Prezident!

Elə o vaxtdan bəri – düz doqquz aydır, həmin teleqram və Prezident Aparatının tələbnaməsi Baş Prokurorluq, Bakı Şəhər, Yasamal və Nərimanov prokurorluqları və iki rayonun polis idarələri arasında dövrə vurmaqda və məni də özü ilə fırlatmaqdadır. Şikayətimə isə sadəcə məktubla cavab verirlər ki, müraciətiniz təhqiqatdadır. Sizə cavab veriləcək.

Sonradan məlum oldu ki, müraciətlər heç prokurorluqlara gəlib çatmayıb. Polis İdarəsinin tədqiqatçıları isə «müraciətdə cinayət tərkibi olmadığına görə» işi xətm edib, materiallar azdı və verilməsi barədə qərar çıxarıblar.

Bildirirəm ki, Nərimanov Rayon Prokurorluğu ilə «Sipark» ofisi arasındakı məsafə 400 metrdir. Amma prokrorlar dələduzu mənimlə üzləşdirməyə gətirmirlər. Bəlkə mən yalan deyirəm? Ona böhtan atıram? Dələduzu gətirin bura. Deyirlər gətirə bilmərik. Ona görə ki, buna bizim səlahiyyətimiz çatmır.

Maraqlı cavabdır. Əgər prokurorun bir fırıldaqçını idarəyə çağırmağa səlahiyyəti yoxdursa, onda bu qədər prokurorluq orqanları nəyə lazımdır? Boşlayın getsin. Dövlətin onlara verdiyi pul isə qalsın dövlətin kassasında.

Cənab Prezident İlham Əliyev!

Prokurorlar məni düz doqquz aydır ötür-ötür oyununa salmalarından belə nitcə çıxır ki, ya onlar öz vəzifə səlahiyyətlərinə laqeyd münasibət bəsləyir və dövlət qanunlarına barmaqarası baxırlar, ya da dələduzlardan, yalançılardan, fırıldaqçılardan və onların arxalarında duran «nəhəng balinalardan» qorxurlar. Belə olmasaydı, möhtərəm Prezidentə ünvanlanan teleqramm doqquz aydır boş-boşuna dövrə vurmazdı?

Cənab Prezident!

Bilirəm ki, Sizin vaxtınız daha məhduddur. Həm dünyanı lərzəyə salan «koronavirus», həm ölkəmizin daxili və xarici siyasətində baş verən hadisələr, həm də Azərbaycan məmurlarının bədnam işləkləri və s. problemlər Sizi daha çox məşğul edir. Ona da inanıram ki, möhtərəm Prezident az da olsa vaxt tapıb, «Açıq məktubumu» oxuyacaq və pozulmuş hüququm bərpa ediləcək və başıma gətirilən faciənin baiskarına öz yerini göstərəcək.

Hörmətlə və ehtiramla:                Məmməd Əfşan   (M.Məmmədov)

Ünvanım: Bakı şəhəri, Yasamal r-nu,

Mətbuat prospekti, ev 31, mənzil 9.

Əlaqə tel: (055) 331 89 00

 

                                                          02  sentyabr 2020.