Suraxanıda alver: həyətdən xalçanı oğurlayıb Əminəyə verdi, heroin aldı – “Onun narkotik satdığını bilirdim…”

291

Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakinləri – 43 yaşlı Teymur Məmmədovun və 49 yaşlı Əminə Bayramovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, əvvəllər məhkumluq həyatı yaşayan Teymur Məmmədov ötən ilin iyununda şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

İstintaq yolu ilə müəyyən edilib ki, T.Məmmədov narkotik vasitəni Yeni Suraxanı qəsəbə sakini Əminə Bayramovadan alıb. Adı çəkilən şəxsin yaşadığı mənzilə baxış keçirilib. Mənzildən külli miqdarda narkotik vasitələr, 500 qramdan artıq heroin, 200 ədəd psixotrop həblər, “şüşə”, marixuana, tiryək aşkarlanaraq götürülüb.

Hər iki şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sözügedən cinayət işinin başlanmasına səbəb həm də Ramil Həsənov və Xalid Quliyevin (barələrindəki cinayət işi ayrıca icraata verilib-red.) Şüvəlan qəsəbəsində törətdikləri oğurluq faktı olub. Belə ki, qəsəbə sakini T.Məmmədovaya məxsus həyətdən oğurladıqları xalçaları Əminə Bayramovaya verərək əvəzində heroin alıblar. Bundan bir neçə gün sonra R.Həsənov və X.Quliyevin hədəfi Mərdəkan qəsəbəsi olub. Qəsəbə sakini T.Hacızadənin həyətindən oğurladıqları dəmir əşyaları metal qəbulu emalatxanasına verib əldə etdikləri pula yenə də narkotik vasitə almaq üçün Əminənin evinə üz tutublar. Bir sözlə oğurluqdan əldə etdikləri pulu heroinə veriblər.

Təqsirləndirilən Teymur Məmmədov ifadəsində on ilə yaxındır ki, heroindən istifadə etdiyini deyib. O, saxlanılan gün üzərindən aşkarlanan narkotik vasitəni Əminə adlı qadından aldığını etiraf edib: “Əminənin narkotik alverçisi olduğunu bilirdim. Həmin gün özüm istifadə etmək üçün on manata bir büküm heroin almışdım. Heroini alıb oradan uzaqlaşdıqda mülki geyimli şəxslər mənə yaxınlaşdılar və Suraxanı rayon Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etdilər. Hal şahidlərinin iştirakı ilə üzərimə baxış keçirildi. Polis əməkdaşlarına heroini özüm istifadə etmək üçün aldığımı dedim”.

T.Məmmədovun ilkin izahatından sonra polis əməkdaşları Əminə Bayramovanın yaşadığı mənzilə baxış keçiriblər. Ə.Bayramova ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Həmçinin, bədənindəki ağrılara görə bir ildən artıqdır özü də heroin qəbul etdiyini deyib: “Bir neçə nəfər mülki geyimli şəxslər mənə yaxınlaşıb polis əməkdaşları olduqlarını dedilər. Teymur adlı şəxsin üzərindən aşkarlanan heroini məndən alması ilə bağlı məlumat verdiyini bildirdilər, evə baxış keçirmək istədiklərini dedilər. Etiraz etmədim, hal şahidlərinin iştirakı ilə evə baxış keçirildi”.

Ə.Bayramovanın mənzilinə baxış keçirilərkən yataq otağındakı çarpayının altından və mətbəxdəki çantanın içərisindən külli miqdarda heroin, marixuana, “şüşə”, narkotik tipli dərmanlar və psixotrop maddələr aşkarlanıb. Polis əməkdaşları ev sahibindən plastik qablarda, şüşə bankalarda saxlanılan narkotik vasitələri, çoxsaylı bükümləri, psixotrop həbləri haradan əldə etdiyini soruşublar. Ə.Bayramova narkotik vasitələri iki ay əvvəl Astara rayonunda üzdən tanıdığı şəxsdən satmaq üçün aldığını bildirib.