“SSRİ-nin bərpası Putinin boş xəyallarıdır” – SƏRDAR CƏLALOĞLU

126

“Heç bir respublika könüllü olaraq Rusiyaya birləşməyəcək, deməli, SSRİ-nin bərpası ehtimalı da yoxdur”

“Putin özünü törətdiyi cinayətlərə görə məsuliyyətdən qurtarmaq üçün konstitusion toxunulmazlıq hüququ əldə etməklə ömrünün sonuna qədər ədalət məhkəməsindən gizlənmək istəyir”

Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, bugünlərdə Rusiyada keçirilən referendumda seçicilərin 78 faizə yaxını konstitusiyaya edilən dəyişiklikləri dəstəkləyib, 21 faiz isə paketin əleyhinə səs verib. Bu isə o deməkdir ki, artıq Rusiya prezidenti Vladimir Putin hakimiyyətini möhkəmləndirməklə yanaşı, 2036-cı ilə, yəni 84 yaşına qədər hakimiyyətdə qalmaq şansı əldə edib. Putinin demək olar ki, ömürlük iqtidarda qalması isə Azərbaycan da daxil olmaqla, Cənubi Qafqaz dövlətlərinə, o cümlədən, Baltikyanı, Orta Asiya, Yaxın Şərq, Şərqi Avropa və digər dünya ölkələrinə yaxşı heç nə vəd etmir. Çünki konstitusiyaya edilən dəyşikliklərdən sonra daha da avtoritarlaşan Rusiya gələcəkdə ilk növbədə qonşularına əlavə problemlər yarada bilər.

Rusiyanın “velikaya derjava” yolunda, SSRİ-ni bərpa etmək istiqamətində önünü açan dəyişikliklərdən sonra Azərbaycana qarşı ərazi iddiası səsləndirilib

Nəzərinizə çatdıraq ki, artıq bunun ilkin işartıları görünməkdədir. Belə ki, Putinin maraqlarına xidmət edən, Kremlin “velikaya derjava” yolunda, SSRİ-ni bərpa etmək istiqamətində önünü açan dəyişikliklərdən sonra rus mətbuatı bildirir ki, son 20 ildə Rusiya Federasiyasının demarkasiyası çərçivəsində ərazilərinin və sularının bir hissəsini Çin, Norveç və Azərbaycana verilib. Bu isə birmənalı şəkildə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün ciddi təhdid anlamına gəlir. Qeyd edək ki, Putin özü də bir müddət öncə “Rossiya” kanalına verdiyi müsahibəsində “Keçmiş SSRİ respublikalarının keçmiş böyük dövlətin bərpasıyla bağlı qorxuları tədricən aradan qaldırılır”, deyə bildirib. Bundan başqa, keçmiş respublikalar arasında inteqrasiyanın genişlənməsində qəribə heç bir şeyin olmadığını vurğulayan Putin hesab edir ki, inteqrasiya istənilən qədər irəli getməsə də, bu mümkündür. Buradan da belə qənəatə gəlmək olar ki, Rusiya prezidenti SSRİ-nin bərpasının qaçılmaz olduğuna işarə edib. Bir neçə gün əvvəl, “Rossiya 1” telekanalında yayımlanan “Moskva .Kreml. Putin” proqramına müsahibəsində isə o, SSRİ Konstitusiyasında respublikaların İttifaqdan çıxmaq hüququ haqqında tezisin “yavaş fəaliyyət göstərən mina” olduğunu bəyan edib: “Sovet konstitusiyasında respublikaların SSRİ-dən çıxmaq hüququ haqqında Leninin tezisi qoyulmuşdu. Rusiyanın bu cür şeylərdən qaçması lazımdır. SSRİ Konstitusiyasında respublikaların İttifaqdan çıxmaq hüququ haqqında tezis “yavaş fəaliyyət göstərən mina” olub. Bu, Leninin respublikaların ittifaqdan çıxmaq hüququ haqqında tezisi idi. Bu, hələ 1922-ci ildə Sovetlər İttifaqı yaradılan  zaman qoyulmuşdu. Ona görə də hazırkı konstitusiyaya düzəlişlərin edilməsi ilə bağlı qərar tamamilə düzgün idi. Bu düzəlişlər bizim dövlətçiliyimizi möhkəmləndirəcək, ölkəmizin onilliklər boyu mütərəqqi inkişafı üçün şərait yaradacaq”.

“Rusiya konstitusiyasına edilən dəyişikliklər və bununla da Putinə 2036-cı ilə qədər hakimiyyətdə qalmaq imkanının verilməsi rus təhkimçilik ənənəsinin yeni dövrdə rəsmiləşdirilməsidir”

Beləliklə, məsələ ilə bağlı mövqeyini “Hürriyyət”lə bölüşən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, Rusiya konstitusiyasına edilən dəyişikliklər və bununla da Putinə 2036-cı ilə qədər hakimiyyətdə qalmaq imkanının verilməsi rus təhkimçilik ənənəsinin yeni dövrdə rəsmiləşdirilməsidir: “Bildiyiniz kimi, Rusiya uzun illər təhkimçilik hüququ ilə yaşayıb. Buna görə də Rusiya vətəndaşları təhkimçiliyə meyillidir. Məhz bu səbəbdən də onlar demokratik dəyərlərdən imtina edib Putinə ömrünün sonuna qədər prezident olmaq imkanı veriblər. Əslində, bu, Rusiya vətəndaşlarının dövlətin siyasi həyatında iştirak etmək hüququndan imtina etmələri deməkdir. Bu da yeni dövr təhkimçiliyindən başqa bir şey deyil. Yəni bununla da Rusiyada yeni dövr təhkimçilik hüququ bərpa olundu”. ADP sədrinin fikrincə, Putinin ömrünün sonuna qədər hakimiyyətdə qalması dünya siyasətində heç bir müsbət dəyişikliyə səbəb olmayacaq: “Putin bilir ki, hakimiyyətdən gedəcəyi təqdirdə, onu çox acı aqibət gözləyir. Çünki məhz onun dövründə Rusiyada rüşvət və korrupsiyanın əhatə dairəsi xeyli genişlənib. Onun özü isə çox böyük beynəlxalq cinayətlərə imza atıb. Belə ki, Gürcüstan və Ukraynanın əraziləri işğal edilib, Ukrayna müharibəyə cəlb olunub. Odur ki, Putin özünü törətdiyi cinayətlərə görə məsuliyyətdən qurtarmaq üçün konstitusion toxunulmazlıq hüququ əldə etməklə ömrünün sonuna qədər ədalət məhkəməsindən gizlənmək istəyir”.

Sərdar Cəlaloğlunun sözlərinə görə, Azərbaycanın qonşuluğunda diktatura rejiminin olması, təhkimçilik hüququnun bərpası ölkəmizə də mənfi təsir edəcək: “Belə bir deyim var ki, insanlar totalitar cəmiyyətdə yaşamasalar da, totalitar cəmiyyətə qonşu olmaları onları pozur. Yəni insanlar Rusiyaya gedib-gələcək, ordakı hüquqsuzluğu, özbaşınalığı, korrupsiya və cinayətkarlığı görüb, bunların adi hal olduğu qənaətinə gələcəklər”. Rusiyanın Azərbaycana qarşı ərazi iddiası irəli sürə biləcəyinə dair səsləndirilən fikirlərə gəlincə, partiya sədri bildirdi ki, bu, mümkün deyil: “Əksinə, bizim Rusiyaya qarşı ərazi iddiamız var. Çünki Dağıstan vaxtilə Azərbaycan torpaqları olub. Bu səbəbdən də Putin bizə qarşı ərazi iddiasıyla çıxış edə bilməz. Hamıya məlumdur ki, Rusiya Kürəkçay müqaviləsi əsasında bizim ərazilərimizi işğal, ilhaq edib”.

“SSRİ-nin bərpası ideyası Azərbaycandakı “5-ci kolon”un nümayəndələrinin ictimai rəyə ötürdüyü bir fikirdir”

Sərdar Cəlaloğlu onu da əlavə edib ki, “2024-cü ildə SSRİ bərpa ediləcək və paytaxtı Sank-Peterburq olacaq” kimi fikirləri Rusiyanın Azərbaycandakı casusları irəli atır: “SSRİ yalnız könüllülük əsasında yarana bilər. Əgər heç bir respublika könüllü olaraq Rusiyaya birləşməyəcəksə, deməli bunun baş tutmaq ehtimalı da yoxdur. Qeyd etdiyim kimi, Rusiya Ukrayna və Gürcüstanın torpaqlarını işğal edib, Azərbaycana Qarabağ münaqişəsini həll etməyə imkan vermir. Buna görə də Rusiya ilə müəyyən məsafə saxlayırlar. Bundan başqa, Orta Asiya respublikaları Türkiyə ilə daha sıx yaxınlaşmağa üstünlük verirlər. Baltikyanı ölkələrdə NATO qoşunları var və onlar Avropa Birliyinin üzvüdür. Ona görə də SSRİ-nin bərpası mümkün deyil. Odur ki, SSRİ-nin bərpası ideyası Azərbaycandakı “5-ci kolon”un nümayəndələrinin ictimai rəyə ötürdüyü bir fikirdir. Yəni bu kimi yollarla onlar özlərinə qarşı olan xalq nifrətini azaltmağa, insanları qorxutmağa çalışırlar. Bir daha bildirirəm ki, SSRİ-nin bərpası mümkün deyil. Hətta, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev buyaxınlarda bəyanat verdi ki, “Vahid Rusiya” partiyasının nizamnaməsindən SSRİ-nin bərpası şüarını çıxarmaq lazımdır. Çünki praktiki olaraq artıq SSRİ-nin bərpası mümkün deyil, keçmiş sovet respublikalarının hamısı beynəlxalq hüququn subyektidir. Onlar heç vaxt könüllü şəkildə SSRİ-də birləşməyəcəklər. Əgər bunun zor gücü ilə reallaşdırılmasına çalışılarsa, o zaman bu, dünya müharibəsinə gətirib çaxaracaq”. SSRİ-nin bərpasının Putinin boş xəyalları olduğunu vurğulayan ADP sədri hesab edir ki, Rusiya prezidentinə ömrünün sonuna qədər hakimiyyətdə qalma imkanının verilməsi Yekaterina və Stalin rejiminin yenidən yaradılması kimi dəyərləndirilə bilər: “Ümumiyyətlə, bu, demokratik dəyərlərə zidd, Rusiyanın totalitar cəmiyyətə meyillənməsi istiqamətində adılan addımdan başqa bir şey deyil. Hətta beynəlxalq təşkilatlar, Qərb dövlətləri bunu müasir dünya nizamı üçün böyük təhlükə kimi dəyərləndiriblər”.

“Gələcəkdə Kremldə Putin yox, bir başqası otursa Kadırov ona tabe olacaqmı?”

“Hürriyyet” xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Rusiya konstitusiyasına edilən dəyişiklərdən sonra Putin əlavə 16 il də Kremldə oturacaq: “Rusiyanın keçmiş prezidenti Boris Yeltsin Putini əvvəlcə 1999-cu ildə baş nazir, sonra isə öz yerinə təyin etdi. O illərdə Putin siyasi və ekspert dairələrində çox da tanınmırdı və onun ali kürsüdə müvəqqəti fiqur olduğu düşünülürdü. Putinin ulduzu ikinci Çeçenistan müharibəsində parladı. Çeçen mücahidlərin 1999-ci ildə Dağıstana hücum etməsi o zaman baş nazir olan Putini hərəkətə gətirdi. Putin faktiki dağılmış ordunu səfərbər edərək Dağıstanda topladı və döyüşlər nəticəsində çeçen mücahidlər Çeçenistana sıxışdırıldı. Ancaq Putinə bu az idi. O özünə gələn Rusiya ordusunun Çeçenistana hücum əmrini verdi. İkinci Çeçenistan müharibəsi xeyli dağıntılara və itkilərə səbəb oldu. Ancaq nəticədə Putin deyən oldu və Çeçenistan ram edilərək yenidən Rusiyanın tərkibinə qaytarıldı”. Politoloqun sözlərinə görə, Çeçenistanın ram edilməsi Vladimir Putinə 2000-ci ildə prezident seçkisində qələbəni təmin etdi: “Putin bu müddətdə prezident kürsüsünü sadəcə 4 illiyinə dostu Dmitriy Medvedyevə təhvil verdi. Buna baxmayaraq, Putin 4 illik baş nazirliyi dövründə də faktiki ölkənin sahibi sayılırdı. Misal üçün Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı müharibəsində Putinin birbaşa rolu var idi. Medvedyev zəif fiqur hesab edilirdi. Elə buna görə Medvedyev 4 ildən sonra ikinci dəfə namizədliyini irəli sürməyərək ali kürsünü dostuna qaytardı. Putin faktiki 20 ildir hakimiyyətdədir, bunun üstünə növbəti 16 il də əlavə etsək, bu 36 il olacaq. Rusiyanın və SSRİ-nin tarixində heç bir şəxs bu müddətdə hakimiyyətdə olmayıb. İkinci Yekaterina Rusiya imperiyasına 36, İosif Stalin isə SSRİ-yə 32 il rəhbərlik ediblər. Putin hər ikisinin rekordunu təzələməyi qarşısına məqsəd qoyub. Çeçenistanın rəhbəri Ramzan Kadırovun “Putin ömürlük prezident olsun” fikri yeni deyil. O bir neçə dəfə bu təklifini səsləndirib. Belə baxanda 36 il prezidentlik elə ömürlük hakimiyyətdə qalmaq deməkdir. Kadırovun açıqlamasında Rusiya üçün başqa təhlükə var. Kadırov açıqlamasında belə bir cümlə işlədib: “Rusiyada Putini əvəz edəcək şəxs yoxdur”. Məsələyə Kadırovun məntiqi ilə yanaşsaq, bir gün Putin hansısa səbəbdən var olmasa Rusiyanı böyük təhlükələr gözləyəcək. Bu yanaşma Çeçenistana da aiddir. Ramzan Kadırov Putinlə dostdur və ona tabedir. Ancaq gələcəkdə Kremldə Putin yox, bir başqası otursa Kadırov ona tabe olacaqmı? Rusiyada idarəetmə oturuşmuş sistemə deyil, şəxsi sədaqətə bağlıdır. Bu isə Rusiya üçün gələcəkdə böyük təhlükələr vəd edir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org