Şoyqu Belarusdakı “məxməri inqilab” cəhdinin məqsədindən danışıb

66

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Belarusda “məxməri inqilab” edilməsi cəhdinin məqsədinin ölkənin İttifaq dövlətinə inteqrasiyasını dayandırmaq və Rusiya Federasiyası ilə münasibətlərini pozmaq olduğunu bildirib.

Şoyqu Belarusla Rusiyanın müdafiə nazirliklərinin birgə kollegiyasının iclasında deyib: “Bu yaxınlarda Qərbin siyasi və maliyyə dəstəyi ilə Belarus Respublikasında hakimiyyəti dəyişdirmək cəhdi olub. Bunda məqsəd həm də İttifaq dövləti çərçivəsində inteqrasiya prosesini dayandırmaq, Rusiya-Belarus münasibətlərini pozmaq olub”.

Şoqyunun sözlərinə görə, Belarusdan olan həmkarı Viktor Xreninlə birlikdə “bu cür hərəkətləri qətiyyətlə pisləyirlər” və “başqa ölkələrin onların daxili işlərinə qarışmasını qəbuledilməz hesab edirlər”.

Şoyqu bildirib: “ABŞ “məxməri inqilablar” texnologiyasının köməyi ilə məqsədyönlü şəkildə bir sıra ölkələrdə gərginlik yaradır, daxili siyasi vəziyyəti laxladır. Bu, beynəlxalq hüququn tapdalanması və suveren dövlətlərin maraqlarının tapdalanması deməkdir”.

“Belarus Respublikası bizim yaxın qonşumuz, etibarlı müttəfiqimiz və strateji tərəfdaşımız olub və olmaqdadır. Hazırda dünyada mövcud olan qeyri-sabitlik şəraitində bu, xüsusilə vacibdir”.