“Sülhəddin Əkbər də bildiyi həqiqətləri tam açmadı” – ASLAN İSMAYILOV

69

“Həmin hadisələrin yenidən təkrarlanmasını istisna etmirəm”

“4 iyun Gəncə qiyamı ilə bağlı neçə gündür cürbəcür çıxışları dinləyirəm. Heç birində səmililik, etiraf, baş vermiş hadisələri tam açan izahlar görmədim. Çox təəssüf edirəm ki, bu çıxışların arasında həqiqətə ən yaxın olan çıxışda belə, Azərbaycan Respublikasının keşmiş Milli Təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbər də bildiyi həqiqətləri tam açmadı (Azadlıq radiosuna verdiyi müsahibədə)”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər tanınmış hüquqşünas Aslan İsmayılova məxsusdur.

“Bəzi məqamlarda S.Əkbərin şəxsi baxımından qərəzli olduğunu gördüm”

“Bəli, dedikləri çox əhəmiyyətli hallar idi, ancaq onu yalnız hadisələri dərindən bilən, mükəmməl təhlil bacarığı olanlar başa düşə bilərdi. Belələri isə ölkədə onlar, yüzlər ola bilər. Həqiqətlər isə milyonlara lazımdır ki, onlar bu gün də at oynadan siyasət dəllallarını, torpaqlarımızın işğal olunmasında əhəmiyyətli rol oynayanları tanısın. Bəzi məqamlarda isə S.Əkbərin şəxsi baxımından qərəzli olduğunu gördüm”,-deyə hüquqşünas əlavə edib.

“S.Əkbər çoxlarından səmimidir, ancaq hansısa səbəblərdən bildiklərini tam açıqlamır”

A.İsmayılov qeyd edib ki, Sülhəddin Əkbəri birinci dəfə Gəncə həbsxanasında dindirərkən tanıyıb: “Əvvəllər də qeyd etdiyim kimi, həmin vaxtlar dindirdiyim bəlkə də yeganə insan idi ki, Gəncə həbsxanasında ola-ola Sürət Hüseynovun cinayətkar olduğunu, dövlətə qarşı qiyam qaldırdığını deyirdi. Dindirdiyim çoxlu sayda vəzifəli şəxslər isə ancaq öz təhlükəsizliyini düşünür və bütün varlığı ilə S.Hüseynovun qəzəbinə tuş gəlməməyə çalışdılar. S.Hüseynovu cinayətkar əməllərini ifşa edən açıq-aşkar suallarımı da bilə-bilə cavablandırmağa qorxurdular. Əminəm ki, S.Əkbər çoxlarından səmimidir, ancaq hansısa səbəblərdən bildiklərini tam açıqlamır. Bu isə bağışlanmaz haldır. Çünki onun bildiklərinin açıqlanması bu günümüz və gələcəyimiz üçün çox vacibdir. Ona görə ki, oxşar halların təkrarlanacağını və o vaxtlar ölkəmizi uçuruma yuvarlayan şəxslərin yenidən peyda olacaqlarına şübhə etmirəm. Həmin şəxslər bu gün də qonşu dövlətlər tərəfindən idarə olunurlar və bu gün də ölkəmiz üçün çox təhlükəlidirlər”.

“Heç bir bombardmandan, hərbi hissəyə hücumdan söhbət gedə bilməz”

“Bir fikir paylaşdığım yayımda olsa da, buradan bir daha vurğulayıram. Həmin hadisələrin həm Bakıda, həm də Gəncədə araşdırılmasında iştirak edən bir şəxs kimi qətiyyətlə təkrarlayıram ki, AXC hakimiyyətinin tək günahı həmin günlər S.Hüseynovun qiyam qaldırmış cinayətkar, xain dəstəsini zərərsizləşdirməməsidir. AXC hakimiyyəti həmin vaxtlar Gəncə qiyamına qarşı heç nə edə bilməmişdi. Ora göndərilən qüvvələrə əvvəlcədən tələ hazırlanmışdı və onlar da çox sadəlöhvcəsinə həmin tələyə düşmüşdülər. Heç bir bombardmandan, hərbi hissəyə hücumdan söhbət də gedə bilməz. Hadisə yerinə baxış keçirərkən əksini öz gözlərimlə görmüşəm. Hərbi hissənin kubik daşlardan olan divarları hərbi hissənin daxilinə yox, bayırına doğru uçmuşdu. Bu isə ondan xəbər verirdi ki, ağır hərbi texnika hərbi hissədən şəhərə doğru hərəkət etmişdi”,-deyə hüquqşünas xatırladıb.

 “Xahiş edirəm, həmin hadisələri olduğu kimi açıqlayın”

A.İsmayılov həmin hadisələrin iştirakçıları və şahidləri olan, o vaxtlar yüksək vəzifələr tutmuş, hadisələrin necə baş verdiyini yaxşı bilən Milli Məclisin sədri İsa Qəmbərə, Baş Nazir Pənah Hüseynova, Baş Prokuror İxtiyar Şirinova, Daxili İşlər naziri Abdulla Allahverdiyevə, Milli Təhlükəsizlik naziri Nizami Təhməzova və çoxsaylı digər şəxslərə müraciət edib: “Xahiş edirəm, həmin hadisələri olduğu kimi açıqlayın ki, bu günkü nəsil baş verənləri olduğu kimi bilsin və dövlətimizi qorumaq üçün həmin səhvləri təkrarlamasın. Həmin hadisələrin yenidən təkrarlanmasını isə istisna etmirəm”.

Şamo EMİN, Hurriyyet.org