SUMQAYITDA “TENDER MÖCÜZƏSİ” – Yeni yaradılan şirkətlər köhnə tenderləri udub!

42

Bütün tənqidlərə, deyilənlərə, yazılanlara rəğmən Azərbaycanda dövlət satınalmaları və tenderlər sahəsindəki “qaranlıq əməliyyatlar” bitib-tükənmək bilmir. Xüsusilə yerli icra hakimiyyətlərinin keçirdikləri tenderlər öz açıq-aşkar qanun pozuntuları, “kölgəli” sövdələşmələrilə “göz oxşayır”.

Adətən icra hakimiyyətləri elan etdikləri tenderlərdən bir neçə ay əvvəl yaradılan, heç bir təcrübəsi olmayan şirkətlərlə“gözlərini qırpmadan” bir neçə milyonluq müqavilələr bağlayırlar. Ancaq Sumqayıt Şəhər İcra Hakimiyyəti daha da irəli gedərək, heç bir əndazəyə sığmayan tender müqaviləsinə imza atıb. Belə ki, Sumqayıt şəhərində üç tenderdə onların elanından sonra təsis edilən iki şirkət qalib gəlib. Nəticədə icra orqanı tender elanından az qala bir ay sonra yaradılan şirkətlərlə tender müqaviləsi imzalayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tender komissiyası aprelin 18-də “Vertex Marketing” (VÖEN 2905806461) və “Bertfon SS” (VÖEN 2905806591) şirkətlərini dəftərxana və təsərrüfat mallarının (ümumi dəyəri 93 253 manat), elektrik avadanlıqlarının (113 695 manat) və yataq ləvazimatlarının (181 740 manat) satınalınması üzrə tenderin qalibi elan edib.

Dövlət satınalmalarının vahid elektron portalına əsasən, satınalma prosedurları fevralın sonunda – martın əvvəlində başlayıb. Tenderlərin qalibi olan hər iki şirkət isə martın 18-də Sumqayıtdakı mənzillərin birində eyni hüquqi ünvanda təsis edilib. Onların qanuni nümayəndəsi 38 yaşlı Faiq Hüseynovdur.

Qanunda nəzərdə tutulan şərtlərə əsasən, tenderdə iştirak üçün iddiaçılar təklifin dəyərindən əlavə mütləq qaydada texniki təkliflərini də (peşakarlıq, təcrübənin olması, həmçinin maliyyə imkanları) təqdim etməlidir. Ancaq tender elan olunandan sonra yaradılan və heç bir təcrübəsi olmayan şirkətlərin bu şərtlərə necə əməl etdiyi sirr olaraq qalır…

Onu da qeyd edək ki, icra orqanındakı komissiya texniki göstəricilərə 100 mümkün müsabiqə balından 45-ni verir. Görünür, Sumqayıt Şəhər İcra Hakimiyyəti bu “çiçəyi burnunda” şirkətləri hələ “doğulmamışdan” tanıyırmış və ona görə də həmin şirkətlərə mümkün olan ən yüksək balları verib.

Sumqayıt şəhər İH-nin tender komissiyasının üzvü Rəhimdil Əhmədov isə Turan-a bildirib ki, tenderlərdə minimal sayda namizəd iştirak edib. Komissiya “Vertex Marketing” MMC və “Bertfon SS” MMC-ni ən aşağı qiymətlər təqdim etdiyinə görə qalib seçib.

Bəs görəsən, bu iş necə təşkil olunur ki, belə “yağlı” tenderlərdə minimal sayda namizəd iştirak edir? Belə sualların cavabını yerli icra orqanları çox yaxşı bilirlər. Lakin Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndəsi də bu “möcüzəli tender”in detallarını açmaqda həvəsli olmayıb və onun elan edilməsindən sonra yaradılan şirkətlərin necə qalib olduqları məsələsinə toxunmayıb. Və göründüyü kimi, Azərbaycanda dövlət satınalmaları və tenderlər sahəsindəki “qara-qura işləri” heç koronavirus pandemiyası da dayandırmaq gücündə deyil…/“AzPolitika.info”/