“Təkliflərimiz paket halındadır, bəzilərini qəbul edib, digərlərini qəbul etməmək olmaz” – ARİF HACILI

93

“Milyonlarla vətəndaşın evdə qalmasını tələb edən, iş yerlərini qapadan hakimiyyət vətəndaşları maddi cəhətdən təmin etməyə, onların biznesini qorumağa borcludur”

“Bəzi hakimiyyət nümayəndələri epidemiya dövrü ilə əlaqədar təkliflərimizə müsbət yanaşdıqlarını bildirir. Bizim təkliflərimiz paket halındadır. Bəzilərini qəbul edib, digərlərini qəbul etməmək olmaz”. Hurriyyet.org xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Partiya başqanı bildirib ki, milyonlarla vətəndaşın evdə qalmasını tələb edən, iş yerlərini qapadan hakimiyyət vətəndaşları maddi cəhətdən təmin etməyə, onların biznesini qorumağa borcludur: “Öyünəndə Amerikadan, Almaniyadan danışan rejim nümayəndələri o ölkələrdə hər ay fərq qoymadan hər bir vətəndaşa 1000 dollardan, 1000 avrodan artıq vəsait, müraciət edən hər kəsə tələbatına uyğun ərzaq verildiyini bilirmi? Azərbaycanda virusa yoluxanların, dünyasını dəyişənlərin sayı iyun ayında əvvəlki aylara nisbətən xeyli artıb. Dünən daha bir antirekord qırıldı. Müvafiq olaraq karantin şərtləri də sərtləşib”. Arif Hacılı qeyd edib ki, artıq vətəndaşların qara günə saxladıqları ehtiyatlar da tükənib: “Belə olan halda iyun ayında onsuz da az olan, onsuz da aztəminatlı əhalinin məhdud dairəsini əhatə edən 190 manatın kəsilməsinin izahı nədir? Ən azı iyun və iyul aylarında 190 manat müavinətlər ödənməli, yardımların daha çox əhaliyə verilməsi təmin edilməli, orta və xırda biznesin xilası üçün xüsusi dövlət proqramı hazırlanıb həyata keçirilməlidir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org