“Suriyada olaylar hibrid müharibədən fərqli formata keçəcək” – HƏRBİ-SİYASİ İCMALÇI

3

Ramil Məmmədli: "Türkiyə Suriyada mütləq hakimiyyətinin formalaşdırılmasında maraqlıdır"

"Türkiyənin Suriyadan geri çəkilməsi böyük faciələrə səbəb ola, onun beynəlxalq imicinə ciddi xələl gətirə bilər"

"2015-ci ildən sonra Rusiya ilə Türkiyə arasında Suriya məsələsində bir yaxınlaşma yaransa da, görünən o idi ki, bu iki dövlətin maraqları toqquşacaq"

Xəbər verdiyimiz kimi, Suriya rejim qüvvələri Rusiyanın dəstəyi ilə İdlibdə havadan Türkiyə ordusunun olduğu bölgəyə hərbi təyyarələrdən zərbə endirib və nəticədə 33 türk əsgəri şəhid olub, 32 əsgər isə yaralanıb. Bundan dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrinin komandanları ilə görüş keçirib və Əsəd rejiminə cavab zərbələri endirilməsi ilə bağlı göstəriş verilib.

ABŞ, NATO və BMT rəsmiləri İdlibdə türk ordusuna edilən hücumu qınayıb

Onu da qeyd edək ki, artıq baş vermiş olayla bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Bu zaman tərəflər İdlibdə baş verən son prosesləri müzakirə ediblər. Bundan başqa, axar.az-da yer alan informasiyaya görə, ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Key Beyli Hatçison İdlibdə türk əsgərlərinin şəhid edilməsini şərh edərkən "ABŞ ümid edir ki, Türkiyə S-400-lərdən imtina edəcək", deyə vurğulayıb. Onun sözlərinə görə, ABŞ Türkiyəyə bununla bağlı vəziyyəti dəfələrlə izah etməyə çalışıb: "Ümid edirəm ki, prezident Ərdoğan bizim onların keçmiş və gələcək müttəfiqimiz olduğunu görəcək. Onlar gərək S-400-lərdən imtina etsinlər". ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft isə İdlibdən gələn xəbərlərin ürəkbulandırıcı olduğunu bildirib: "Böhranın sona çatması üçün Rusiya təyyarələri dərhal endirməlidir. Əsəd rejiminin hücumları nəticəsində xeyli dinc sakin ölür, ailələr uşaqlarını isidə bilmək üçün paltarlarını yandırır, gecələmək üçün xəndəklər qazılır, körpələr donaraq ölür".

Təxminən, eyni mövqedən çıxış edən BMT baş katibi Antonio Quterreş isə qeyd edib ki, İdlibdə təcili olaraq atəşkəsin elan edilməsi vacibdir: "Hərbi qarşıdurmanın artması əsasən də mülki şəxslərin həyatını təhlükəyə atır. Bu da bizi çox narahat edir. Təcili olaraq hərəkətə keçilməzsə, hər saat başı riskin artma ehtimalı böyükdür. Suriya böhranı hərbi yolla deyil, BMT nəzarəti altında siyasi yolla həll edilə bilər". ABŞ senatoru Lendsi Qrehem isə ölkəsinin İdlib hərəkatını dəstəklədiyini bəyan edib. O, həmçinin, ABŞ-ın Türkiyəyə dəstək verməsinin vacibliyini də vurğulayıb: "Türkiyənin İdlibə müdaxiləsini təqdir edirəm. Artıq minlərlə günahsız kişi, qadın və uşaqları dəhşətli ölümdən xilas etmək üçün beynəlxalq birliyi qurmağın vaxtı çatıb". ABŞ Dövlət Departamentinin bəyanatında isə Vaşinqtonun Ankaranın yanında olduğu bildirilir: "NATO müttəfiqimiz Türkiyənin yanındayıq. Biz imkanlarımız daxilində Türkiyəyə əlimizdən gələn dəstəyi verməyə hazırıq. Bunun üçün hazırda uyğun plan üzərində çalışırıq. Hadisələrin gedişatından xəbər tutmaq üçün mütəmadi olaraq Türkiyə tərəfi ilə əlaqədəyik. Əgər edə biləcəyimiz hər hansı bir kömək olarsa, buna hazırıq. Amma bölgədə sülhün qorunması üçün Əsədi rejimini, Rusiya və İranın dəstəklədiyi qüvvələri bu xain hücumları dayandırmağa çağırırıq".

Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, NATO İdlibdəki hücumun ardından Türkiyənin tələbi üzərinə ötən gün fövqəladə toplantı keçirib. Bu barədə alyansın baş katibi Yens Stoltenberq özünün "twitter" hesabında məlumat verib. Qeyd edək ki, Şimali Atlantik müqaviləsinin 4-cü maddəsinə əsasən, hər hansı bir NATO müttəfiqinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olarsa həmin ölkə məsləhətləşmə tələb edə bilər. Beləliklə, NATO-nun fövqəladə iclasında çıxış edən Yens Stoltenberq bildirib ki, Türkiyənin İdlibə edilən hücum zamanı əsgərlərini itirməsi NATO müttəfiqlərini dərindən kədərləndirib: "Bu kimi hücumları qınayırıq. Bəşər Əsədin rəhbərlik etdiyi əsgərlər bu hücumu həyata keçirdilər. Bildirirəm ki, bu kimi hücumlar dayandırılmalı, beynəlxalq qanunlara əməl olunmalı və BMT-nin dəstəklədiyi sülh prosesləri davam etdirilməlidir".

"İdlibdə yaşanan olaydan sonra rəsmi Ankaranın S-500-lərin satın alınmasından imtina etməsi mümkündür"

Картинки по запросу "hərbi-siyasi icmalçı Ramil Məmmədli"

Mövzu ilə əlaqədar mövqeyini öyrənmək məqsədiylə müraciət etdiyimiz hərbi-siyasi icmalçı Ramil Məmmədli "Hürriyyət"ə bildirdi ki, Türkiyə və Rusiya arasında S-400-lərin satın alınmasıyla bağlı bütün prosedur qaydalar bitib. Belə ki, artıq S-400-lərin ilkin partiyasının Türkiyəyə çatdırıldığını, hətta qardaş ölkənin S-500-lərin də satın alınmasında maraqlı olduğunu vurğulayan hərbi-siyasi icmalçı hesab edir ki, İdlibdə yaşanan olaydan sonra rəsmi Ankaranın S-500-lərin satın alınmasından imtina etməsi mümkündür: "Odur ki, ABŞ tərəfinin S-400-lə bağlı fikirləri həqiqəti əks etdirmir. Onu da qeyd edim ki, bir neçə ay öncə Putinlə Ərdoğan arasında keçirilən görüşdə Türkiyə prezidenti S-500 zenit-raket komplekslərinin alınmasıyla bağlı təkliflə çıxış etmişdi. Yəni Türkiyə S-500-lərin də satın alınmasında maraqlıdır. Lakin son günlər İdlibdə yaşanan olaylardan sonra rəsmi Ankaranın S-500-lərin satın alınmasından imtina etməsi mümkündür. Suriyada baş verən hadisələrə gəlincə, Türkiyə bu ölkədə Bəşər Əsədlə müttəfiq olan hərbi birləşmələr, qruplaşmalara müharibə elan edib və öz maraqlarını qorumaqdan ötrü hərbi kontingentinin sayını xeyli artırıb. Əslində, bu, onu deməyə əsas verir ki, artıq Türkiyə Suriya ərazisində mütləq hakimiyyətinin tam formalaşdırılmasında maraqlıdır və bununla bağlı konkret addımlar da atır. Belə ki, Türkiyə bir neçə gün öncə reaktiv yaylım atəş sistemlərini və digər hərbi texnikalarını Suriyada yerləşdirib. Artıq demək lazımdır ki, bu, bir müharibədir və müharibədə itkilərin olması təbiidir".

"İnanmıram ki, NATO ölkəsi olan Türkiyə Şimali Atlantika Blokunun imkanlarından istifadə etmək istəyindən birdəfəlik imtina etsin"

Türkiyə hərbçilərinə edilən hücumun səbəblərinə gəlincə, Ramil Məmmədli qeyd etdi ki, Suriyada Bəşər Əsədə bağlı olan qüvvələr öz ərazilərində digər ölkələrin, əsasən də Türkiyənin hökmran olmasında maraqlı deyil: "Çünki Rusiyanın Suriyadakı oyunu tamamilə fərqlidir. Belə ki, Moskva Bəşər Əsəd vasitəsiylə, ABŞ orada yerləşən kürdlərdən istifadə edərək, Türkiyə isə daxili imkanlarından istifadə edərək, Suriya ərazisində öz mövqelərini qorumağa çalışır. Belə olan təqdirdə, Türkiyənin düşmənlərinin sayı adını sadaladığım ölkələr qədərdir. 2015-ci ildən sonra Rusiya ilə Türkiyə arasında Suriya məsələsində bir yaxınlaşma yaransa da, görünən o idi ki, bu iki dövlətin Suriya məsələsində maraqları toqquşacaq. NATO-nun bu məsələdəki roluna gəlincə, bu qurum artıq öz mövqeyini açıqlayıb və Türkiyəyə bildirib ki, biz hərbi nöqteyi-nəzərən sizin mövqeyinizi dəstəkləməyə hazırıq. Yəni NATO öz silahlı qüvvələrini Türkiyəyə dəstək üçün bölgəyə göndərə bilər. Lakin Ankara bununla razılaşmadı. Səbəb isə Rusiya ilə Türkiyə arasında əldə edilən Minsk razılaşmasıdır. Amma mən inanmıram ki, NATO ölkəsi olan Türkiyə Şimali Atlantika Blokunun imkanlarından istifadə etmək istəyindən birdəfəlik imtina etsin. Çünki Türkiyə də yaxşı anlayır ki, NATO-nun imkanlarından istifadə etməklə mövqelərini daha da gücləndirə bilər. Çox güman ki, qarşıda bizi yeni Suriya müharibəsi gözləyir. Artıq bu müharibənin iştirakçıları dünənə qədər olan iştirakçılar olmayacaq. Yəni Suriyada olaylar hibrid müharibədən fərqli bir formata keçəcək. Bir sözlə, artıq Türkiyənin geri çəkilmək imkanı və haqqı yoxdur. Çünki Türkiyənin Suriyadan geri çəkilməsi böyük faciələrə səbəb ola, onun beynəlxalq imicinə ciddi xələl gətirə bilər".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org