“Təzyiqlərə baxmayaraq, sözümü mikrofonsuz dünya ictimaiyyətinə çatdırdım”

111

Sabir Rüstəmov: “Təşkilatçılar və erməni diplomatlar sinəmdəki Azərbaycan gerbi və kürəyimdə Azərbaycan sözünü görəndə, imkan vermədilər ki, sualımı verim”

“Təşkilatçılar və erməni diplomatlar mənim sinəmdəki Azərbaycan gerbi və kürəyimdə Azərbaycan sözünü görəndə, imkan vermədilər ki, sualımı verim. Təşkilatçılara da bildirmişdim ki, Azərbaycan heyəti bura provokasiya etməyə gəlməmişdi. Orada Azərbaycan heyətindən bir xanım iştirak edirdi. O sadəcə rus vətəndaşı idi. Mən ondan xahiş etdim ki, səfirə sual versin. Sual verdi ki, cənab səfir, ömür boyu Qarabağ Azərbaycanın əzəli torpağı olub, siz o torpaqlardan valideynlərimizi qovubsunuz. Bəs buna nə deyə bilərsiniz?…” Bunu “Hürriyyət”ə Qərbi Azərbaycan Gənclər Təşkilatı idarə heyətinin üzvü, Çində təhsil alan, Prezident mükafatçısı Sabir Rüstəmov bildirib.

O, bu sözləri Rusiyanın Pyatiqorsk şəhərində keçirilən “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumunda erməni diplomatların provokasiyası zamanı başına gələnləri danışarkən deyib. Nəticədə ermənilərin təxribatıyla üzləşən Sabirin Rusiyaya girişi qadağan edilir və “qara siyahı”ya daxil edilir. Adı “qara siyahı”ya daxil edilmiş gənc diplomat bugünlərdə Rusiya saytının yaydığı 76 nəfərlik siyahıya daxil edilmiş gənclərdəndir.

– Siyasətçilərdən ölkəmizdə ən sevdiyiniz kimdir?

– Ən sevdiyim siyasətçi Heydər Əliyevdir. Çünki Ulu öndər həm Azərbaycanda, həm də bütün MDB ölkələrində, dünyada tanınmış siyasətçilərdəndir. Mən onun daxili və xarici siyasətdə atdığı addımları çox bəyənirəm. Onun hakimiyyətdə olduğu dövrdə ölkəmizin inkişaf və tərəqqisinin əsası qoyuldu. Bu gün onun siyasətini cənab prezident İlham Əliyev layiqincə davam etdirir. Onun həm daxili, həm də xarici siyasətini bəyənirəm. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətini bəyənirəm. Çox ağıllı və uzaqgörən siyasətçidir. Bu dediyim siyasətçilərdən nümunə götürmək olar.

– Sizcə, beynəlxalq əlaqələr üçün xarici dil vacibdirmi?

– Dil biliyi mütləqdir. İlk öncə öz ana dilini mükəmməl bilməli, daha sonra xarici dil öyrənməlisən. Bu gün rus və ingilis dili beynəlxalq dil hesab olunur. Bu dillərin hər ikisini bilmək üstünlük göstəricisidir.Yaxşı tərcüməçilərə isə daim ehtiyac var. Amma gənc diplomat, gənc siyasətçi beynəlxalq tədbirdə özü xarici dildə danışsa daha məqsədəuyğun olar. Cənab prezidentimizi misal göstərək. O, bütün beynəlxalq tədbirlərdə xarici dildə səlis və gözəl nitqlə çıxışlar edir. Həmçinin beynəlxalq əlaqələrdə öz tarixini, mədəniyyətini və adət-ənənənlərini bilmək vacibdir. Çünki Azərbaycanı xaricdə təmsil edən şəxs bunlara digər millətlərə də çatdırlmalıdır. Düşünürəm ki, gələcəyin diplomatı ünsiyyətcil olmalıdır.

– Hansı azərbaycanlı yazıçıların əsərlərini oxuyursunuz?

– Azərbaycanın köhnə yazıçı və şairlərinin də əsərlərini oxuyuram. Nizami Gəncəvinin “Xəmsə”sini oxumuşam. Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Məhəmməd Füzuli, Nəsimi və digərlərinin əsərlərini oxumuşam. Azərbaycanın zəngin ədəbiyyatı var. Bu gün gənclər vaxtlarını düzgün dəyərləndirməlidir. Sosial şəbəkələrdə yazıçılarımızı, memarlarımızı, şəhidlərimizi təbliğ etməliyik. Biz bunları bir gün deyil, hər gün yada salıb və davamlı olaraq təbliğat işləri aparmalıyıq. Sosial şəbəkələrdə Qarbağ mövzusu birinci olmalıdır.

– Gənclərin kitab oxumaq məsələsi illərdir ki, problemli qalır. Sizcə, kitab seçimi düzgün deyil, yoxsa oxumaq istəmirik?

– Doğru vurğuladınız. Bu gün bəzi gənclər kitab oxumurlar. Texnologiyanın inkişafı gənclərdə kitaba marağı azaldıb. Gənclərimizin əksəriyyəti heç texnologiyadan da düzgün istifadə etmir. Sanki özlərinə fayda verəcək şeylərdən qaçırlar. Kitab oxumaq dünyagörüşümüzü artıra biləcək ən sadə variantdır. Həmçinin gənclərimizə muzey və teatrlara mütəmadi olaraq getməyi məsləhət görürəm. Əsərlərimizi, tamaşalarımızı yaxşı bilməliyik ki, digər ölkələrin içərisində layiqincə təbliğ edə bilək.

– Hazırda orduda təlim toplanışlarına çağırış həyata keçirilir. Bəs, siz könüllü olaraq ordu sıralarına yazılmısız?

– Bəli, mən də könüllü olaraq ordu sıralarına yazılmışam. Azərbaycan gənci olaraq, Ali Baş Komandanımızın əmrini gözləyirəm. İnanıram ki, hər bir Azərbaycan kişisi bu əmri səbirsizliklə gözləyir. Tez bir zamanda bizim şəhidlərimizin adını daşıyan işğal olunmuş ərazilərimizdə məktəblər və küçələr açılacaq. Bayrağımız Xankəndində, Şuşada dalğalanacaq.

– Basketbol üzrə ölkəmizi təmsil etmisiniz. Sizcə, ölkəmizdə idman sahəsində irəliləyiş varmı?

– Bu gün ölkədə idman sahəsi günü-gündən inkişaf edir. Lakin çox təəssüf ki, bu inkişafı basketbol sahəsinə aid etmək olmaz. Bu sahədə gənclərə nə maddi, nə də mənəvi cəhətdən lazım olan diqqət ayrılır. Məşq zalları azdır, forma təmin edilmir, məvacibin azlığı da oyunçunu ruhdan salır. Yaxşı oyunçular ya ölkəni tərk edir, ya da basketboldan uzaqlaşırlar. Təəssüf ki, ən yaxşı məşqçilərdən biri Elxan Əliyev də işdən uzaqlaşdırıldı. Digər idman növlərinə daha çox diqqət edilir. Məsələn, güləş, boks kimi idman növlərini deyə bilərik. Azərbaycanda keçirilən yüksək səviyyəli idman tədbirləri ölkədə idman olan diqqətin bariz nümunəsidir. İdman tədbirlərinin özü elə beynəlxalq əlaqələrin bir növüdür. Ümid edirəm ki, Azərbaycanda basketbok idman növünə də diqqət ayrılacaq və inkişaf edəcək.

Rusiyaya girişinizə qadağa qoyulmuşdu. Qadağa götürülübmü?

– Xeyr, hələ də “qara siyahı”dayam. Mənə Rusiya hava limanında “qara siyahı”ya düşməyim barədə deyilmişdi. Rusiyanın Pyatiqorsk şəhərində keçirilən “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumunda erməni diplomatlar provokasiyaya əl atıb. Bizə təşkilatçılar bildirməmişdilər ki, qonaq qismində kimlər gələcək. Ayın 11-i bildik ki, qonaq qismində iştirak edənlərdən biri də Ermənistanın Rusiyadakı səfiridir. Mən erməni səfir iştirak edən panelə özümü yazdırdım və o paneldə iştirak etdim. Ermənistan səfiri danışmağa başlayandan 15 dəqiqə sonra “Qarabağ ömür boyu erməni torpağı olub və burada azərbaycanlılar yaşamayıb.

Həmişə də erməni torpağı olacaq” deyə, bildirdi. Təşkilatçılar və erməni diplomatlar mənim sinəmdəki Azərbaycan gerbi və kürəyimdə Azərbaycan sözünü görəndə, imkan vermədilər ki, sualımı verim. Təşkilatçılara da bildirmişdim ki, Azərbaycan heyəti bura provokasiya etməyə gəlməmişdi. Orada Azərbaycan heyətindən bir xanım iştirak edirdi. O sadəcə rus vətəndaşı idi. Mən ondan xahiş etdim ki, səfirə sual versin. Sual verdi ki, cənab səfir, ömür boyu Qarabağ Azərbaycanın əzəli torpağı olub. Siz o torpaqlardan valideynlərimizi qovubsunuz. Bəs buna nə deyə bilərsiniz?” Erməni səfir Azərbaycanın heç vaxt kompromisə getmədiyini, daha sonra Azərbaycanın vandalizmlə məşğul olduğunu, erməni kilsələrini dağıtdığımızı dedi.

– Mediada yazılan xəbərlərə görə,  ayağa qalxıb və uca səslə erməni səfirinə suallarını ünvanlamısınız…

– Təzyiqlərə baxmayaraq, mən dözə bilmədim və ayağa durdum. Mikrofonsuz öz sözümü dünya ictimaiyyətinə çatdırdım. Bildirdim ki, 25 ildən çoxdur Qarabağımızı işğal ediblər. Bir milyondan çox azərbaycanlı doğma yurdundan didərgin düşüb. Daha sonra BMT-nin qətnamələrini zaldakıların diqqətinə çatdırdım. Bütün bunları danışanda, mənim üzərimə erməni qadınları hücuma keçməyə başladı. Məqsədləri isə mənim sözümü kəsmək və danışmağa icazə verməmək idi. Sonra erməni jurnalistə müsahibə verdim.

(ardı var)

YƏHYA