Şuşada QARABAĞ Universiteti – Dünyanın güclü ali təhsil ocağı yaradıla bilər

165

Bir neçə il öncə Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc Bərdədə Qarabağ Dövlət Universitetinin yaradılması ideyasını irəli sürmüşdü. Məqsəd Qarabağın Azərbaycana aid olduğunu dünyanın həm də təhsil ictimaiyyətinə çatdırmaq idi.

Artıq işğal altında olan torpaqlarımız azad edilir. Azərbayacnın ən böyük universitetini Qarabağda yaratmaq olarmı? İndi təhsilin dünyada ən güclü vasitə olduğunu nəzərə alsaq, bu ideya alternativsiz görünür.

Ona görə də Modern.az mövzunun zəruriliyini nəzərə alıb, yenidən Zahid Oruca müraciət edib.

Deputat Qarabağ bölgəsində təhsilin zəruriliyini xüsusi qeyd edib:

“Qarabağ  regionunun bütövlükdə yenidən qurulması, hər bir kəndin, qəsəbənin, şəhərin sistemli və nizamlı qaydada yaradılması, infrastrukturun formalaşmasından sonrakı dövrdə elm-təhsil bazasının möhkəmləndirilməsi ən ümdə vəzifələrdən birinə çevriləcək. Qarabağda güclü elmi bazanın olmasından  sonra  təhsilli yetkin alimlər, tələbələr formalaşacaq. Ermənistan hərbi savaşı məğlubiyyətlə başa vurandan sonra  təslimçilik aktını imzalayıb-imzalamayacağından asılı olmayaraq, gələcəklə bağlı yenə də xəyallar quracaq.

Faktiki olaraq 1990-cı ildən sonrakı dövrdə guya, torpaq qazandığını dediyi halda bu cür qalibiyyət vəziyyətində bölgədə heç bir üstünlüyə nail ola bilmədi. Nə iqtisadi, nə siyasi, nə hərbi,  nə də elmi cəhətdən biz bunu görə bildik”.

Zahid Oruc  Xankəndində ermənilərin guya, xüsusi universitetinin fəaliyyət göstərdiyini də qeyd edib:

“O universitet heç bir cəhətinə görə cazibədar deyildi. Erməni gəncləri öz həyatlarını ora bağlamırdılar. Bu  İrəvan rejiminin avantürası idi. Guya bu və ya digər formada Ermənistana axının qarşısını alacaqdılar. Ancaq bu olmadı. Qarabağ öz inkişafına görə ancaq Azərbaycana borclu olub. 1921-cı ildə – savaşların ən ağır dönəmində 26 Bakı Komissarları içərisində erməni təmsilçiləri onu dərk edərək demişdilər ki, qoy Azərbaycan Qarabağı inkişaf etdirsin. Gələcəkdə guya bunlar üçün əlverişli zəmin yetişəcək. Tarix sübut etdi ki, onlar öz məntiqlərində yanılıblar”.

STM sədri  Qarabağın bütövlükdə gələcəyinin, o cümlədən də təhsilinin yalnız Azərbaycana bağlı olduğunu vurğulayıb:

“Ali Baş Komandanın da dediyi kimi, biz o yerlərə geri dönəcəyik.  Bizim insanlarımız orada qurub-yaradacaq. Hətta orada doğulmayan gəncimiz Qarabağa qayıtmaq uğrunda mübarizə aparır. O gənclərimiz bu gün  tank üstündədirlər. Raketləri idarə edirlər. Biz gələcəkdə əsgərlərdən sədd çəkməkdən daha çox, elm, təhsil və biliklə sədd çəkməyi bacarmalıyıq.

Ümid edirəm ki, həm xaricdə, həm də daxildə yaşayan elm adamlarının təcrübələri, startapları o bölgədə tətbiq olunacaq.  Eyni zamanda, Şuşada, Xankəndində universitetlərin yardılması üçün möhkəm təməllər də bilavasitə Ali Baş Komanımız İlham Əliyevin və hörmətli Mehriban xanım Əliyevanın fədakar  əməyi ilə qoyulacaq. Bu təməllər Azərbaycanın dayağını orada möhkəmləndirəcək. İşıqlı gənclərimizi, gələcək nəsillərimizi formalaşdıracaq”.