Taleyi müəmmalı olan çinli tələbə: O, dünyanın 100 ən nüfuzlu şəxsi siyahısına necə düşüb?

14

Çinin paytaxtı Pekində yerləşən Tyananmen meydanı dünyanın ən böyük meydanı sayılır. 1417-ci ildə salınmış bu meydan həm də “Xalq qapısı” adlanır. Tyananmen əsrlər boyu bir çox hadisələrə şahidlik edib, əlamətdar bayramlara, böyük sərgilərə, təntənəli marşlara və s. Amma bu meydan dünyada 1989-cu il iyunun 4-də daha çox “qanlı meydan” kimi tanınıb…

1989-cu ilin aprel-iyun aylarında Çin hökumətinə qarşı əhali narazılığını bildirəndə, onminlərlə insan etiraz əlaməti olaraq məhz Tyananmen meydanına çıxıb. Nümayişçilər əsasən tələbələrdən və ziyalılardan ibarət olub.

Dövlətin və hökumətin yarıtmaz iqtisadi və siyasi fəaliyyətindən narazı qalan kütlə meydanda şüarlar səsləndirib, ölkənin bütün sahələrində ciddi islahatlara ehtiyac olduğunu bəyan edib.

Üç aya qədər davam edən mitinq və nümayişlərdə minlərlə tələbə aclıq aksiyasına başlayıb. Təbii ki, Pekində gərginləşən vəziyyət dövlət rəsmilərini narahat etməyə başlayıb. Onlar etirazçılara meydanı tərk etmək tələbini irəli sürsələr də, bu cəhdləri baş tutmayıb. Nümayişçilər boş vədlərə inanmayıblar. Danışıqlar heç bir nəticə vermədikdən sonra, may ayının 20-də ölkədə hərbi rejimin tətbiq olunması qərara alınıb.

Hərbi vəziyyətin elan olunması heç nəyi dəyişməyib, əksinə, nümayişçilərin sayı artıb, təxmini statistikaya görə, meydanda olan insanların sayı yüz minlərlə hesablanıb.

Nəzarətdən çıxan paytaxt Pekində hakimiyyət öz qanunlarını bərqərar etmək üçün son vasitə kimi ordudan istifadə edib. İyunun 4-də Çin Silahlı Qüvvələrinin hərbi birləşmələri meydana daxil olublar. Qarşıdurma zamanı rəsmi olaraq 348 nəfərin həlak olması bildirilsə də, şahidlərin, hüquq müdafiəçilərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin söylədiklərinə görə, bu rəqəm 3 mini keçib. Böyük Britaniya mətbuatı isə bu rəqəmin 9 min olduğunu yazıb.

Çin rəsmiləri meydan hadisələrinin xarici mətbuata çıxmaması üçün bütün mümkün vasitələrdən istifadə ediblər. İxtişaşdan dərhal sonra hadisə zamanı meydanda olan jurnalistlərin kimlikləri müəyyənləşdirilib. Bir neçə saat ərzində onlardan foto və video materiallar götürülüb.

e1dede8df43f3c8d3bd9e67af44_prev.jpg (153 KB)

Tyananmen hadisəsi zamanı gənc bir tələbənin hərəkəti dünyanın diqqətini cəlb edib. Belə ki, meydana çoxsaylı tank karvanı daxil olarkən ərzaq mağazasından qayıdan tələbə əlində ərzaq səbəti ilə tank karvanın qarşısına keçib. Hərbçilər onu bir neçə dəfə kənara çəksələr də, o, yenidən qabaqda gedən tankın qarşısına keçib, hərbi zorakılığa etiraz əlaməti olaraq, zirehli texnikaların hərəkətinin dayanmasını tələb edib.

Bu səhnəni yaxınlıqdakı “Pekin” mehmanxanasının 6-cı mərtəbəsində olan  “Associated Press” agentliyinin fotomüxbiri Cef Uaydener kamerasının yaddaşına köçürməyə imkan tapıb. Bu çəkilişdən heç kim xəbər tutmayıb. İki gün sonra Cef Uaydener çəkdiyi fotoları çay qutusunda Çindən çıxarmağa müyəssər olub. Həmin şəkil dünyanın ən aparıcı kütləvi informasiya vasitələrində sürətlə tirajlanıb. Bununla da, Çində baş verən hadisələr, ordunun xalqın üzərinə yeridilməsi bütün dünyaya bəyan olub.

Həmin tələbənin kim olduğu bilinməyib. Bəzi versiyalara görə, o, 19 yaşlı tələbə Van Veylin olub. Məlumat dəqiq olmadığından, həmin tələbəyə şərti olaraq “Tank adam” adı verilib. 1998-ci ilin aprel ayında isə “Time” jurnalı onu “Naməlum üsyançı” adı ilə 20-ci əsrin 100 ən nüfuzlu şəxsi siyahısına salıb.

Həmin tələbənin sonrakı taleyi haqqında da müxtəlif versiyalar söylənilib. ABŞ xüsusi xidmət orqanlarının verdiyi məlumata görə, “Naməlum üsyançı” elə həmin saatlarda hərbçilər tərəfindən silahla qətlə yetirlib. Başqa bir versiyaya görə isə, “Tank adam” meydan ixtişaşlarından 14 gün sonra həbs olunub və həbsxanada aldığı işgəncələrdən vəfat edib.

“Associated Press” agentliyinin fotomüxbiri Cef Uaydener sonralar həmin səhnəni və “Naməlum üsyankarı” belə xatırlayıb: “Bu, əsl müharibə səhnəsinə bənzəyirdi. Kinolarda gördüyümüz qanlı müharibə səhnəsinə… Çin qoşunları heç nəyə məhəl qoymadan zirehli texnikanı insanla dolu meydana sürürdülər. Artıq meydanın əsas hissəsi təmizlənmişdi. Tank karvanı irəli gedirdi. Elə bu məqamda əlində ərzaq səbəti olan gənc bir oğlan irəlidə gedən tankın qarşısına keçdi. O, çox sakit şəkildə nə isə danışırdı. Mən “Pekin” mehmanxanasının 6-cı mərtəbəsindən onu eşidə bilməzdim. Arada təxminən 800 metr məsafə var idi. Amma hiss edirdim ki, bu gənc özünü çox təmkinli və sakit aparır. O, karvanın qarşısını saxlaya bildi, tanklar dayandı. Onu bir neçə dəfə kənara çəksələr də, o, yenidən öz mövqeyinə qayıdırdı. Mən imkan tapıb, bu səhnəni çəkə bildim. Bütün jurnalistika fəaliyyətimdə ilk dəfə belə cəsarətli adam görürdüm. O, əsl qəhrəman idi, tankdan, azğınlaşmış hərbçilərdən qorxmayan qəhrəman… Mən hökmən çəkdiklərimi dünyaya göstərəcəkdim. Bilirdim ki, bu çətin olacaq, yerli hakimiyət buna imkan verməyəcək. Amma mən istədiyimə nail oldum, çəkdiklərimi bütün çətinliklərə baxmayaraq, Çindən çıxara bildim və cəmisi bir neçə gündən sonra bu şəkil dünyanın bütün qəzetlərində, birinci səhifələrdə yer aldı. “Time” jurnalı isə məhz bu şəkilə görə onu 20-ci əsrin 100 ən nüfuzlu şəxsi siyahısına saldı…”

Tyananmen hadisələrindən sonra Çində kütləvi həbslər başlayıb, aksiya təşkilatçılarının bir çoxu  Çindən qaşmağa məcbur olublar. “Naməlum üsyançı” isə sülh carçısı kimi çinlilərin yaddaşına birdəfəlik həkk olunub./musavat.com/