TƏBİB və baş infeksionist həyəcan təbili çalır

210

Nəzrin Mustafayeva: “Hər beş testdən birinin cavabı müsbət çıxır və bu rəqəm daha artıq ola bilər”

Təyyar Eyvazov: “Epidemioloji durumun sonrakı dinamikası əhalinin karantin qaydalarına nə səviyyədə əməl edəcəyindən asılı olacaq”

Ölkədə aparılan hər beş COVID-19 testindən birinin nəticəsi pozitiv çıxır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – TƏBİB artıq həyəcan təbili çalır.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirib ki, pandemiya başlandığı vaxtdan indiyədək ölkədə ən çox yoluxma faktı ötən həftə qeydə alınıb. Hazırda gündəlik yoluxma sayı üç mindən yuxarıdır. Bu da epidemioloji vəziyyətin ciddiliyindən xəbər verir: “Biz hazırda pandemiyanın 40-cı həftəsini yaşayırıq. 39-cu həftəyə olan ümumi həftəlik yoluxma sayı 17 mindən çox aşkarlanmışdı. Bu, ciddi bir rəqəmdir”.

N.Mustafayeva bildirdi ki, götürülən koronavirus testlərinin təxminən 20 faizə yaxını müsbətdir: “Ancaq bu rəqəm daha artıq ola bilər. Ən yüksək rəqəm 24 noyabr tarixində müşahidə olunmuşdu ki, götürülən testlərin 25 faizində pozitiv hal aşkarlanmışdı. Lakin ortalama testlərdə pozitivlik əmsalı 19,5 faizə bərabərdir. Təbii ki, test sayı artırılarsa, pozitiv aşkarlanan halların da sayı mütənasib olaraq artmış olacaq. Yəni bu, o demək deyil ki, bizdə hazırda 3600 pozitiv hal var. Bunlar qat-qat çoxdur”.

İşçi qrupunun üzvü qeyd etdi ki, epidemioloji vəziyyət belə davam edərsə, səhiyyə sistemi ciddi problemlərlə üzləşə bilər. Ona görə də vətəndaşlar məsuliyyətli davranmalı və tələb olunan sanitar qaydalara əməl etməlidirlər.

Bəs, vəziyyətin stabilləşdirilməsi və insanların yoluxmaması üçün daha nələr etmək lazımdır? COVID-19-la respirator xəstəlikləri və ya qripi necə ayırd etmək lazımdır?

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov pressklub.az-a açıqlamasında bu suallara cavab verib.

Baş infeksionist də nəzərə çatdırdı ki, son həftələrdə infeksiyanın yayılma sürəti artıb: “Bununla əlaqədar hökumət tərəfindən bir sıra profilaktik tədbirlər görülməkdədir. Qəbul edilən hər hansı bir qərar yalnız o halda effektiv olur ki, hamılıqla və düzgün icra edilir. Gigiyenik qaydalara əhali tərəfindən nə cür əməl olunmasına müxtəlif qurumlar və müəssisə rəhbərləri tərəfindən nəzarət çox önəmlidir. Lakin bağlı məkanlarda total nəzarət mümkün sayılmır və burada vətəndaş məsuliyyəti, ictimai qınaq ön plana çıxmalıdır. Bəzi insanlarda belə məsuliyyətin aşağı olması məyusedici haldır. İnfeksiyaya yoluxması təsdiqlənmiş şəxslərin yaşayış yerini tərk etməsi faktları bunu bir daha sübut edir. Müşahidələr göstərir ki, bəzi şəxslər özlərində xəstəlik əlamətləri olduqda belə, buna bir o qədər də əhəmiyyət vermir və özünümüalicə ilə məşğul olurlar. Onlar özlərini təcrid etmədikləri üçün infeksiyanın yayılmasına rəvac verirlər. Buna görə epidemioloji durumun sonrakı dinamikası bilavasitə əhalinin karantin qaydalarına nə səviyyədə əməl edəcəyindən asılı olacaq”.

Eyvazovun sözlərinə görə, qriplər, digər respirator xəstəliklər hamısı respirator virus infeksiyaları qrupundandır: “Xəstəliyin bir çox əlamətləri oxşardır, təbii ki, virusların növlərindən asılı olaraq müəyyən fərqli cəhətlər də mövcuddur və bunlar xəstəliyin gedişi boyu üzə çıxır. Ona görə də, xəstəliyin başlanğıcında insanın özü-özünə diaqnoz qoyması çətin ki, lazımi nəticə versin. Məsələn, kəskin respirator virus infeksiyalarına çoxlu miqdarda respirator ifrazatın olması xasdırsa, bu hala yeni koronavirus infeksiyasında rast gəlinmir və eyni zamanda, qrip üçün də mütləq sayılmır. Ona görə də insanlarda baş vermiş narahatlığın koronavirus infeksiyası ilə bağlı olub-olmamasının müəyyən edilməsi yalnız mütəxəssisə müraciət və lazım olarsa, tibbi laboratoriyada testin verilməsi vasitəsilə mümkündür”.

Hazırladı: İ.SABİRQIZI