Təhsil Nazirliyinin sabiq idarə rəisi zərərçəkmişdir- işdə qalmaq üçün 100 min manat veribmiş

87

Təhsil Nazirliyinin sabiq idarə rəisinə qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Ağadur Müslümovun cinayət işi üzrə məhkəmə iclası keçiriləcək. İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə iki nəfər zərərçəkmiş var. Onlar İran vətəndaşı Khorazme Alireza Ghorban və Babayev İsaxan Teymur oğludur.
Zərərçəkmiş İsaxan Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub.

İsaxan Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ildə Ağadur Müslümova 100 min manat pul verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib.

Qeyd edək ki, İsaxan Babayev Misir Mərdanovun təhsil naziri olduğu dönəmdə idarə rəisi olub. Misiri Mərdanov işdən çıxarıldıqdan sonra İsaxan Babayevdə işdən çıxarılıb.

Dələduzluqda təqsirləndirilən Ağdur Müslümov Azərbaycan Mübarizləri Partiyasının sədridir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məlumata görə iş üzrə digər zərərçəkmiş olan İran vətəndaşı isə iş qurmaq adı ilə Ağadur Müslümova pul verib.