“Sülhəddin Əkbərin dedikləri inandırıcı deyil” – Fazil Mustafa

99

Hərəkat və proseslər cəmiyyətdə olan müəyyən dinamikaya söykənir. Bunun iştirakçıları da çox informasiyaya malik olmurlar. Bu proseslər üzərində xüsusi xidmət orqanları, başqa qurumlar özlərinin tellərini qurub iş görməyə çalışırlar. Hərəkatın içinə öz adamlarını da yerləşdirirlər, bəzi addımlar da atırlar. Amma bütün bunlar hərəkatın və ya prosesin sistemi şəkildə kimlərsə tərəfindən planlaşdırıldığı mənasına gəlmir.

Hurriyyet.org xəbər verir ki, bu fikirləri Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa AXC hakimiyyəti dönəmində milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində işləmiş Sülhəddin Əkbərin 1989-cu ilin 31 dekabrında sərhədlərin sökülməsinin xüsusi xidmət orqanlarının tapşırığı olmasına dair fikirlərini şərh edərkən deyib.

Fazil Mustafa bu fikirlə razılaşmadığını qeyd edib: “Bunu planlaşdıran insanlar çox vaxt hara qədər gedə biləcəyini belə bilmirlər. Sadəcə etirazçı kütlə nəyisə dəyişmək istəyir. Daha çox “Güney Azərbaycan” şüarı ilə xalq hərəkatına gələnlər hərəkatverici qüvvə olduğundan bu cəlbedici proses olur. Ola bilsin ki, kimlərsə burada qabarıq şəkildə iştirak edib və ya qərarın alınmasında rolu olub. Amma kiminsə fikirləri ilə bu boyda kütlənin proseslərdə işirakı inandırıcı deyil. Məncə, bu, hərəkatın gözdən salınması istiqamətində atılan addımdır. Burada problem odur ki, 1918-ci ildə yetişən nəsil 1990-cı ildə yetişmədi. Əksinə hamısı onlarla müqayisədə zəif idi. Qlobal dünya siyasətinə hazır olmayan obrazlar idi. Sərhədin sökülməsinə, mitinq keçirilməsi, tətil elan edilməsinə məhəlli mübarizə kimi baxırdılar.

Məncə, problem burada idi. Kütlənin başına gələn adamlar qlobal düşüncə ilə prosesi idarə etmək imkanına sahib deyildilər.

Məncə, problem burada idi. Kimsə meydanın qabağına çıxmışdı və daha çox şeir deyirdi. İstiqamətverici, fəlsəfi baxışın və hansısa dəyərlərin daşıyıcısı kimi görünsələr də, bunun fundamental nəzəri bazasını hazırlayan şəxslər deyildi. Burada təsadüfi şüarlar və addımlar rol oynayırdı. Mən tələbə hərakatında təmsil olunmuşam. Çox şeylər ani qərarla qəbul olunan məsələlər idi. Ermənilərin Qarabağda etdiklərinə qarşı başlanan proses idi və onlara nəiləsə cavab vermə prosesi idi. Odur ki, filankəs idarə etdi, behmankəs başçılıq etdi kimi məsələlər əsassızdır”.