Stalindən Beriyaya gecə zəngi – bir vaza banana görə vəzifəsindən götürülən nazir

36

Hərbi texnika əvəzinə banan… Bəli, qəribə səslənir. Amma nə qədər qəribə görünsə də, nə vaxtsa SSRİ rəhbərliyi bu cür mal mübadiləsinə razılıq veriblər. Özü də elə bir ərəfədə ki, ölkənin iqtisadi vəziyyəti o qədər də ürəkaçan olmayıb…

SSRİ-nin mövcud olduğu 70 il ərzində ölkə vətəndaşları üçün çox şeylər əlçatmaz olub. Məişət texnikası, dəbdə olan geyimlər, ev əşyaları və s. almaq üçün insanlar uzun növbələr gözləyiblər. Mənzil və şəxsi avtomobil sahibi olmaq üçün isə, illərlə gözləmək lazım olub. Çatışmazlıqlar yalnız bunlarla bitməyib. Sovet vətəndaşları gündəlik tələbat malları, ərzaq məhsulları almaqda da problemlər yaşayıblar. Bu sıradan ekzotik meyvələr defisit mallar siyahısının birinci sırasında yer alıb, xüsusilə də banan.

Banan SSRİ-yə ilk dəfə 1938-ci ildə gətirilib. Buna qədər bu ekzotik meyvə yalnız Çar Rusiyası dövründə, 1910-1915-ci illərdə Moskvanın ən bahalı dükanlarında satılıb. Sovet hökuməti qurulduqdan sonra isə ölkə insanları bananın nə olduğunu bilməyiblər.

Artıq 1939-cu ilin yanvar ayının 15-də SSRİ-nin aldığı 20 ton banan ilk olaraq satış üçün Moskva, Leninqrad və Kiyevin qastranomlarına paylanılıb. Kiyev qəzetlərində bununla bağlı maraqlı anonslar gedib: “Banan Kiyevə gəlir”, “Yaxın günlərdə Kiyev qastronomlarında ekzotik qoxu olacaq” və s.

SSRİ-yə gətirilən ilk bananlardan Stalinə də təqdim olunub. Meyvə hədsiz dərəcədə onun xoşuna gəlib. İkinci dünya müharibəsi başlanandan sonra bananın SSRİ-yə idxalı dayanıb. Amma “vneştorq” daimi olaraq Stalinin banan tədarükünü görüb.

1945-ci ildə Stalin SSRİ-yə bananın idxal olunması ilə bağlı Anastas Mikoyana tapşırıq verib ki, Moskva və müttəfiq respublikaların paytaxtlarında banan satışını təşkil etmək lazımdır. Mikoyan banan həvəskarı olmadığından bu məsələyə ciddi yanaşmaq istəməyib və Stalinə bildirib ki, bananın alınması üçün kifayət qədər valyuta sərf etmək lazımdır. Stalin çıxış yolunu erməni nazirə başa salıb:

– Biz onlara hərbi texnika, onlar bizə banan.

Bununla da məsələ həll olunub. Banan əsasən Çindən və Vyetnamdan idxal olunub.

Banan SSRİ-yə iki növdə göndərilib, tam yetişməmiş və qurudulmuş. Tam yetişməmiş, yaşlı rəngli məhsul ona görə göndərilib ki, daşınma müddəti nəzərə alınıb. Artıq SSRİ vətəndaşları da yaxşı biliblər ki, yaşıl rəngli bananı kağıza büküb qaranlıq yerdə bir neçə gün saxladıqdan sonra o, tam yetişir.

Banan üçün Moskvanın və SSRİ-nin digər böyük şəhərlərindəki mağazalarda uzun-uzadı növbələr düzülüb. Bu meyvə sovet ailələrində az qala bayram simvoluna çevrilib. Amma çox keçməmiş sovet ailələri üçün bayram ovqatı yaradan banan, sovet məmurları üçün kifayət qədər ciddi problem yaradıb.

Belə ki, 1951-ci ildə, həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin müavini olan Anastas Mikoyan Suxumidə istirahət edərkən, Stalin də həmin şəhərdə dövlət bağında istirahətdə olub. Mikoyan öz həyat yoldaşı ilə onu ziyarət etməyə gedib. Həmin axşam Georgi Malenkov da Suxumiyə gəlib. Stalin ziyafət təşkil edib. Qonaqlıq xeyli uzanıb. Gecə saat 4-də süfrəyə Stalinin sevdiyi meyvəni, bir vaza banan gətiriblər. Stalin bananı yeyəndə üzünü Mikoyana tutub:

– Anastas, bu banan kartof dadı ver. Götür birini yoxla, keyfiyyətinə qiymət ver.

O, Malenkova da banan yeməyi təklif edib. Mikoyan bananı yedikdən sonra fikrini bildirib:

– Bəli, yoldaş Stalin, tam yetişməyib, ona görə bu cür dad verir. Yetişməyini gözlmək lazım idi.

Mikoyan elə düşünüb ki, irad Stalinin ötəri bir fikridir. Amma yox, Stalin məsələni ciddiləşdirib:

– Yox, Anastas, söhbət yetişib-yetişməməkdən getmir. Bananın keyfiyyəti problemlidir. Buna nəzarət edən yoxdur?
Söhbətə Malenkov müdaxilə edib:

– Əlbəttə ki, var, yoldaş Stalin, Xarici Ticarət Nazirliyi birbaşa buna nəzarət edir, cavabdehlik daşıyır.

– Mən bunu hiss etmirəm, necə ola bilər ki, ölkəyə gətirilən mallar nəzarətdən keçmədən istifadəyə verilir.

Mikoyan vəziyyətin ciddiliyini hiss edib məsələni yumşaltmağa çalışıb:

– Yoldaş Stalin, mən xarici ticarət naziri olmuş bir şəxs kimi deyə bilərəm ki, daxil olan bütün mallara nəzarət var. Amma qutularda gələn bananların hamısını bir-bir yoxlamaq mümkün deyil.

– Bəs onda bunu necə anlayaq, sən nazir olanda banan keyfiyyətli olurdu, indi nazir Mixail Menşikovdur, banan keyfiyyətsizdir. Deməli, onun işi keyfiyyətsizdir. Bu məsələni ciddi araşdırmaq lazımdır. Mən bunu sizin ikinizə həvalə edirəm və bir də Beriyaya.

Stalin elə həmin otaqdakı telefonla Beriyaya zəng vurub:

– Lavrenti, sənin bu vaxt yatmağının nəticəsidir ki, Xarici Ticarət Nazirliyinin fəaliyyətindəki qüsurlar mənim masamın üstünə gəlib çıxır.

Stalin telefonda qısa şəkildə məsələni Beriyaya agah edib. Beriya isə bu vaxtsız zəngə həmişə olduğu kimi konkret cavab verib:

– Məsələ ilə bağlı ən ciddi tədbirlər görüləcək.

Moskvaya qayıtdıqdan sonra Malenkov, Beriya və Mikoyan görüşüblər. Müzakirələrdən sonra üçlük belə qərara gəlib ki, “banan işi” adı altında cinayət işi qaldırmaq mənasız məsələdir. Amma buna baxmayaraq, Stalini sakitləşdirmək üçün onlar xarici ticarət naziri Mixail Menşikovu vəzifəsindən azad olunması ilə bağlı qərar çıxarıblar.

Beləliklə də, kilosu 2 rubl olan banana görə, 2 il nazir postunda əyləşən Menşikov öz vəzifəsi ilə vidalaşıb.

Siyasi fəaliyyətində olduğu kimi, ən adi məsələlərdə də Stalinin kaprizləri bitib tükənməyib. Amma təbii ki, məsələ bananda deyildi, diqqətli olmaqdaydı../musavat.com/