Soydaşlarımızın Qarabağ uğrunda dünyanın dörd bir yanındakı yürüşləri

60

30 ildir Ermənistana məxsus ordu və silahlı qudur dəstələri tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının əraziləri son bir ayda təmizlənməkdədir. Bu istiqamətdə Azərbaycan Ordusunun müzəffər yürüşləri və əldə etdiyi qələbələr cəmiyyətdə çox böyük coşqularla qarşılanmaqdadır. Belə ki, ölkədə vətəndaş cəmiyyətinin iqtidarlı və müxalifətli bir araya gəlməsi Azərbaycana qarşı olan qüvvələrin planlarını pozubdur. Bu barədə hətta Ermənistanda və erməni diaspor təşkilatlarında, eləcə də onların havadarlarında dərin böhran yaşanılmaqdadır. Onların düşünürdülər ki, 17 sentyabr tarixində Ermənistan tərəfi hərbi provakasiyalara yenidən başlamaqla Azərbaycanda iqtidar və müxalifət, digər etnik separatizm meyili arasında qarşıdurmalar ən kəskin həddə qalxacaq. Ancaq, ötən bir ay ərzində bütün bunların əksini gördülər. Xüsusilə xaricdə yaşayan soydaşlarımızın və diaspor təşkilatlarımızın da vətəndaş cəmiyyəti olaraq bir araya gəlməsi, dünyanın dörd bir yanında Azərbacana və onun Şanlı Ordusuna verilən dəstəyin miqyası isə, hər ötən gün daha öz coğragi hüdudqlarını genişləndirdi.

Köhnə Avropa çalxalandıqca, ruhumuz daha da göylərə ucalır

İsveçdəki Azərbaycan diasporu Qarabağla bağlı və Ermənistanın dinc Azərbaycan şəhər və kəndlərinə edilən raket hücumuna cavab olaraq Stokholmun Sergel meydanında dövlətimizə və əsgərimizə dəstək mitinq keçirib. Aksiyaya toplaşan yüzlərlə spydaşlarımız, eləcə də türk və digər icmaların nümayəndələri ölkəmizin haqq səsinin İsveçdə eşidilməsi üçün İsveç, ingilis, rus və Azərbaycan dillərində bir neçə bəyanat oxuyublar. Azərbaycanın Ermənistan silahlıları tərəfindən işğal olunmuş ərazilərində gedən qanlı döyüşlər, Azərbaycanın Gəncə, Tərtər, Bərdə, Beyləqan və digər şəhərlərində yaşayan dinc insanlara qarşı ermənilərin raket və ağır artilleriyadan istifadə edilərək törətdikləri qanlı hücumlar barədə məlumat verilib. Bildirilib ki, düşmən beynəlxalq konvensiya və qanunlarını kobud şəkildə yenidən pozub. Gəncə şəhərinin gecə saatında raket atəşinə tutulmasını xüsusilə pisləyən mitinq iştirakçıları, dinc Azərbaycan əhalisinə qarşı edilən bu hücumun terror aktı olduğunu qeyd edərək, dünya birliyini Ermənistan rəhbərliyinə qarşı tədbir görməyə çağırıb. İşğalçı Ermənistan dövlətinin BMT Təhlükəsizlik şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrinə məhəl qoymadan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamasının dözülməz olduğunu xüsusilə vurğulayan tədbir iştirakçıları deyib: “Biz daha bu haqsızlığa dözə bilmərik”. İsveç və Azərbaycan dillərində çıxış edənlər “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistan, Azərbaycan torpaqlarını tərk et!” kimi şüarları səsləndiriblər.

Soydaşlarımız alman cəmiyyətini erməni məsələsində uyardı

Ötən həftə Almaniyanın Hamburq şəhərində yaşayan azərbaycanlılar işğalçı Ermənistan uzaqvuran topları ilə Gəncə və Bərdə şəhərlərində törətdiyi terror aktları nəticəsində həlak olan dinc vətəndaşlarımızın xatirəsini yad ediblər. Hamburq şəhərinin mərkəzi küçəsində “Bərdə” sözünün və “Bərdəyə ədalət!” şüarının yazıldığı anım güşəsi təşkil edilib. Terakt qurbanlarının şəkillərinin önünə güllər, oyuncaqlar düzülüb, şamlar yandırılıb. Guşənin önündən keçən yerli sakinlərə Ermənistanın işğalçı və terrorçu siyasətindən, Azərbaycanın beynəlxalq qanunlara uyğun olaraq özünümüdafiə və ərazilərinin işğaldan azad olunması hüquqlarını həyata keçirdiyi barədə məlumat verilib.
Ukraynanın Xarkov vilayətindəki azərbaycanlı icması ölkənin xarici işlər naziri Dmitri Kulebaya, BMT və ATƏT-in bu ölkədəki nümayəndəliklərinə müraciət edib. “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətində Ermənistan ordusunun cəbhə zonasından kənarda yerləşən Azərbaycan şəhərlərini, xüsusilə də Gəncə və Bərdəni qadağan olunmuş silahlarla bombaladığına, günahsız dinc sakinləri qəddarcasına qətlə yetirdiyinə diqqət cəlb edilib. 27 ildən çoxdur Azərbaycan xalqı ermənilər tərəfindən işğal olunan torpaqların sülh yolu ilə azad ediləcəyi və milyona yaxın məcburi köçkünün doğma yurdlarına qayıdacağı günü gözləyir. Bu il işğalçı tərəfin sentyabrın 27-dən başlayaraq atəşkəs rejimini pozmaqla bütün cəbhə boyu yeni hərbi təxribatlar törətməsinə cavab kimi əks-hücuma keçməyə məcbur olan Azərbaycan ordusu əzəli torpaqlarımızı azad etməyə başlayıb.

İsveçdəki soydaşlarımızdan radikal addımlar

Norveçdəki Azərbaycan icması da Qarabağda baş verən müharibə cinayətləri və dinc həmvətənlərimizə qarşı Ermənistan silahlılarının hücumlarına qarşı olaraq Oslonun mərkəzində yerləşən krallığın parlamentinin qarşısında etiraz aksiyası keçiriblər. “CAN” təşkilatının keçirdiyi aksiyaya soydaşlarımızla yanaşı, Türkiyənin Norveçdəki səfiri Fazıl Çorman, habelə türk, Pakistan və yəhudi diasporunun üzvləri qatılıblar. Tədbirdə çıxış edən Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur Qarabağda yaşanan hadisələr, münaqişənin yenidən aktiv fazaya keçməsinə səbəb olan Ermənistanın işğalçılıq və təxribat siyasəti barəsində məlumat verib. O, bildirib ki: “Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlanılması və 1 milyondan artıq məcburi köçkünün haqlarının tapdalanması, mövcud olan bütün sivil və hüquq normaları pozur. Ermənistan hakimiyyəti BMT Təhlükəsizlik Şurasının və bir sıra digər təşkilatların qəbul etdiyi qətnamələrə belə məhəl qoymur. Münaqişə çərçivəsində mülki insanlara hücumların yolverilməz olduğunu bildirən “Norveç Türk Federasiyası”nın sədri Hatiçe Luk, məşhur türk yazıçı Sercan Leylek, gənc siyasətçi Arina Sheikh, hüquqşünas Vəfa Bakkalar Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini və mülki obyektlərini raket və artilleriya qurğularından intensiv atəşə tutmasına qarşı etiraz ediblər. Gəncə və Bərdə şəhərlərində, eləcə də Azərbaycanın digər yaşayış məntəqələrində törədilən terror aktları Ermənistanın təcavüzkar siyasətinin davamıdır. Aksiyada Ermənistanın Bərdə şəhərində mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kaset bombalar vasitəsilə atəşə tutması, bu faktın “Amnesty İnternational”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə təsdiqlənməsi, Şuşa meşələrini yandırmaq üçün fosforlu silahdan istifadə edərək ekoloji terror törətməsi barədə yerli ictimaiyyətə məlumat verilib.

Cenevrədə lal, kar və kor olan BMT Baş Assambleyası

İsveçrədə yaşayan Azərbaycan icması erməni təxribatına və işğalçı Ermənistan ordusunun ölkəmizin cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlarını ağır artilleriya atəşinə tutmasına etiraz olaraq Cenevrə şəhərindəki Millətlər Sarayının qarşısında aksiya keçiriblər. Soydaşlarımızın bir araya gəldiyi “Mədəniyyət Mərkəzi”, “İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası” və “Azərbaycanın Dostları” cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada diasporumuzla yanaşı, “Azərbaycan-İtaliya Gənclər Assosiasiyası” və Fransada yaşayan azərbaycanlı gənclər də iştirak ediblər. Dövlət himnimizin səsləndirilməsindən sonra “Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov işğalçı Ermənistan ordusunun ölkəmizin ərazisində törətdiyi qanlı cinayətlər və terror aktları barədə məlumat verib. Terror qurbanlarının şəkilləri önünə güllər düzərək onların xatirəsini yad edən soydaşlarımız Gəncə və Bərdə şəhərlərində mülki vətəndaşların, xüsusilə uşaqların həlak olmasından təəssüf hissi keçirdiklərini bildiriblər. Aksiyada “Erməni işğalına son!”, “Azərbaycan ədalət tələb edir!”, “Biz terrora yox deyirik!”, “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövlətə dəstəyi dayandırın!” şüarlarının əks olunduğu plakatlar qaldıran həmvətənlərimiz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmamasını bir daha ictimaiyyətin diqqətinə çatdırıb, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları erməni terroruna son qoymağa, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıblar.

Kanadanın məşhur “Dorchester Meydanı”ndakı aksiyalar

Monreal şəhərində “Kvebek Azərbaycanlıları Assosiasiyası”nın təşkilatçılığı ilə işğalçı erməni ordusunun Gəncə, Bərdə terroruna etiraz və Azərbaycan dövlətinə dəstək məqsədilə icazəli aksiya keçirilib. Aksiyada azərbaycanlı icması ilə yanaşı, bu ölkədə yaşayan rus və yəhudi icmalarının nümayəndələri də iştirak ediblər. “Dorchester” meydanında baş tutan aksiyada Azərbaycan, Türkiyə, İsrail və Rusiyanın dövlət bayraqları dalğalandırılıb, “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni təcavüzünə son!”, “Bərdə üçün dua et!” kimi şüarlar səsləndirilib. Aksiyada çıxış edənlər bildiriblər ki, Ermənistan dövlətinin işğalçılıq və təcavüzkarlıq siyasəti nəticəsində 30 ilə yaxındır Azərbaycanın ərazi bütövlüyü pozulub, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın haqlı mübarizəsini dəstəklədiklərini bildirən aksiya iştirakçıları təcavüzkar erməni ordusunun döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərə, dinc əhaliyə istifadəsi qadağan edilmiş kasetli raketlərlə hücumlarını kəskin şəkildə pisləyiblər.
Kanadanın Kalgari şəhərində “Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti”nin təşkilatçılığı ilə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə yerli ictimaiyyəti məlumatlandırmaq məqsədilə dinc etiraz yürüşü keçirilib. Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv reportajlar verən “Globe And Mail” və “The Canadian Press” media şirkətlərinin ofisləri önündən başlayan yürüş Kalqari şəhər bələdiyyəsinin binası qarşısında sona çatıb. Aksiyada təcavüzkar erməni ordusunun Gəncə və Bərdə şəhərlərində, aralarında azyaşlı uşaqların və qadınların da olduğu, dinc əhaliyə qarşı törətdiyi terror aktları pislənib. Soydaşlarımız Kanada mediasından hadisələri qərəzsiz və reallığa uyğun yaymağı tələb ediblər. Aksiyada erməni terrorizmi ilə bağlı məlumatların əks olunduğu plakatlar nümayiş olunub, “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son qoyun!”, “Media, həqiqəti xəbər ver!”, “Yaşasın Azərbaycan!” kimi şüarlar səsləndirilib. Sonda Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Kanadanın CTV telekanalı yürüşlə bağlı video-reportaj yayımlayıb.

“Hürriyyət”