Sülh müqaviləsi haqqında mülahizələr

156

Xaricdəki sosial şəbəkələrdə  çıxış edən bir çox təcrübəli, ağıllı politoloqlar Azərbaycanın bu müqaviləyə imza atmağının əleyhinə danışırlar. Və başa düşmək istəmirlər ki, başqa cür mümkün deyildi…

Dağlıq Qarabağ Muxtar Vilayətini 7 iyul 1923-cü ildə sovet hökuməti -Stalin və Orconikidze yaratdılar. Hətta bir gün qabaq “müstəqil respublika” etmişdilər. Lakin N. Nərimanovun qəti etirazına görə, ertəsi gün yenidən iclas çağırıb, Azərbaycanın tərkibində muxtar vilayət statusu verdilər. Bu vilayət 1991-ci ilin noyabr ayına qədər mövcud oldu.  Amma bu 70  ildə ermənilər orada nə azğınlıqlar törətdilər, bunu Allah bilir. Və Mircəfər Bağırov da təəsüf ki, heç bir müqavimət göstərə bilmirdi. Belə ki, Mikoyanın varlığı və Stalinə qılığı nəticəsində heç kim onlara güldən ağır söz deyə bilmirdi.

Ən əvvəl Dağlıq Qarabağın rayon mərkəzlərinin adlarını dəyişdilər. Xankəndi, Xocavənd və Ağdərənin adını dəyişib müvafiq olaraq Stepanakert, Martuni və Mardakert qoydular. Eyni zamanda bir çox kəndlərin də adlarını dəyişdilər. Çünki 20-30-cu illərdə ermənilər hər yandan axışıb bu səfalı rayon və kəndlərdə məskunlaşmışdılar və nəticədə sayca çoxluq təşkil etdilər. Bu yerlərin əsl sahibi olan azərbaycanlılar millətçilik kimi təhlükəli damğanın  qorxusundan ağzını açıb danışa bilmirdi.

Beləliklə 1990-cı illərdə artıq Dağlıq Qarabağın əhalisində mütləq çoxluq ermənilərə məxsus idi. Onlar bu çoxluqdan istifadə edib, bu gün deyiləsi çətin olan bəzi səbəblər nəticəsində ayağa qalxıb, müstəqillik tələb etdilər. Nala-mıxa vuran sovet rəhbərliyi də başqa çıxış yolu görməyib, ora qoşun yerləşdirdi. Sonrasını da hamı bilir. Yüngülcə bir-iki illik  müharibə və 7 rayon çox asanlıqla ermənilərə bağışlandı.

Lakin BMT Təhlükəsizlik Şurası və dünya ictimaiyyəti Dağlıq Qarabağı respblika kimi tanımadı. Çox qəribədir ki, hətta bir-birlərini əvəz edən Ermənistan prezidentləri də buna getmədilər. Çünki oranı Ermənistanın bir hissəsinə çevirmək çox qəliz və müşkül məsələ idi. Müstəqil dövlət kimi tanımaq da gülünc çıxırdı. Belə ki, hələ dünyada eyni xalqın iki dövləti yoxdur.  Nəticədə heç yerdə tanınmasa da, Dağlıq Qarabağ özünü tamamilə müstəqil dövlət kimi aparırdı. Hər cür seçkilər keçirir, hətta özlərinə “prezident” də seçirdilər.

Bütün bunlara baxmayaraq, sovet dövründə Azərbaycan xalqı özünü çox qəribə aparırdı. Yəni hər yanda, hətta Bakıda da ermənilərlə dostluq edir və hətta erməni qızları ilə də evlənirdilər. Ermənistandan və Dağlıq Qarabağdan, o cümlədən işğal olunmuş yeddi rayindan yüz minlərlə azərbaycanlılar qovulduğu halda Bakıda yaşayan 30 min erməni uzağı pasportlarını dəyişib şad-xürrəm yaşayırdılar və bu gün də yaşayırlar.

Dağlıq Qarabağ konfliktini həll etməli olan və ATƏT-in Minsk qrupu da vaxtaşırı hey toplaşır, naqqallıq edir, dağılışıb gedir, yenə hər şey əvvəlki şəklində qalırdı. Ermənilər yavaş-yavaş nəinki Dağlıq Qarabağı, hətta əldə etdikləri həmin 7 rayonun şəhər və kəndlərində də məskunlaşırdılar. Hətta iş o yerə çatmışdı ki, yüz illər ərzində bir nəfər erməni də yaşamayan Kəlbəcər, Laçın, Qubadlı və Füzulinin də adlarını dəyişirdilər. Və başda Rusiya olmaqla heç kim də onlara güldən ağır söz demirdi.

Bir sözlə, 70 ildən bəri Dağlıq Qarabağın nəyi bizim idi? Adımı?  Adlarını  da dəyişmişdilər. Əvvəllər də olduğu kimi, bizə ancaq ümid qalmışdı. Amma axı illər keçir, Dağlıq Qarabağın və işğal olunmuş rayonların əhalisi qocalır, ölürdü. Övladları isə  bu barədə ya çox az düşünür, ya da heç düşünmürdülər. Bu minvalla 20-30 il də davam etsəydi, nəinki Dağlıq Qarabağ, hətta həmin gözəl, səfalı, əzəli Azərbaycan şəhər və kəndləri də unudulub gedəcəkdi.

Amma görünür, təbiətin də gözəgörünməz qanunları var. Məsələ burasındadır ki, Ermənistanda riyakarlıq edən hiyləgər prezidentlər dəyişiləndən sonra 2018-ci ildə  hakimiyyətə Sorosun nökəri, Rusiydan xoşu gəlməyən, Avropameylli tərs, inadkar və hədsiz dərəcədə axmaq bir siyasətçi – Nikol Paşinyan gəldi. Və bu adam Qarabağda sərhəddə dayanan Azərbaycan əsgərlərini snayperlə öldürtməyə başladı. Cəmi iki il ərzində onlarla cavan əsgər onların qurbanı oldu. Üstəlik, bu qudurğan axmaq nümayişkaranə Azərbaycan rəhbərliyini təhqir etməyə, ələ salmağa başladı. Şuşaya gəlib bayram etdi və “yallı” oynadı. Amma xəbəri yox idi ki, Azərbaycan hökuməti də öz işini görür. Ordunun döyüş qabiliyyətini təkmilləşdirir, İsraildən müasir, qabaqcıl hərbi texnika alır, bir sözlə ciddi şəkildə müharibəyə hazırlaşır. Ermənilər isə o qədər qudurmuşdular ki, Azərbaycanın daha bir neçə rayonunu işğal etmək, hətta Bakıyacan gəlmək istədikərini əməli işlə nümayiş etdirmək istəyirdilər.

Nəhayət, bu ilin 27 sentyabrında Azərbaycan ordusu hərəkətə gəldi. Necə ki, 1941-ci ilin iyun ayının 22-də  milyonlarla sovet ordusu Polşa sərhəddində yeyib-içib yatır, yağ içində olan tank, top və təyyarələr istirahət edirdilər. Eləcə də ermənilər Azərbaycan ordusunun bu gözlənilməz hücumu qabağında demək olar ki, darmadağın edildilər. Cəmi 44 gün gün ərzində nəinki böyük ərazilər, hətta Dağlq Qarabağın ürəyi olan Şuşa da 28 il, 6 aydan sonra sonra geri alındı.

Dönə-dönə Putinə kömək üçün yalvaran Paşinyanın telefon zənglərinə Putin niyə cavab vermirdi? Bura iki-üç məsələ var. Biri odur ki, Putinin Paşinyandan onu Rusiyanı saya almamasına, Qərbə yaltaqlanmağına görə zəhləsi gedir, bir tərəfdən onunla yaxşı münasibətdə olan Azərbaycanı itirmək istəmir, üçüncü tərəfdən beynəlxalq hüquqları pozub özgə dövlətlərin işinə müdaxilə etməkdən çəkinir və nəhayət az da olsa haqq və ədalətin əleyhinə getmək istəmirdi. Lakin Azərbaycan ordusu Dağlıq Qarabağın mərkəzi Xankəndinin qapısı ağzına çatanda başa düşdü ki, tamamilə kənarda qalacaq və digər ölkələrdə də bu cür hadisələr baş qaldıracaq. Buna görə heç şübhəsiz ki, əvvəldən nəzərdə tutduğu kimi, bir gecədə Paşinyan və İlham Əliyevi sülh müqaviləsi bağlamağa məcbur etdi.  Paşinyan ona görə imza atdı ki, nəinki ayrı çıxış yolu yox idi, hətta ümumiyyətlə Ermənistanı da itirə bilərdi.  Çünki böyük Türkiyə Azərbaycanın arxasında durmuşdu.

Xaricdəki sosial şəbəkələrdə  çıxış edən çıxış edən bir çox təcrübəli, ağıllı politoloqlar Azərbaycanın bu müqaviləyə imza atmağının əleyhinə danışırlar. Və başa düşmək istəmirlər ki, başqa cür mümkün deyildi. Rusiyadan – Putindən nə desən gözləmək olar. Aydındır ki, Ermənistandakı helikopteri özü məhv etdi. Eləcə də Abşerona atılan  “İsgəndər” raketi də Putinin işi idi və ordumuz Xankəndini, Xocavəndi, Ağdərəni  tamamilə  alsaydı, Rusiya müharibəyə qoşulacaqdı. Kim ona nə deyəcəkdi?  Bütün beynəlxalq təşkilatlar buna ya etiraz etməyəcək, ya da etiraz etiraz etsələr də elə belə – sözgəlişi belə hərəkətlərdən çəkinməyə çağıracaqdılar, vəssalam. Neçə milyonluq rus ordusu isə asanlıqla Dərbənddən keçib, 2008-ci ildə Gürcüstanda olduğu kimi bütün Azərbaycanı işğal edəcəkdilər. Türkiyənin isə Rusiya ilə tammiqyaslı müharibəyə girməyə imkanları yoxdur.

(ardı var)  Əlisa  NİCAT