Təhsilin distant təşkili ilə bağlı dəyişikliklər

153

Təhsil naziri Emin Əmrullayev Azərbaycanda tədris prosesin dekabrın 1-dək distant qaydada təşkili ilə bağlı brifinq keçirib.

Mətbuat konfransında Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilməsi ilə bağlı qaydalara dəyişikliklər müzakirə edilib.

VPN istifadə edənlər çətinliklə qarşılaşa bilərlər

Nazir deyib ki, müəllimlər və şagirdlərlə birgə nə qədər çətin olsa da, bu mürəkkəb prosesdən çıxacaqlarına əmindir. “Ölkədə “Teams” kimi platformalarda kifayət qədər işlər görülüb. Aidiyyatı dövlət qurumları ilə birgə həmin platformanın işləməsi üçün testlər aparılıb. Həmin platformalar növbəti həftələrdə VPN-siz işləyəcək. VPN istifadə edənlər çətinliklərlə qarşılaşa bilərlər”,- o bildirib.

“Son 10 gün ərzində hazırlıq işləri aparılıb”

Emin Əmrullayev qeyd edib ki, tədris 2 noyabrdan dekabrın 1-dək distant formada aparılacaq: “Bu qərarın icrası müəyyən çətinliklər yaradacaq. Ötən dövrlərdə onlayn-distant təhsillə bağlı təcrübə var, müəllimlər və ailələr çətinliklərlə üzləşsə də, bu üsulla növbəti bir neçə həftədə təhsili onlayn qaydada həyata keçirəcəyik.

İctimaiyyət nümayəndələri, məktəblər, müəllimlərlə ünsiyyətdə oluruq. Mövcud olan çətinliklərə baxmayaraq, uşaqların tədrisdən uzaq qalmasındansa, onlayn qaydada təhsil daha məqbul hesab edilir”.

Təhsil naziri deyib ki, bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir: “Amma bağça və məktəbəqədər müəssisələr istəyərsə öz təşəbbüsləri ilə onlayn təhsil verə bilərlər”.