“SÜKUT RƏQSİ”

204

“… Mən həmişə Ülvini itirmək qorxusu ilə yaşayırdım. O, mənim ömrümə gec gəldi. Üç il əl açıb Allahıma yalvardım ki, “Allahım, mənə övlad qismət et, necə versən qəbulumdur. Təki mən övlad qoxusun, analıq duyğusun yaşayım”. Allah səsimi duydu. Gec gələn sevincim məni tez tərk etdi”.

Acının rəngi olmur, ancaq bütün acıların ürəkdəki sızıltısı eyni olur. Hələ şəhid dərdi düşən ürəklərin hər biri eyni yanır. Hər şəhid anasının övlad həsrətini izah edən cümləsinin sonuna nakam arzular nöqtə qoyur. Bu nakam arzuların hər biri isə ürəkdə acının bir izini salır. Övlad dərdi ilə sızlayan bir qəlb sahibi də Səyyarə anadı. Səyyarə ananın Ülvisini izah edən hər cümləyə göz yaşları şahid oldu.

Rəfiyev Ülvi Rəfail oğlu 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuşdu. İllərdən sonra ailənin övlad həsrətinə Ülvi gəlişi ilə nöqtə qoymuşdu. Qədəmləri uğurlu olan Ülvidən sonra qardaşı Ülvan dünyaya gəlmişdi. Ailənin xoşbəxt günləri övlad adlı çırağın nuru ilə işıqlanırdı. Hər kəlməsi, hər hərəkəti qəlb oxşayan Ülvinin ipək qəlbində pislikdən əsər – əlamət yox idi. Sanki Allah onu yer üzünə seçib göndərmişdi. Ülvi 2002-ci ildə Xətai rayonunda 263 N-li  məktəbdə təhsil almağa başlamışdı. Rəqsə çox böyük marağı olan Ülvi eyni zamanda 30 N-li Pionerlər evində peşəkar rəqsə getmişdi. Bütün məktəb tədbirlərində öz ecazkar rəqsi ilə ürəkləri fəth etməyi bacarmışdı. 2013-cü ildə məktəbi bitirmiş və elə həmin il Azərbaycan Dövlət Sənaye Universitetinə (ADNSU) qəbul olmuşdu. Universitet dövründə də universitetin nəzdində fəaliyyət göstərən “Gənclik rəqs qrupu” adı altında rəqsləri ilə göz oxşamağa davam etmişdi. Ülvi rəqs yoldaşları ilə birlikdə ölkəmizi bir çox yarışlarda təmsil etmiş və qalibiyyət qazanmışdı. Türkiyənin ən məhşur yarışma proqramı “Yetenek sizsiniz” də yarımfinala qədər irəliləyən qrup Almaniyada festivallara qatılaraq da rəqslərimizi dünya ölkələrində təbliğ etmişdilər. “Gənclik rəqs qrupu” 2015-ci ildə Avropa oyunlarının açılış və bağlanış mərasimində, 2017-ci ildə Formula 1 yarışlarında, 2017-ci ildə İslam oyunlarının açılışında möhtəşəm performansları ilə adından söz etdirməyi bacarmışdı. Həyat eşqi ilə ətrafına sevinc bəxş edən Ülvi ömür kitabına çox uğurlarla imza atmışdı.

Ülvi 2017-ci il iyul ayında vətən borcunu ödəmək üçün hərbi xidmətə yollanmış, xidmətini atəşkəsin hər gün pozulduğu Füzulinin Əhmədbəyli kəndində keçmişdi. 2018-ci ildə xidmətini başa vurub qayıtdıqdan sonra fərdi işlərlə məşğul olmuşdu. Aldığı təhsilə uyğun bir işin peşəkar işçisi olmaq ən böyük arzusu idi. Ancaq çox arzuları kimi o bu arzusuna da çatmadı.

Ülvi sevməyi gözəl bacarırdı. Çünki qəlbi gözəl idi. Bu gözəl qəlbin sahibi isə Nəcibə xanım idi. Üç ay könül verdiyi xanımla əhd-peyman bağlamaqda qərarlı idi. Anasına “yarı parçamı tapmışam” deyərək iyunun 25-i sevdiyi xanıma elçi göndərmişdi. Sevənlərin ucsuz – bucaqsız sevgiləri ailələri də bir – birinə bağlamışdı. Dörd aya o qədər gözəl anlar sığdırılmışdı ki, bir ömür o xoşbəxtliyin hər anı xatırlanacaq.

Hər bir vətən oğlunun vətənin azadlıq mübarizəsinə qatıldığı o günlərdə Rəfiyevlər ailəsinin iki oğul övladı da vətənin keşiyində durdular. Həmin vaxtlarda hərbi xidmətdə olan Ülvan vətənə olan borcunu yerinə yetirirdi. Ülvi isə vətən uğrunda gedən müharibədə ön cəbhədə fədakarcasına mübarizə aparırdı. Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə qazanılan zəfərdə Ülvinin də böyük payı var. Döyüş yoldaşlarının dediyinə görə Ülvi neytralda qalan şəhidlərin nəşlərini o ərazilərdə qoymurmuş. “Onlarla çörək kəsmişik, cənazələrin ailələrinə çatdırmaq borcumuzdur” deyirmiş.

Ülvi heç zaman özəl günləri unutmurdu. 25 oktyabrda onun nişan günün dörd ayı tamam olan gündü. Bir gün öncə sevdiyi xanıma zəng edib “sabah səhər 10-da anamgildə ol, sənə sözüm var” deyib. Dostuna isə bir buket gül bağladıb həmin gülün üzərində “əllərimizin qovuşacağı günə az qaldı” sözlərini yazdırıb, anası gilə çatdırmağı xahiş edib. Hər gün saat 10-da evlərinə zəng edən Ülvidən bu dəfə zəng gəlməyib. Saat 11-də ailəyə gələn zənglə hər kəs yerlə yeksan olub. Ülvinin döyüş yoldaşı Ülvinin atasına zəng edib oğlunun yaralandığını onu xəstəxanaya götürdüklərini deyib. Sonradan məlum olub ki, telefonu sınan Ülvinin son kəlmələri atasının telefon nömrəsi olub. Ayağından ağır qəlpə yarası alan Ülvi yolda qan itirmədən şəhid olub. Ailə isə oğlunu xəstəxanalarda axtarmağa başlayıb. Axtarışları heç bir nəticə verməyən ailənin ümidlərinə Ülvinin yaralı olduğu xəbərini verən əsgərin “başınız sağ olsun, Ülvi yolda şəhadətə ucalıb” sözləri nöqtə qoyub. Beyləqanda oğullarının nəşini son dəfə sevib oxşayan ata və ana Ülvini son dəfə öz evlərinə gətiriblər. Ülvi həmişə deyirmiş ki, “mən özümə elə bir toy edəcəm ki, hər kəs o toyun möhtəşəmliyindən danışsın” . Ülvi dediyini etdi. Ancaq fərqli şəkildə. O son dəfə evinə elə bir izdihamla döndü ki, hər kəsi göz yaşlarına qərq etdi. Təəccübləndirməyi bacardı. Çox arzular gecənin zülməti tək qaranlığa qərq oldu. Xəyallardan gülən gözləri asıldı, ürəklərdə Ülvi adı həkk oldu. Bir ürəkdə isə tam başqa cür qaldı Ülvinin adı. Sevdiyi, könül verdiyi Nəcibəsinin ürəyi nakam eşqin, bitməyən həsrətin ünvanına çevrildi. Barmağındakı üzüyü sevdiyinin ilk və son nişanəsi oldu. Əmanəti isə Ülvinin ata, anası…

Ülvi gedən gündən nə Nəcibə nə də ailəsi Ülvinin ailəsini tək buraxmayıblar. Bəlkə də ailəni bu gün ayaqda tutan Nəcibənin şəhid sevgisinə sadiqliyidir. Özü ailəyə, dosta, sevdiyinə hətta tutduğu komandaya sadiq olan Ülviyə də hər kəs sadiqdir. Heç kim onu yox kimi qəbul etmir. Hər kəs Ülvini özü ilə bərabər yaşadır. Bu gün Ülvinin məzarı üstə, evinin önündə Azərbaycan, Türkiyə bayraqları ilə yanaşı Fenerbahçe futbol klubunun bayrağı da dalğalanır. Onu onsuz, yaşatmaq çox çətindir. Dostuna yazdığı son “mənə bir şey olsa mən sənin əmanətinəm” sözləri isə əslində Ülvinin dönüşü olmayacaq yolda olduğunun xəbərçisi imiş.

Rəqsləri ilə ürəkləri riqqətə gətirən rəqqasın səssizcə gedişinə də alqış çalındı. Bu dəfə Ülvi “sükut rəqsi” ilə yaddaşlarda qaldı. Hər zaman səhnələrdə izdihamla qarşılanan rəqqas şəhid ən böyük izdihamı gözləri ilə deyil ruhu ilə gördü. Nur üzlü şəhidin cismi Hövsandakı Yeni bahar qəsəbəsində yerləşən Dədə Qorqud qəbirsanlığında torpağa tapşırıldı. İndi onun məzarı çox insanların ziyarətgahına çevrilib. Əbədiyaşar qəhrəman Rəfiyev Ülvi Rəfail oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra “VƏTƏN UĞRUNDA ” və “XOCAVƏNDİN AZAD OLUNMASINA GÖRƏ” medalları ilə təltif edilib.

 

ŞƏHİD ÜLVİ

 

Həyatın nəğmə tək qəlbə toxundu,

Duyanlar bu nakam ömrə ağladı.

Al-əlvan məzarın önündən keçən,

Hər insan astaca ayaq saxladı.

 

Elə bil məzarda donan şəkilin,

Nakam arzulardan bir xəbər verir.

Səni tanıyan da tanımayan da,

Özünün ən doğma insanı bilir.

 

Sən neçə arzunla birgə dəfn oldun,

Torpağın buz tutan qoynunda şəhid.

Qürurla zirvədə ucalan bayraq,

İndi məzarında dikilib igid.

 

Bütün nəğmələrin ritmini tutdun,

Sonuncu nəğmənlə ağlatdın bizi.

Gülən gözlərini soyuq məzarda-

Görən hər insanın ağlayır gözü.

 

Bir də heç əlindən düşməyən bayraq,

Vətən bayrağıyla qoşa asılıb.

Ülvi, qazandığın zəfərdən sonra,

Bütün zəfər vaxtı adın anılıb.

 

Hələ bilmədiyim neçə arzunun,

Üzünə bu həyat qapı bağladı.

Çata bilmədiyin bütün arzular,

Sənin dəfn olduğun qəlbi dağladı.

 

Ah, mənim qəhrəman unudulmazım,

Adının işığı düşür vətənə.

Nə qədər işıqlı günlər yaşasaq,

Bil ki, minnətdarıq şəhidim, sənə.

Manya SƏXAVƏTQIZI