Sosial ekologiya və yeni münasibətlər

    45

    Dayanıqlı Milli Proqram coğrafiyamızın milli hədəfidir

    Azərbaycanda 15 ildir bu istiqamətdə dayanıqlı sosial—iqtisadi inkişafa dair Milli Proqram mövcuddur. 2003-cü il 18 fevral tarixli Azərbaycan Respublikası prezidentinin 1152 saylı sərəncamı ilə Milli Proqram qəbul edilmişdir. Bu proqramın əsas mahiyyəti ölkədə dayanıqlı sosial-iqtisadi inkişaf prosesində cəmiyyətin dövlətlə birlikdə ortaq strateji hədəflərindən biri hesab olunur.

    Proqram var, onun ictimailəşdirilməsi vacib şərtlərdən biridir

    Müasir dövrdə atmosferin ozon qatının dağılması, iqlimin getdikcə istiləşməsi, səhralaşma prosesinin zaman ötdükcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar müxtəlif xəstəliklərin geniş yayılması bəşəriyyəti narahat edən ən qlobal ekoloji problemlərdəndir. Zaman keçdikcə qeyd olunan bu problemlərin həll edilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da aktuallaşır. Vaxtında həllini tapmamış, kiçik bir təbiət hadisəsi kimi izah olunan problemlər indi artıq bəşəriyyət qarşısında qlobal, qarşısıalınmaz fəlakətlərlə başa çata biləcək prosesə çevrilmişdi.

    Azərbaycan Respublikası son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir ki, bu tərəqqi də milli və beynəlxalq sənədlərdə təsdiqlənmişdir. Sosial və iqtisadi sahələrdəki nailiyyətlərin artmasının dayanıqlı olması ölkə tərəfindən əsas prioritet kimi qəbul edilmişdir. Nəzərdə tutulur ki, daha optimal nəticələr Ekoloji cəhətdən dayanıqlı sosial—iqtisadi inkişafa dair Milli Proqramın (bundan sonra — Milli Proqram) hazırlanması və həyata keçirilməsi əsasında əldə edilə bilər. Mütərəqqi bəşəriyyətin qəbul etdiyi «Dayanıqlı inkişaf» konsepsiyasının prinsiplərinin həyata keçirilməsinə xidmət edən Milli Proqram «Azərbaycan Respublikasının 2002—ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001—ci il 26 dekabr tarixli 612 nömrəli Fərmanının 19—cu bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmışdır.

    Ölkənin ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi olan bu Milli Proqramın işlənməsi ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, regional və beynəlxalq səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edərək iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.

    Dayanıqlı Milli Proqram coğrafiyamızın milli hədəfidir

    Milli Proqram dayanıqlı inkişaf sahəsində dünyada toplanmış ən yeni biliklər nəzərə alınaraq zamanın sınağından çıxmış ekoloji prinsiplərə, milli mədəniyyətə və təcrübəyə əsaslanır. Bu proqrama əsasən müxtəlif sahələr üzrə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan fəaliyyət planları hazırlanmalıdır. Milli Proqramın məqsədi Azərbaycan Respublikasında indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunmasından və təbii ehtiyatlardan səmərəli istifadə edilməsindən ibarətdir. Bunu gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları işlənib hazırlanmalı və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilməlidir. Nəticə etibarı ilə həmin potensialın çeşidini kifayət qədər artırmaq, təkmilləşdirmək və keyfiyyətini yüksəltməyə xidmət edən iqtisadi bazanın formalaşmasına nail olmaq mümkündür. Bu zaman iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması məqsədilə iqtisadi potensiallardan və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nəzərdə tutulur. Milli Proqramın tədbirlər planının həyata keçirilməsi kompleks yanaşmanı tələb edir. Buraya ölkənin ekoloji və iqtisadi ehtiyatlarının milli, regional, beynəlxalq əsaslarla idarə olunması yollarının axtarılması, müvafiq şəraitdə hər hansı amilin qiymətləndirilməməsi nəticəsində ətraf mühitə və iqtisadiyyata dəyəcək potensial ziyanın mahiyyətinin dərk edilməsi və qarşısının alınması daxildir. İnkişafın ekoloji baxımdan dayanıqlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onları məhdudlaşdırmaq zəruridir və Milli Proqram məhz buna yönəldilmişdir. Milli Proqramın icrası zamanı iş prinsiplərinin biri digəri üzərində üstünlük təşkil etməməlidir. Milli Proqramda müəyyən edilmiş bütün komponentlər birbiri ilə əlaqələndirilmiş şəkildə tətbiq edilməlidir. Qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün ilk növbədə Azərbaycan Respublikasının dövlət orqanlarını, iqtisadiyyatın ayrı—ayrı sahələrini və ictimaiyyəti dayanıqlı inkişaf haqqında məlumatlarla təmin edən informasiya sistemlərinin yaradılması vacibdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Proqramın bütövlükdə yerinə yetirilməsi üçün lazımi metodiki göstərişlərlə, riyazi proqramlarla və elmi məlumatlarla təminatı həyata keçirəcəkdir.

    Əhalİ və əmək ehtiyatları

    Zəngin təbii və əmək ehtiyatları olan Azərbaycanda insan inkişafı üçün yüksək potensial vardır. Bu potensialdan düzgün istifadə edərək əhalinin sağlamlığını təmin edən ekoloji mühit yaratmaqla dayanıqlı inkişafı təmin etmək mümkündür. Ətraf mühitin keyfiyyəti insanların sağlamlığı üçün çox mühüm amildir. Lakin sənaye və kənd təsərrüfatının inkişafı təmin edilərkən, ekoloji amillərin nəzərə alınmaması ilə əlaqədar ölkəmizin ciddi problemlərlə üzləşməsi, respublika ərazisinin böyük bir hissəsinin işğal altında qalması və insanların yaşayış yerlərindən didərgin düşməsi ətraf mühitin mühafizəsi sahələrindəki problemləri daha da dərinləşdirmişdir. Ölkənin ən ciddi ekoloji problemləri dövlət orqanları ilə bərabər, qeyri—hökumət təşkilatlarının və beynəlxalq təşkilatların diqqətini də cəlb etməyə başlamışdır. Hazırda problemlərin həll edilməsi və ölkənin ətraf mühitinin mühafizəsi sahəsində idarəetmə qabiliyyətini gücləndirmək məqsədilə çoxsaylı fəaliyyət proqramları işlənib hazırlanır. Çay sularının çirklənməsinin qarşısının alınması, atmosfer havasına atılan zərərli maddələrin azaldılması, Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ozon qatının, biomüxtəlifliyin qorunub saxlanması kimi son dərəcə mühüm əhəmiyyətli ekoloji problemlərin uğurlu həlli üçün regional və beynəlxalq əməkdaşlığın hər zaman davam etdirilməsi olduqca zəruridir. Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması ilə bərabər, iqtisadiyyatın müxtəlif sahələrində çalışan əhalinin iş şəraitinin yüksəldilməsi bütövlükdə əhalinin ümumi sağlamlığına xidmət edən başlıca amillərdəndir. Lakin qeyd etmək lazımdır ki, respublikada mövcud olan sənayenin əsasını təşkil edən bir çox müəssisələrdə iş şəraiti ekoloji, sanitary-gigiyenik baxımdan müvafiq tələblərə cavab vermədiyindən, orada çalışan insanların sağlamlığı təhlükə qarşısında durur. Belə vəziyyət neft-kimya, maşınqayırma müəssisələrində daha qabarıq şəkildə təzahür edir. Uzun illərdən bəri müəssisələrin baxımsız vəziyyətdə olması, köhnəlmiş avadanlıqların müasir texnoloji avadanlıqlarla, eləcə də qaz-toz tutucu filtrasiya sistemlərinin yeniləri ilə əvəz edilməməsi problemin həllini qeyri-mümkün edir. Əhalinin sağlamlığını təmin etmək üçün isə iş şəraitinin yaxşılaşdırlması əsas şərtlərdən biridir. Hazırkı dövrdə mövcud vəziyyətdən çıxış yolu, köhnə müəssisələrin rekonstruksiya olunması yolu ilə həm iqtisadi, həm də ekoloji baxımdan müasir tələblərə cavab verən müəssisələrin yaradılmasından ibarətdir. Ən başlıca cəhətlərdən biri də ondan ibarətdir ki, əmək və əmək ehtiyatlarından düzgün istifadə olunmasının hüquqi əsasları tam işlənilməmişdir. Mütəxəssislərin hesablamalarına görə indiki dövrdə əhalinin bir milyona qədəri işsizdir. Həmin işsizlər əmək qabiliyyətli əhalinin 27 %—ni təşkil edir. İşsizlik xüsusilə keçid dövründə yaşayan dövlətlər üçün səciyyəvi hal olsa da, Azərbaycanda indiki qədər işsizlərin olması qeyri—adi haldır. Yeni iqtisadi siyasətin həyata keçirilməsində işsizliyin tədricən aradan qaldırılması dövlətimizin əsas vəzifələrindən biridir. Hazırda respublikamızda hüquqi dövlətin yaranması ilə əlaqədar bu problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

    Ətraf mühİtİn mühafİzəsİ və təbİİ ehtİyatlardan səmərəli istİfadə

    Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün respublikanın ətraf mühiti həddindən artıq çirkləndirilmişdir. Hazırda respublikamızda həllini təcili tələb edən bir sıra ekoloji problemlər vardır: Bakı və digər iri şəhərlərdə içməli suyun çatışmazlığı, su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması, kənd təsərrüfatı üçün yararlı torpaqların eroziyaya uğraması və şoranlaşması, iri sənaye və yaşayış məntəqələrinin məişət tullantılarının mütəmadi qaydada yığışdırılmaması, tələb olunan qaydada yerləşdirilməməsi, utilləşdirilməməsi və s.

    Qeyd olunan ekoloji problemlərin həlli yollarını dayanıqlı inkişaf prinsipləri əsasında müəyyənləşdirmək üçün onları təhlil etmək zəruridir.

    Məlumdur ki, Azərbaycanda əhalinin içməli suya olan tələbatını və kənd təsərrüfatının ehtiyaclarını ödəmək üçün potensial baxımdan kifayət qədər su ehtiyatları yoxdur. Bir sıra rayonlarda, xüsusilə Abşeronda suyun çatışmaması su ehtiyatlarından kifayət qədər səmərəli istifadə edilməməsi ilə izah edilir. Su şəbəkə sisteminin çatışmaması, bir çox kəmərlərin uzun illər istismarı nəticəsində sıradan çıxması, mövcud texniki tələblərə cavab verməməsi ilə əlaqədar təqribən 45—50%—ə qədər içməli su itkisinə yol verilir.

    Su çatışmazlığı ilə əlaqədar yaranmış problemləri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməklə müəyyən müsbət nəticələr əldə etmək olar. Lakin bir məsələyə xüsusi diqqət vermək lazımdır. Belə ki, artıq neçə illərdir ki, hətta içməli su ehtiyatları ilə bol olan ölkələrdə hər bir mənzilə su sayğacları qoyulur. Bunun nəticəsidir ki, həmin ölkələrdə əhali mənzilinə gələn sudan maksimum səviyyədə qənaətlə istifadə etməyə çalışır. Azərbaycan kimi içməli su ehtiyatı çox qıt olan bir respublikada isə bu iş istənilən səviyyədə həyata keçirilmir. Ölkədə su ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində mövcud olan problemlər içərisində su mənbələrinin ciddi sanitariya mühafizəsi, su mənbələrinə və içməli suların keyfiyyətinə nəzarəti həyata keçirmək üçün beynəlxalq normativlərə uyğunlaşdırılmış milli dövlət normativləri sistemi yaradılmalıdır.

    Su ekosistemlərinin fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi, transsərhəd çayların çirklənmədən mühafizəsi və onların hövzəsində yerləşən dövlətlər tərəfindən su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə regional və beynəlxaiq əməkdaşlığın genişləndirilməsi, su çatışmazlığının aradan qaldırılması məqsədilə, sənaye və digər obyektlərdə suyun təkrar istifadəsinin genişləndirilməsi üçün qeyri—ənənəvi sulardan (təmizlənmiş tullantı, kollektor—drenaj və s.) məqsədyönlü istifadə edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi.

    (Ardı var)

    “Hürriyyət”