Sürücülük vəsiqəsi, nömrə və texniki pasportun rüsumu artırılır – VİDEO

    6

    Azərbaycanda qoşa nömrələrə görə dövlət rüsumu artırıla bilər.

    Hurriyyet.org-un məlumatına görə, bununla bağlı prezident tərəfindən Milli Məclisə ''Dövlət rüsumu haqqında'' qanuna dəyişiklik edilməsi barədə təklif təqdim olunub.

    Millət vəkili Çingiz Qənizadə deyir ki, qanun ''Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi'' maddəsinə edilən dəyişiklikdə öz əksini tapacaq.

    Yəni 001 dən 009 rəqəminə qədər olan avtomobil nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1500 manatdan 2000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 2500 manatdan 3000 manata qaldırılır.

    100-dən 900-ə qədər olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1000 manatdan 1500 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1500 manatdan 2000 manata qaldırılır.

    Amma sadə dövlət nömrə nişanlarının rüsumu da artırılacaq. Belə ki, hazırda 22 manata satılan adi nömrələr qanun dəyişdikdən sonra 35 manata satılacaq.

    Qeyd edək ki, qanunda dəyşiklik olduqdan sonra sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsindəki dövlət rüsumu da 7 manat baha olacaq. Əvvəllər 18 manata dəyişdirilən sürücülük vəsiqəsi qanun layihəsindən sonra 25 manata olacaq. Bundan başqa, avtomobilin qeydiyyat şəhadətnaməsinin, yəni texniki pasportun rüsumu da 17 manatdan 25 manata qaldırılır. \\XəzərXəbər

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: