“Təzminat əvəzində ərazilərimizi Ermənistandan geri almalıyıq”

288

Elşad Müsayev: “Zaman gələcək, ermənilər gəlib bizə yalvaracaq ki, bizə tərkibinizdə muxtariyyət verin, sizinlə bir yerdə yaşayaq”

“Milli birliyimiz sona qədər qələbəmizi təmin edəcək”

“Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinə niyə milyonılar tökür? Qafqazda gücünü saxlamaq üçün. ABŞ da Gürcüstanı Rusiyanın cəngindən çıxarmaq istəyir…”

“Rusiyanın özü də parçalanma mərhələsindədir… Rusiya parçalanacaqsa, hərə onun bir tərəfinin tutacaq”

Noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistanın dövlət rəhbərləri arasında imzalanmış Dağlıq Qarabağ sülh bəyannaməsi həm cəmiyyətimizdə, həm də dünyada geniş müzakirə olunmaqdadır. Bəs, bu bəyannamənin ardınca bölgədə təmin olunacaq sülhdə tərəflərin qazandığı və itirdikləri nələr olacaq? Mövzu haqqında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Müsayevlə müzakirə apardıq.

(Əvvəli ötən sayımızda)

– Doğrudur, Pakistanın haqqını vermək lazımdır. Hazırki geosiyasi mənzərədə ABŞ-ın həm Sakit okeanda, həm Qara dənizdə, həm Ukraynanın ərazisindən Rusiyaya yaxınlaşmasını, həm Polşada, Ruminiyadakı bazalar vasitəsilə mühasirə vəziyyəti yaratdığını görürük. Bura ABŞ-ın dünən çox sayda Rusiya şirkətlərinə sanksiyalarını da əlavə etməliyik. Bu vəziyyətdə Rusiyanın Ermənistanı əlində saxlamaq imkanı nə qədər olacaq? Rusiya Ermənistanda hakimiyyət dəyişikliyində nə qədər istəklidir? Azərbaycanın Türkiyə ilə, Gürcüstanın ABŞ-la yaxınlaşdığını, Rusiya iqtisadiyyatının çöküşə getdiyini nəzərə alsaq, buna gücü çatacaqmı?

– Bayden hakimiyyəti dövründə Rusiyanın daha çox sıxılacağı görünür. Faktiki mühasirə vəziyyətindədir. Tramp Çini rəqib görürdüsə, Bayden Rusiyanı rəqib görür. Səbəb odur ki, Bayden kürəsəl sərmayənin adamıdır. Çoxları deyir ki, Çin necə ayağa qaldırdı? Çin iqtisadiyyatını da kürəsəl sərmayə ayağa qaldırıb. Çin iqtisadiyyatının maliyyəsinin 70%-I kürəsəl sərmayənindir. Bu kürəsəl sərmayə həm də Trampla yola getmir. Çünki Tramp ABŞ-ı milli dövlət kimi saxlamaq istəyirdi, milli dövlətçiliyi dəstəkləyirdi. Putin də, Ərdoğan da milli dövlətçiliyi dəstəkləyir.  Kürəsəl sərmayənin sahib olduğu KİV-lər Baydeni dəstəklədi. Makron da, Paşinyan da kürəsəlçi kəsimin adamlarıdır. Ermənistanın 1,7 milyon nəfər əhalisi var. Rusiya çalışacaq ki, Ermənistanı nəzarətdə saxlasın. Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinə niyə milyonılar tökür? Qafqazda gücünü saxlamaq üçün. ABŞ da Gürcüstanı Rusiyanın cəngindən çıxarmaq istəyir.

Bizə düşmənçilik edən Fransanın ölkəmizdə şirkətləri var. Azərbaycanın bir çox ölkələrlə böyük iqtisadi əlaqələri var. Böyük İpək Yolu bu bölgədən keçir. Zəngəzur dəhlizi açılandan sonra Orta Asiyadan Xəzər dənizi vasitəsilə düz Avropaya çıxacaqlar. Hamı da bu iqtisadi layihədə yer almaq, özlərini qarantiyaya almaq istəyir. Ermənistanın məsələsini təcili həll etmək istəyirik. BP burada olduğuna görə, ermənilər kəmərlərə heç nə edə bilmədi.

– ABŞ Gürcüstanı öz “forpostu” kimi təsdiq edəndən sonra, Ermənistanı da Rusiyanın əlindən almaq istəyəcəkmi?

– ABŞ və Türkiyə NATO-nun üzvüdür.  Amma ABŞ-ın ən böyük səfirliyi Ermənistandadır. ABŞ Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq istəyir. Bu da bizə sərfəli variantdır. ABŞ kimi böyük ölkələrin siyasi institutları 40-50 illik projeləri olur.

– Rusiya Ermənistanın ABŞ-ın təsir dairəsinə girməməsi üçün onu Türkiyənin patronajına verə bilərmi?

– Rusiya pərdəarxasında bizə də, Türkiyəyə də şans verdi ki, Ermənistanın başını əzək, bu da münasibətləri qurmaq üçün bir addım idi.

– Ermənistanın Rusiya və Türkiyə arasında bölünməsi ola bilərmi?

– Ermənistana qarşı iddialar qaldırılıb. Zaman gələcək, ermənilər gəlib bizə yalvaracaq ki, bizə tərkibinizdə muxtariyyət verin, sizinlə bir yerdə yaşayaq. Biz sizlə bir yerdə yaxşı yaşamışıq. Biz təzminat məsələsi qaldırırıq, onlar təzminat verə bilməyəcək. Bunun əvəzində ərazilərimizi geri almalıyıq. Bu da ərazini işğaldan azad etməyin bir yoludur. Ermənistan ərazisi bizim torpaqlardır.

– Elşad bəy, Ukrayna və Rusiya arasında Krımın azad olunması üçün müharibə başlayacağı ehtimalı var. Türkiyə prezidenti Ərdoğan isə Krımın türklərə məxsus olduğunu, türk torpağı olduğunu deyib. Sizcə, prezident bununla nəyi nəzərdə tutur? Ukraynanın ABŞ və Qərbə yaxınlaşdığını nəzərə alsaq, Ərdoğanın bu gedişini məhz ABŞ və Qərbə qarşı türk nöqtəsi yaratmaqla Ukraynada mövcudluğunu qarantiya altına almaq istəməsi kimi başa düşə bilərikmi?

– Krımda türklər yaşayıblar. Qazaxıstandakı türklər mərhələrlə Krıma qayıtdılar. ABŞ və Qərb onsuz da Ukrayna ilə işləyir. Ukraynanı Rusiyanın cəngindən qopartdı. Rusiyanın özü də parçalanma mərhələsindədir. Rus xalqının Avropalılardan fərqi budur ki, onlar dözümlüdürlər. Rusiyanın ərazisi böyükdür. Yeməyi olmasa çayın buzunu qırıb balıq tutur. Rus millətini ayaqda tutan çətinliklərdə hədəf tapmasıdır. Türkiyə artıq əvvəlki deyil, güclənib. Türkiyə öz maraq dairəsində olan ərazilərdə, dövlətlərdə sözünü demək iqtidarındadır. Krım da elə bir nöqtədir. Ərdoğanın böyük layihəsi dünyada olan bütün türk nöqtələri ilə əlaqə qurmaqdır. Söhbət vahid dövlət çərçivəsində birləşməkdən getmir. Avropa ittifaqı kimi bir qurum olmaq üçün iqtisadi baza, resurs və hərbi güc olmalıdır. Ərdoğan çox qərarlı adamdır. Bizim XİN rəhbəri Ceyhun Bayramov Moskvadakı atəşkəs danışığında 11 saat iştirak etdi. Lavrov da o məktəbi keçmiş adamdır.

– Ərdoğanın Krımda türk nöqtəsi yaramaq fikri varsa, Rusiyanın buna reaksiyası necə olar?

– Krım de-fakto Rusiyada olsa da, de-yure Ukraynadadır. Ukrayna ilə birlikdə Türkiyənin hərbi layihələri var. Krımdakı türk nöqtəsi məsələsinə gəldikdə isə, Türkiyə elan edib ki, harada türk varsa orada bizim maraqlarımız var.

– Amma ABŞ-ın Krıma gəlməyindənsə, Türkiyənin orada olmasına loyal yanaşa bilməzmi?

– Rusiya parçalanacaqsa, hərə onun bir tərəfinin tutacaq. Suriyada ABŞ qoşunlarını geri çəkdiyi mövqelərdə yerini Rusiyaya verdi. Qarabağ məsələsində də Rusiya-Türkiyə arasında hansı danışıqlar gedir, onu biz bilmirik. Hər kəsin sahib olduğu informasiya qədər bilgisi var. Ona görə biz bu məsələdə dövlətin yanında olmalıyıq. Bizim milli birliyimiz sona qədər qələbəmizi təmin edəcək.

Ülviyyə ŞÜKÜROVA