“SÜLHMƏRAMLILAR BÖLGƏDƏ HÖKM EDƏ BİLƏCƏK SƏLAHİYYƏTƏ MALİK DEYİLLƏR” – “Putinin belə fikirləri olur, ancaq…”

405

Qabil Hüseynli: “Proseslər göstərir ki, aparıcı və müəyyənedici tərəf Azərbaycan və Türkiyədir”

Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə artıq başlanılıb. Ermənistan ordusu Zəngilan-Qubadlı istiqamətində öz sərhədlərinə doğru geri çəkilib. Bununla belə rus sülhməramlıları Xankəndi başda olmaqla ermənilərin yaşadığı bəzi ərazilərdə humanitar yardım, tibbi xidmət və təmir işlərini davam etdirir.

“AzPolitika.info” regionumuzda baş verən proseslərlə bağlı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib:

– Qabil bəy, Vladimir Putinin Qarabağla əlaqədar son bəyanatlarından, habelə rus sülhməramlılarının bölgədəki fəaliyyətindən ictimai narazılıq göz önündədir. Sizin bu proseslərə münasibətiniz nədən ibarətdir?

– Rus sülhməramlıları ilə bağlı müxtəlif xəritə əhvalatlarının olmasına baxmayaraq, habelə Hadrut istiamətində postlarını əvvəlcə irəli, sonra geri çəkmələri, eyni zamanda xəritələrinə düzəliş edlməsi faktı göstərir ki, onların bölgədə cəsarətli mövqeyi yoxdur. Onlar bu bölgədə hökm edə biləcək səlahiyyətə malik deyillər, üstəlik Azərbaycan Ordusu bütün istiqamətlərdə öz mövqelərində durur, həm də onunla birlikdə hərəkət edən türk ordusu bölgəyə və proseslərə təsir qüvvəsini artırmaqda davam edir. Hətta son zamanlar bütövlükdə Dağlıq Qarabağın mərkəzi olan Xankəndinin nə zaman Azərbaycanın yurusdiksiyasına qaytarılması haqda fikirlər səsləndirilir, bunun o qədər də uzun zaman almayacağı söylənilir. Bir yandan da, başqa xəbər yayılıb ki, Araik Arutunyan hansısa addımlar atır. Fakt odur ki, bölgə ilə bağlı ziddiyyətli xəbərlər yayılır. Ancaq proseslər göstərir ki, burada işlərin aparıcı və müəyyənedici tərəfi Azərbaycan və Türkiyədir. Rusiya bu proseslərə o qədər də müqavimət göstərmir. Yeri gələndə hətta beynəlxalq hüquq normalarına əsaslanaraq Azərbaycanın haqq işini əsaslandırmağa çalışır.

Burada önəmli hal kimi mən Azərbaycan-Ermənistan dövlət sərhədlərinin müəyyənləşdirilməsi prosesini qeyd edərdim. Məsələn, Gorusdan başlayaraq bu iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi, sərhəd xəttinin sovet vaxtı mövcud olan xəritələrə uyğun şəkildə dəqiqləşdirilməsinin özü də çox müsbət haldır. Ermənilərin öz sərhədlərini Azərbaycan torpaqları hesabına on kilometrlərlə irəli çəkməsi kimi zərərli addımlar aradan qaldırılır. Bu sərhəd xətləri sovet dövründəki sərhədlərə uyğunlaşdırılır. Azərbaycan çalışır ki, Ermənistan tərəfdə bir metr də olsun torpaq qalmasın. Bu proses bütün sərhəd istiqamətində həyata keçiriləcək. Mənim şəxsi fikrim belədir ki, bu prosesin başa çatması bizim üçün prinsipial əhəmiyyətə malikdir.

– Qarabağın statusu barədə proqnozunuz nədən ibarətdir?

– Hesab edirəm ki, Dağlıq Qarabağın statusu məsələsi artıq gündəmdən çıxıb. Sonuncu dəfə ATƏT-in Minsk Qrupunun həmsdərlərini Bakıya dəvət etməsə də, qəbul edən Azərbaycan Prezidenti həmsədrlərə açıq şəkildə “sizi bura mən dəvət etməmişəm”, yəni “sizin burada görəcəyiniz iş yoxdur” deməklə tənqid etdi. Bu, onu göstərir ki, artıq Minsk Qrupu gündəmdən çıxıb.

– Amma Rusiya Prezidenti Vladimir Putin “Dağlıq Qarabağın statusunun gələcək nəsillərə buraxıldığı” kimi zərərli ifadə işlətdi…

– Putinin belə fikirləri olur.  Ancaq, əvvəla, Dağlıq Qarabağın indiki ərazisi onun əvvəlki ərazisindən kiçikdir. Üstəlik, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı 40 mindən çox deyil. Əgər, bu qədər kiçik ərazi və az əhali ilə Qarabağın statusu gələcək nəsillərə qalacaqsa, məncə, bu məsələni həll edəcək erməni nümayəndəsi tapmaq mümkün olmayacaq. Ümumiyyətlə, bu məsələ elə bir zəmin üzərinə qoyulub ki, onun perspektivləri görünmür. Azərbaycanın ərazi bütövlüyü məsələsi qarşısıalınmaz prosesdir.

– Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyasının aparılması və müəyyənləşdirilməsi hansı müsbət nəticələr gətirə bilər?

– Ermənistan Baş naziri Nikol Paşinyanın “biz iki ölkə arasında sərhədləri beynəlxalq hüquq çərçivəsi əsasında aparırıq və başqa niyyətimiz yoxdur” fikri o deməkdir ki, Ermənistan bir növ haqq yoluna gəlir. Azərbaycan hansı sərhədlərlə SSRİ tərkibindən çıxıbsa və BMT-yə daxil olubsa, bu onun beynəlxalq hüquq normaları ilə müəyyən olunan əraziləridir. İndiki halda Ermənistan bu sərhədlərə əməl etməyi öz üzərinə götürür. Bu, müsbət hadisədir. Daha dəqiq desək sərhədlərin rəsmən tanınması o deməkdir ki, Azərbaycana qarşı irəli sürülən zərərli ideyaların bir qismi gündəmdən çıxır.

– Sizcə, delimitasiya prosesi sona qədər gedəcək, yoxsa hansısa anda proses pozulacaq?

– Prosesin dayanması mümkün deyil. Delimitasiyanın ən çətin hissəsi fikrimcə, Zəngilan və Qubadlı bölgəsindədir. Laçında da müəyyən qədər problem ola bilər. Ən böyük sərhəd bölgəsi Kəlbəcər olsa da, buranın dağlıq ərazi olması səbəbindən demarkasiyanın həyata keçirilməsi daha asandır. Məncə, dayanmaq məsələsi yoxdur. Azərbaycan bu işi başlayıbsa, axıra çatdırmalıdır.

– Vladimir Putin Rusiya Müdafiə Nazirliyindəki çıxışı zamanı bildirdi ki, Afrikada, Yaxın Şərqdə və Qafqazda vəziyyət mürəkkəb olaraq qalır. Bu fikri necə şərh etmək olar, yeni müharibə ehtimalı varmı?

– Məncə, Rusiya “Qafqazda gərginlik” deyəndə Dağlıq Qarabağ və Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən daha çox NATO-nun Gürcüstana gəlməsi, burada hərbi baza açmaq niyyəti, Tiflisin tezliklə NATO-ya daxil ola biləcəyi kimi məqamları nəzərdə tutur. Bu günə qədər Putin Azərbaycan və Ermənistan arasındakı məlum durumun sabit olduğunu və təhlükə törətmədiyini deyib. Həqiqətən də belədir. Ermənistan öz ordusunu tamamilə itirib və əlində qalan güclə Azərbaycana qarşı hər hansı bir addım ata bilməz. Söhbət Co Baydenin ABŞ-da prezidentliyə başlaması ilə bölgəyə yönələn yeni sanksiyaların və Gürcüstanın NATO-ya üzv qəbul edilməsi kimi bəzi məsələlərin qabardılmasından gedir. Putini də daha çox narahat edən bu məsələlərdir.

– Siz, qeyd etdiniz ki, artıq Dağlıq Qarabağda ermənilərin sayı, iddiaları və mövqeləri perspektivdə hər hansı status mövzusunun gündəmə gəlməsini mənasız edir. Sizcə, rus sülhməramlıları ermənilərin Xankəndindən köçüb getməsinə imkan verərlərmi?

– Sülhməramlılar alqı-satqı və miqrasiya prosesinə nəzarət edə bilməz. Bu, leqal prosesdir və bir gündə baş vermir. Yəni tədrici prosesdir. Zənnimcə, sülhməramlılar bu işə qarışa bilməz və bu, onların iradəsindən kənar baş verəcək. Rus sülhməramlılarının bu prosesə maneçilik törətməsi ehtimalı yoxdur.

– Sizcə, Azərbaycan hökumətinin 2021-ci il üçün müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaiti artırması zərurəti nədən irəli gəlir?

– Əvvəla, onu deyim ki, Azərbaycan öz Ordusunun say tərkibini artırır. Əgər, bu günə qədər Azərbaycan Ordusunun tərkibində dörd korpus vardısa, indi həmin korpusların sayı altıya qaldırılır. Üstəlik, azad edilən ərazilərdə ordunun dislokasiyası və həmin ərazilərin qorunması məsələsi aktuallaşacaq. Mümkündür ki, uzaq olmayan bir zamanda Azərbaycanda yaradılan hərbi korpusların sayı 6-dan 8-ə çatdırılsın. Bunun üçün insani resurslarımız var, silah resursu da əldə edəcəyik. Onsuz da, Azərbaycan işğaldan azad edilən ərazilərə köçürüləcək əhalinin təhlükəsizliyinin qorunması üçün maksimum səylər göstərəcək. Biz elə şərait yaratmalıyıq ki, azad edilən sərhəd bölgələrimizə gedən insanlarımız Azərbaycan Ordusunu görsün.

Mən güman edirəm ki, hər bir azad edilən rayonda hərbi korpusların olması zərurəti ortaya çıxır. Bu hərbi hissələr sözsüz ki, istənilən təxribatın qarşısını anında almaq məqsədilə fəaliyyət göstərəcək.

 

– Son zamanlar Naxçıvanı birləşdirəcək dəhliz məsələsi sanki ikinci plana keçmiş kimi görünür. Üstəlik, Ermənistanda revanşist və Rusiyaya bağlı qüvvələr açıq-aydın bunun əleyhinə çıxır. Elə rus mediası da bəzən bu dəhliz haqqında ziddiyyətli fikirlər açıqlayır. Sizcə, 10 noyabrda imzalanmış sazişdə nəzərdə tutulan Mehri dəhlizinin açılmaması ehtimalı varmı?

– Məncə, ağlı olan erməni bu dəhlizə strateji məsələ kimi yanaşmalıdır. Bu günə qədər Türkiyə ilə sərhədlərin açılması üçün “sino gedən” ermənilər əslində, bir sıra beynəlxalq layihələrə qoşulmaq imkanı əldə edəcəklər. Yəni bundan Ermənistan qazanc əldə edəcək. Üstəlik, Rusiyadan gələn qatarlar birbaşa İrəvana çatacaq. Fikrimcə, dəmir yolunun və avtomobil yolunun çəkilməsi hamıdan çox ermənilərin xeyrinədir. Üstəlik, nəzərə alsaq ki, Bakı-Tiflis-Qars dəmir yoluna Gümrü-Qars dəmir yolunun qoşulması ehtimalı var, belədə gec də olsa ermənilər beynəlxalq layihələrə qoşulmaq imkanı əldə edirlər. Bu qoşulma onları beynəlxalq blokadadan xilas edir, ticarət əlaqələrini genişləndirir. Bu dəhlizə naz edirlərsə, özləri itirmiş olurlar. Xankəndidən Ermənistana çəkiləcək yolla, Zəngəzur dəhlizi eyni formada işləməlidir. Bir daha deyim ki, bundan ən çox qazanan ermənilər olacaq. Ancaq sözsüz ki, biz də Naxçıvanla əlaqəni bərpa edəcək, həmçinin Türkiyəyə çıxış əldə edəcəyik.