Sürücülərin NƏZƏRİNƏ! – BNA cərimələri bərpa edir

111

Karantin rejimi ilə əlaqədar Bakının küçə və prospektlərində nəqliyyat sıxlığının olmamasını və bir çox ictimai iaşə obyektlərinin fəaliyyət göstərməməsini nəzərə alaraq, aprelin 21-dən  dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin icrası müvəqqəti olaraq dayandırılıb. Bu addımın həm də karantin rejimi günlərində şəhər sakinlərinə dəstək nümayiş etdirmək məqsədi ilə atılıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumata görə, aprelin 27-dən karantin rejiminin yumuşaldılması eləcə də, bəzi xidmət və iş yerlərinin fəaliyyətinin bərpa olunması ilə küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyinin artması müşahidə olunmaqdadır. Nəticədə bəzi ərazilərdə dayanma-durma və parklanma qaydalarının pozulması avtomobillərin, eyni zamanda piyadaların hərəkətində maneələr yaradır, bəzi hallarda isə nəqliyyat sıxlığına gətirib çıxarır.

Mövcud vəziyyət müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir. Eyni zamanda bu hal sms vasitəsi ilə hərəkət icazəsi alan vətəndaşların da lüzumsuz yerə vaxt itirmələrinə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, mayın 1-dən   etibarən Agentlik tərəfindən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcəkdir.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir.