Sürücülərin DİQQƏTİNƏ: Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

    15

    Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "Vaz dairəsi"ndən Sumqayıt istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

    Hurriyyet.org xəbər verir ki, "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

    Bu məqsədlə nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

    Bundan başqa, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-liyində (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri də aparılır.

    Bu səbəbdən yolda hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılacaq: "Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur".