“Tam və qəti qələbə qazanmaq üçün bütün mövqelərdə ermənilərdən üstün olmalıyıq” – QUBAD İBADOĞLU

177

“Bundan sonra onlar və biz Qafqazdan köçən deyilik, odur ki, dayanmalı deyilik, irəli getməliyik”

“”Global Firepower 2020″ hesabatına görə, dünyanın 138 ən güclü orduları arasında Azərbaycan 64-cü, Ermənistan 111-ci yerdədir. Bu və digər səbəblərdən də erməniləri döyüşdə böyük hesabla məğlub etdik”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

“Bir həftədir ki, atəşkəs bəyanatı imzalanıb, döyüşlər dayansa da erməni-azərbaycan müharibəsi davam edir və hələ yüz illərlə də davam edəcək” deyən ADR Hərəkatının sədrinin sözlərinə görə, bundan sonra onlar və biz Qafqazdan köçən deyilik: “Odur ki, dayanmalı deyilik, irəli getməliyik. Necə? Nə etməli? Hesab edirəm ki, tam və qəti qələbə qazanmaq üçün bütün mövqelərdə ermənilərdən üstün olmalıyıq. Məsələn, korrupsiya indeksində onlar nədən 198 ölkə arasında 77-ci, biz 126-cı olmalıyıq, hansı səbəbdən onlar iqtisadi azadlıq indeksinə görə dünyanın 180 ölkəsi arasında 34-cü, biz 44-cüyük? Niyə İQ (intelligence quotient-intellekt səviyyəsi) indeksinə görə onlar 94, biz 87 bala malikik və yaxud elmi məqalələrə istinadların sayına görə onlar dünyada 89-cu, biz isə 94-cü yerdəyik? Və yaxud da nəyə görə 15-24 yaşlı gənclərin Ermənistanda 47 faizinin, Azərbaycanda isə 13 faizinin bankda hesabı vardı? Sualları uzatmaq olar, amma burda saxlayıram”.

Siyasi söhbətlər aparıb məsələni qəlizləşdirmək istəmədiyini vurğulayan Qubad İbadoğlu qeyd edib ki, bu nəticələrin əldə olunmasında demokratiya, insan haqları, azadlıqlar üzrə indekslər də əhəmiyyətli rol oynayır: “Amma sual edirəm, nədən elm, intellekt, təhsil, iqtisadi azadlıq, korrupsiya və bəzi başqa sahələrdə ermənilər bizdən irəli olmalıdır? Onların nəyi bizdən artıqdır və yaxud bizim nəyimiz onlardan əskikdir. Təbii ki, bizim də onlardan irəli çıxdığımız sahələr vardır. Amma hesab edirəm ki, Azərbaycan olaraq bütün mövqelərdə onları qabaqlamalıyıq”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org