“Strateji idarəetməsi olmayan ölkənin sabahı olmur, yalnız bu günlə yaşayır” – RÖVŞƏN AĞAYEV

45

"Məskunlaşmadakı hazırkı artım sürəti davam etsə, yəqin 3-5 ilə insanlar evlərindən çıxmaz hala gələrlər"

"İdarəetmə hər addım 10-20, bəzi vacib məsələlərdə hətta 50-100 il sonranı planlaşdırma əsasında atılmırsa, demək ki, bütün qərarlar strateji deyil, cari yanaşmalar (düşüncələr) əsasında verilir. Avtomobil Yolları Dövlət Agentliyiinin rəhbəri Saleh Məmmədov dünən mediaya deyib ki, Bakı-Sumqayıt yolu 7-10 min avtomobilin hərəkət sayına hesablansa da, istiqamətdə yaşayışın və müəssisələrin sayının artması nəticəsində hərəkət sayı hazırda 12-14 min arasındadır". Hurriyyet.org xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

Bu yolun son 10-12 ilin məhsulu olduğunu vurğulayan iqtisadçı ekspert hesab edir ki, əgər uzunmüddətli əraz və iqtisadi planlaşdırma, ərazilərin baş planı olsaydı, həm məskunlaşmada, həm də iqtisadiyyatda artım dinamikasını görmək olardı: "Nəticədə infrastruktur da ona uyğun planlanardı. Xırdalanı da son 15-20 ildə bu cür idarə ediblər. Maksimum 100-120 min nəfərə hesablanan şəhər yollarından bu gün real olaraq 220-250 min nəfər istifadə etdiyi bildirilir. Məskunlaşmadakı hazırkı artım sürəti davam etsə, yəqin 3-5 ilə 300-350 minə çatar və insanlar evlərindən çıxmaz hala gələrlər. Strateji idarəetməsi olmayan ölkənin sabahı olmur, yalnız bu günlə yaşayır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org