SÖZÜN SƏRRAFI

366

Şair Sərraf Qasımın anadan olmasının 80 illiyi tamam oldu

Çağdaş Naxçıvan aşıq məktəbinin banisi kimi tanınan unudulmaz şair və ustad aşıq Sərraf Qasımın anadan olmasının 80 illiyi tamam oldu.

Qeyd edək ki, Rüstəmli SƏRRAF QASIM Əyyub oğlu 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur. Orta məktəb təhsilini öz doğma kəndində alan Sərraf Qasım, 1962-1967-ci illərdə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universitetində) tam ali təhsil alaraq, zootexnika ixtisası üzrə alimlik dərəcəsi əldə etmişdir.

Uşaqlıqdan saza, sözə həvəs göstərən Sərraf Qasım, Gəncədə təhsil aldığı dövrdə orada müxtəlif sənət adamlarından və ustadlardan öz rəsmi ixtisası ilə yanaşı, həm saz-söz sənətini, həm də elmi, ədəbi, dini və ictimai bilikləri dərindən öyrənmişdir. Beləliklə də Gəncə mühiti Sərraf Qasımın savadlı bir alim və saz-söz sənətkarı kimi yetişməsinə səbəb olmuşdur. Sərraf Qasım tələbəlik illərindən bəstəli aşıq şerləri və dastanlar yazmağa başlamış, tanınmış Azərbaycan aşıqlarından olan Məzahir Daşqın, Mikayıl Azaflı, Aşıq İmran, Aşıq Əkbər, Aşıq Hüseyn Saraçlı, Aşıq Kamandar, Aşıq Ədalət Nəsibov, Aşıq Mayis Gəncəli və s. kimi bir çox aşıqlarla yaradıcılıq əlaqələri quraraq, onların bəziləri ilə yaxından dostluq etmişdir. Hələ gənc yaşlarında olarkən Sərraf Qasımın şeirləri bu kimi aşıqlar tərəfindən bütün ölkədə bir çox el məclislərində səsləndirilməyə başlamış və onun bir şair kimi tanınmağına səbəb olmuşdur.

İlk  şeirlərini “Qışlaqlı” (Qışlaqlı Qasım) təxəllüsü ilə yazmağa başlayan Sərraf Qasım, Gəncədə iştirak etdiyi aşıq və şair məclislərinin birində görkəmli aşıq və şair Məzahir Daşqının tövsiyəsi əsasında təntənəli bir mərasimlə öz təxəllüsünü dəyişərək, “Sərraf” (Sərraf Qasım) təxəllüsünü qəbul etmişdir. Sərraf Qasım eyni zamanda həm peşəkar bir şair, həm də ustad aşıq və haqq aşığı olmuşdur. Bir çox aşıqlardan fərqli olaraq, Sərraf Qasımın aşıqlıq etməsi, əsasən aşıq-saz sənətini dərindən öyrənib, təmənnasız şəkildə bu sənəti başqalarına öyrətməsindən və təbliğ etməsindən ibarət olmuşdur.

Sərraf Qasım Sovet dövründə Şahbuz rayonunda müxtəlif yerlərdə öz ixtisasına uyğun baş mütəxəssi və sovxoz direktoru vəzifələrində rəsmi əmək fəaliyyəti ilə məşğul olmuş, lakin bununla yanaşı o, ədəbi fəaliyyətini də davam etdirmiş, eyni zamanda Naxçıvan mühitində könüllü şəkildə aşıq-saz sənətini təbliğ etməyə, bu sənəti başqalarına öyrətməyə başlamış və bu sahədə çox ciddi və genişmiqyaslı xidmətlər göstərmişdir. Sərraf Qasımın gördüyü bu işlər nəticəsində onun doğma kənd evi, Sovet dövründə Naxçıvanda dövlət məktəblərində saz sənətinin tədrisinin qadağan olunduğu bir vaxtda böyük bir aşıq məktəbi kimi tanınmağa başlamışdır. Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra da Sərraf Qasım aşıq-saz sənətinin təbliği və tədrisi sahəsində öz fəaliyyətini davam etdirmiş, nəhayət Sərraf Qasımın dəstəyi və səbəbkarlığı və onun bəzi yetirmələrinin ciddi səyləri nəticəsində 1992-ci ildən etibarən Naxçıvan zonasında dövlət təhsil müəssisələrinin tərkibində ilk rəsmi saz məktəbləri (saz şöbələri) yaradılmışdır. Sərraf Qasımın çoxsaylı tanınmış, ustad aşıq və müəllim səviyyəsinə çatmış yetirmələri olmuş və onlar, yeni yaranan bu saz məktəblərində müəllim işləmişlər. Hazırda Naxçıvanda fəaliyyət göstərən aşıqların və saz müəllimlərinin böyük əksəriyyəti, təməli Sərraf Qasım tərəfindən qoyulmuş bu qeyri-rəsmi və ya rəsmi aşıq-saz məktəblərinin yetirmələridilər.

Qeyri-rəsmi və könüllü şəkildə saz sənətini öyrətməyə üstünlük verən Sərraf Qasım, Şahbuz rayonunun mədəniyyət rəhbərliyinin israrı ilə 1996-ci ildə rayonun Kolanı Uşaq Musiqi Məktəbinin tərkibində yaranan Saz Məktəbində (saz şöbəsində) bir saz müəllimi kimi işə götürülmüş və bundan sonra o, öz ənənəsinə uyğun olaraq, Kolanı Saz Məktəbində qeydiyyatda olan şagirdlərə öz evində yaratdığı məktəbdə rəsmi surətdə saz sənətini tədris etməyə başlamışdır. Bununla da, uzun illər ərzində qeyri-rəsmi şəkildə saz sənətinin tədrisi ilə məşğul olan Sərraf Qasım, artıq bir rəsmi saz müəllimi kimi öz evində yaratdığı Saz Məktəbində dərs keçməyə başlamışdır. O, 2001-ci ildə elə öz evində yaratdığı bu məktəbdən də təqaüdə çıxaraq, ömrünün sonuna kimi öz doğma kəndində yaşamış və ədəbi-bədii yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Sərraf Qasım, “Qabaqcıl işçi” nişanı – 1979, “Sosializm yarışının qalibi” nişanı – 1980 və s. kimi bəzi dövlət mükafatları və medalları ilə təltif olunmuşdur.

Sərraf Qasımın çoxşaxəli yaradıcılıq fəaliyyətinin araşdırılması ilə məşğul olan tədqiqatçı alimlər, Sərraf Qasım ilə eyni dövrdə yaşamış aşıq və şairlərlə müqayisədə Sərraf Qasımın bir çox ilklərə və yaradıcılıq uğurlarına imza atdığını üzə çıxarmışlar. Tədqiqatçılar tərəfindən müəyyən edilmiş bu faktların bir çoxu ilk dəfə Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimovun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun Naxçıvan aşıqları barədə apardığı araşdırma əsasında ərsəyə gələn, 2017-ci ildə bir ensiklopedik kitab kimi çap olunan “XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları” adlı ikicildli kitabda və həmin tədqiqatçı alimlərin verdiyi açıqlamalarda öz əksini tapmışdır.

Aşıq sənətinin bütün sirlərinə vaqif olan və öz yaradıcılıq fəaliyyəti ilə Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasım, XX əsrin ikinci yarısında Naxçıvan zonasında milli aşıq sənətinin inkişafına zəngin töhfələr verən misilsiz bir şəxs olduğuna görə, o cümlədən Naxçıvan mühitində könüllü olaraq öz sazı və sözü ilə aşıq sənətinin geniş şəkildə təbliği və tədrisi sahəsində mühüm xidmətlər göstərdiyi, Naxçıvan aşıqlarının böyük bir hissəsini digər bölgələrdən alıb gətirdiyi sazlarla təmin etdiyi, Naxçıvanda ilk dəfə rəsmi saz məktəblərinin yaranmasının səbəbkarı olduğu, çox sayda aşıq və saz müəllimi yetişdirdiyi, Aşıq ədəbiyyatını inkişaf etdirən mühüm əsərlər və dastanlar yaratdğı və gördüyü işlərlə Naxçıvan aşıq mühiti ilə digər bölgələrin aşıq mühitləri arsında sıx yaradıcılıq əlaqələri qurduğu üçün tədqiqatçı folklorşünas və ədəbiyyatşünas alimlər tərəfindən çağdaş Naxçıvan aşıq-saz məktəbinin banisi adlandırılmışdır.

Sərraf Qasım öz dövründə Naxçıvan ədəbi mühitinin görkəmli bir nümayəndəsi kimi Azərbaycanın müxtəlif bölgə aşıqları ilə ən geniş yaradıcılıq əlaqələrinə malik olan bir şəxs kimi tanınmışdır. Tədqiqatçıların qənaətinə görə həmin dövrdə Naxçıvanlı aşıq və şairlər arasında Sərraf Qasım qədər başqa şairlər və aşıqlarla deyişmələri, şeirləşmələri və görüşmələri olan, dastanlar yaradan ikinci bir şəxs olmamışdır. Sərraf Qasım klassik poeziya janrlarında heyrətamiz şeirlər və dastanlar yazıb-yaradan bir şair olduğu üçün xalq şairi Zəlimxan Yaqub və professor Həsən Mirzə kimi görkəmli şair və yazıçılar Sərraf Qasımın yaradıcılığı ilə yaxından maraqlanmış, Sərraf Qasımın bir neçə dastanını çap elətdirmiş və Sərraf Qasımı öz dövründə “Azərbaycanın misilsiz və təkrarsız şair oğlu” adlandırmışlar.

Sərraf Qasım Azərbaycanın klassik aşıq-şair məktəblərinin layiqli bir davamçısı kimi öz dövründə yaşamış şairlər içərisində məzmun və forma baxımından klassik poeziya ənənələrindən ən geniş və ən məharətli şəkildə istifadə edən, həcm baxımından isə ən zəngin dastan yaradıcılğına, cığalı şeirlər yaradıcılığına və mərsiyə yaradıcılığına malik şairlərdən biri olmuşdur. Xalq-aşıq şeirinin bütün incəliklərinə dərindən bələd olan Sərraf Qasım, aşıq poeziyasının əksər formalarında şeirlər qələmə almışdır. Müxtəlif növ bayatı, qoşma, cığalı qoşma, gəraylı, təcnis, çığalı təcnis, müxəmməs, cığalı müxəmməs, müsəddəs, müstəzad, cığalı müstəzad, divani, ayaqlı divani və dodaqdəyməzlər, eləcə də dördlük, beşlik, yeddilik, onikilik, ondördlük, onbeşlik, onyeddilik kimi müxtəlif heca növlü şeirlər Sərraf Qasımın zəngin yaradıcılıq yolundan xəbər verir. Sərraf Qasımın yaradıcılığında fərqli formalarda yaradılımış bəzi cığalı şeirlərə, deyişmələrə, mərsiyələrə, dastanlara və digər fərqli şeir nümunələrinə də rast gəlmək mümkündür. Sərraf Qasımın yaratdığı əsərlər, əsasən bəstəli şeirlərdən (rahatlıqla musiqiyə yatan və ifa olunan şeirlərdən) ibarət olmuşdur. Xeyli sayda dastanlar, deyişmələr, şeirləşmələr, bağlamalar, qıfılbəndlər, ustadnamələr, ibrətnamələr, nəsihətnamlər, xitabnamələr, minacatnamələr, poemalar, mərsiyələr və lirik və mənsur şeirlərin müəllifiı olan Sərraf Qasımın əsərləri mövzu baxımından da çox zəngin olmuşdur. Sərraf Qasımın əsərlərinin bir hissəsi indiyədək müxtəlif formalarda ayrıca şəkildə, digər bir hissəsi isə bir sıra ensiklopedik kitablarda çap olunmuşdur. Şairin əsərlərinin qalan hissəsinin çap olunması istiqamətində işlər hazırda davam etdirilir.

Sərraf Qasım çox sadə və təvazökar bir insan, gününü, güzəranını el içində keçirən bir el sənətkarı olmuşdur. Sərraf Qasım ömrünü öz yaradıcılığı ilə yanaşı, əsasən xeyirxah işlər görmək və dini ibadət və ayinlərini yerinə yetirmək kimi bəyənilən məşğuliyyətlərə həsr etmişdir. Sərraf Qasım 9 fevral 2018-ci il tarixdə 78 yaşında öz doğma kənd evində sübh namazını qılıb, bir surə Quran oxuduqdan sonra ürək infarktı keçirərək, dünyasını dəyişmişdir. Sərraf Qasım, elə həmin gün Şahbuz rayonunun Aşağı Qışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur.

Qeyd edək ki, mövcud pandemiya səbəbindən Sərraf Qasımın 80 illik yubileyi münasibətilə genişmiqyaslı yubiley tədbirlərinin keçirilməsi mümkün olmasa da, Naxçıvan Dövlət Televiziyası tərəfindən naxçıvanlı tədqiqatçıların iştirakı ilə Sərraf Qasımın həyat və yaradıcılığı haqqında silsilə sənədli film və televiziya verilişləri hazırlanaraq, efir vasitəsilə ictimaiyyətə təqdim olunmuşdur.

Hazırladı: RƏŞAD