Talaçay daşdı: 4 nəfər son anda xilas edildi

    12

    Zaqatala rayonu ərazisində Talaçayın məcrasından çıxması nəticəsində 4 nəfər sel təhlükəsi ilə üzləşib.

    Hurriyyet.org xəbər verir ki, bu barədə Trend-ə rayon icra hakimiyyətindən məlumat verilib.

    Məlumatda bildirilir ki, aramsız yağışlar nəticəsində Talaçay daşıb və Mazıx kəndində təhlükə yaradıb: "Hadisə nəticəsində kəndin sahəsində arıçılıqla məşğul olan 4 nəfər evə qayıdarkən təhlükəli sellə rastlaşıb. Sakinlər boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediləndən sonra onların həyatını xilas etmək mümkün olub. Sakinlər xilas edilərək ailələrinə təhvil verilib, hazırda onların vəziyyəti qənaətbəxşdir".

    Qeyd edək ki, mayın 11-dən 13-dək Zaqatala rayonuna güclü yağış yağıb. Hadisə nəticəsində Talaçayın Zaqatala rayonundan keçən hissəsində daşqın olub, 10-a yaxın kəndi su basıb, vətəndaşların əkin sahələri məhv olub.