Tacikistan COVID-19 üzrə regional ölüm rekordu vurub: virusun geniş yayılması prezidentin varis planını təhdid edir

48

Tacikistan COVID-19 qurbanlarının sayına görə Orta Asiyada birinci olub. Təkcə son sutka ərzində respublikada 202 yeni yoluxma qeydə alınıb, 3 nəfər ölüb. Səlahiyyətlilər, ölkədə epidemiyanı, nəhayət, tanıdıqdan sonra 30 apreldən bəri 1524 hadisə qeydə alınıb, 39 xəstə ölüb. Alternativ siyahıda isə 250-dən çox ölüm halı var.

Sayının günbəgün artmasına və bu gün də orta hesabla 200 nəfərin yoluxmasına baxmayaraq, Tacikistan qonşu ölkələrdə görülən sərt tədbirləri tətbiq etməkdən çəkinir. Səlahiyyətlilər əhalinin əksəriyyətinin özünütəcrid olunmasının tərəfdarı olduqlarını söyləyirlər.

Buna görə də, karantinə girməyə ehtiyac yoxdur, xüsusilə də koronavirus artıq ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurub.

Məktəblilər və tələbələr üçün istisna edilib. Avqustun sonuna qədər onlar tətilə buraxılıblar. Uşaq bağçaları bağlanıb. Mayın 12-dən etibarən gözəllik salonları, telefon satış nöqtələri və avtomobil yuyucuları qapadılıb. Bununla yanaşı, “Asia Plus” informasiya portalının bildirdiyinə görə, taciklər normal həyat sürürlər: Düşənbədə ictimai nəqliyyatda sıxlıqdır, insanlar hələ də istənilən vaxt evlərini tərk edirlər. Bu, virusun nəzarətsiz yayılması təhdidini qüvvədə saxlayır.

Səhiyyə və Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, respublikada koronavirus üçün test edə bilən yalnız bir laboratoriya var. Onun potensialı gündəlik 250 testə qədərdir. Bu sürətlə əhalinin ən azı 1%-inin yoxlaması təxminən 400 gün çəkəcək.

Artıq respublikadakı bütün xəstəxanalarda sıxlıqdır. Sosial şəbəkələrdə insanlar əhvalatlar paylaşır, rüşvətə görə xəstəxanada yer tapa bilməyəcəklərimi söyləyirlər.

Bu yaxınlarda Tacikistan parlamentinin aşağı palatasının spikeri və baş prokuror xəstəxanalardan buraxılıb. Koronavirus Tacikistanın Xalq Demokratik Partiyası sədrinin müavini Xayriniso Yusifi də yaxalayıb. Xəstə olanlar arasında Dövlət Milli Təhlükəsizlik Komitəsinin yüksək vəzifəli 14 işçisi var.

Mayın 17-də baş nazirin keçmiş müavini, Təhlükəsizlik Şurasının keçmiş katibi və Tacikistan Sərhəd Qoşunlarının keçmiş komandiri general-leytenant Abdurrahmon Əzimov vəfat edib. O, COVID-19-dan vəfat edən üçüncü general olub.

Tacikistan elmi əvəzolunmaz itkilərə məruz qalıb: Pənckənt şəhəri təhsil şöbəsinin keçmiş müdiri, Danqarin Dövlət Universitetinin prorektoru və Milli Universitetin professoru, məşhur dilçi Bəhriddin Kamoliddinov, filologiya elmləri doktoru, professor Fərhod Hüseynzoda ölüblər.

Ölümlərin alternativ siyahısına pnevmoniya və koronavirus xəstələrini müalicə edən 40 həkim də daxildir.

Xatırladaq ki, ölkə hakimiyyəti Tacikistanda koronavirusun olmadığını israr edir və yalnız mövsümi sətəlcəmin (SARS) varlığı iddia olunur. Buna görə də, həkimlərin xüsusi qoruyucu vasitələri yoxdur, maskalar və xüsusi geyimləri özləri alırlar.

Bu arada, dost ölkələrdən gələn humanitar yardım anbarlarda toz yığır. Yalnız indi bunu prezident Emoməli Rəhmon və onun ətrafı adından yaymağa başlayıblar. Rejimin tənqidçiləri hökuməti siyasi divident üçün pandemiyadan istifadə etməkdə ittiham edirlər.

“Radio Ozodi”-nin (“Azadlıq Radiosu”nun Tacikistan xidməti) verdiyi məlumata görə, hər gün televiziyada həkimlər üçün fərdi qoruyucu vasitələr və lazımi dərmanlar şəklində xəstəxanalara humanitaryardım göndərən “Millət Liderinin Xeyriyyə Təşəbbüsünün (MLXT)” müxtəlif kampaniyaları göstərilir.

Bundan əvvəl dövlət televiziyası, prezidentin həkimlərə və koronavirus xəstələrinə dəstək olmaq üçün MLXT-nin 45 humanitar yardım maşını göndərdiyini bildirilmişdi.

Rəsmi media “yerli sahibkar” və prezident Rəhmonun kürəkəni Şəmsullo Soxibovun 25 humanitar yardım maşınını Xatlon bölgəsinin xəstəxanalarına və ehtiyacı olan əhaliyə göndərdiyini xəbər verib.

Ekspert Pərviz Mullocanovun fikrincə, “prezidentin və hökumətin xalq naminə yaxşı işlərinin” geniş təbliği böhran dövründə hakimiyyətin imicini qorumaq cəhdidir. “Hökumət etibarlılığı və reytinqini itirmək niyyətində deyil. Xüsusilə, iqtisadi böhran şəraitində ölən və yoluxanların sayının artması ona sərf eləmir. Axı prezident seçkiləri yaxınlaşır”.

Payızda Tacikistanda prezident seçkiləri baş tutmalıdır, hakimiyyətin təhvil verilməsi və ya prezident Emoməli Rəhmonun növbəti dəfə seçilməsi ilə bağlı fərqli şayiələr yayılır.

Tacikistanın “İslahat və İnkişaf Naminə” hərəkatının lideri Şarofiddin Qadoyev deyib: “Hakimiyyət xarici dövlətlərdən kömək alır. Bütün bu COVID-PiaR-ı Rəhmonun niyə təşkil etdiyini anlamaq çətin deyil. 28 illik hakimiyyəti dövründə ölkəni siyasi və iqtisadi bərbad vəziyyətə gətirib. İnsanlardan oğurlanan humanitar yardımlarla dolu bir neçə yük maşını ilə Rəhmon çoxsaylı cinayətləri, geniş yayılmış korrupsiya, qohumbazlıq, oğurluq və Tacikistanda onun günahından baş verən bütün dəhşətləri gizlətməyə çalışır”.

Siyasətçinin fikrincə, Rəhmonun əsas vəzifəsi hakimiyyətin varisi Rüstəm Emoməliyə təhvil verilməsi olaraq qalır. “Bir cüt yük maşını” ilə mərhəmət atasının günahını gizlətmək üçün yetər və onun hakimiyyətə gəlməsinə kölgə salmaz”.

“Tacikistanda koronavirusun yayılması getdikcə güclənir və problemə çevrilir”. Bunu DST-nin COVID-19 ekspert missiyasının rəhbəri, doktor Patrik O`Konnor ölkədəki vəziyyəti araşdırdıqdan sonra deyib.

Düşənbədəki mətbuat konfransında o, vəziyyətin narahatverici olduğunu, təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.

Ondan əvvəl Dünya Bankının mütəxəssisləri Tacikistanda Koronavirus Hallarına Reaksiya Layihəsi çərçivəsində COVID-19-la bağlı vəziyyətin inkişafının mümkün ssenarilərini proqnozlaşdırıblar: 72 mindən 230.500-ə nəfərə qədər ağır xəstə, reanimasiya və intensiv müalicə tələb edən 13.600-dən 43.500-ə qədər kritik hallar və 6.600-dən 21 minə qədər ölüm.

Viktoriya Panfilova

“Nezavisimaya qazeta, 18.05.2020

Tərcümə: Strateq.az