TƏBİB həyəcan təbili çaldı – koronavirusun yoluxuculuq qabiliyyəti artıb

447

Hazırda pandemiyaya səbəb olan COVİD-19 virusu yoluxuculuq qabiliyyətinə görə artıq lider mikroblardan hesab edilə bilər.

Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Koronavirusun yoluxma qabiliyyətinin artdığını bildirən A.Qurbanov qeyd edib ki, qripin yoluxuculuq indeksi 25 faizdir. Bu, o deməkdir ki, infeksya mənbəyi olan insanla təmasda olan hər 100 nəfərin təqribən 20-25 faizi virusa yoluxa bilər.

O əlavə edib ki, pandemiya başlayan dövrdən COVİD-19-un yoluxma qabiliyyəti qripdən təqribən 2 dəfə yüksəkdir. Pandemiya başlayan dövrlərdə koronavirusun yoluxuculuq indeksi 50-55 faiz kimi qiymətləndirilirdi:

“Yəni xəstəlik mənbəyi ilə təmasda olan 100 nəfərin 50-55-i virusa yoluxardı. İndi isə virusun yoluxuculuq qabiliyyəti bir qədər də artıb”.

A.Qurbanov qeyd edib ki, tam dəqiq olmayan məlumatlara görə, mutasiya nəticəsində virusun yoluxuculuq indeksi 70-75 faizə yüksəlib.

İnstitut rəsmisinin sözlərinə görə, virusların arasında daha çox yoluxuculuğa malik olan qızılcadır. Onun yoluxuculuq qabiliyyəti təqribən 90 faizdir. Artıq COVİD virusu da mutasiya nəticəsində yoluxuculuq qabiliyyətinə görə qızılca virusuna yaxınlaşır:

“Bu da ona səbəb olacaq ki, virus daha sürətlə yayılmağa başlayacaq. Buna görə də bizim qoruyucu tədbirlərə daha ciddi əməl etməyimiz lazım olacaq. İndi maskadan istifadəyə, məsafənin qorunmasına, lazımsz təmaslardan çəkinməyə daha ciddi əməl etməliyik. Çünki virus daha yoluxucu olub”.