Sosial şəbəkələrdə böhtan yazanlar cinayət məsuliyyəti daşıyır?

366

Və yaxud insanları şantaj edən, onların şərəf və ləyaqətini alçaldan anonim şəxslərin kimliyini necə tapmaq olar?

Fərhad Mehdiyev: “Sosial şəbəkədəki ittiham cinayət məsuliyyəti yarada bilər, amma…”

Müşfiq Ələsgərli: “Harada yayılmasından aslı olmayaraq, təhqir, şər və böhtan cinayət məsuliyyəti yaradır”

Son zamanlar medianın problemlərindən danışılarkən, sosial şəbəkələrdə bir-birini aşağılayan, təhqiredici statusların aradan qaldırılma yolları da geniş müzakirə olunur. Üstəlik, bəzən böhtan xarakterli statuslar anonim şəxs tərəfindən həyata keçirilir ki, bu halda onun kimliyini aşkara çıxarmaq müşkülə çevilir.

Ümumiyyətlə, sosial şəbəkələrdə yazılan ittihamlar cinayət məsuliyyəti yaradırmı və onu qeyd edən anonim şəxslərin kimliyi necə üzə çıxarıla bilər?

Hüquqşünas, professor Fərhad Mehdiyev bildirdi ki, şəxsin verdiyi məlumat yanıldıcı və qeyri-dəqiq olduğu halda, eləcə də haqqında məlumat yayılan vətəndaşı alçaltmaq məqsədi daşıdıqda, bu, cinayət məsuliyyəti yaradır:

“Sosial şəbəkədə yazılan ittiham ibtidai istintaqın başlanması üçün əsas sayıla bilər. Əgər məlumat düzgündürsə, hüquq-mühafizə orqanları onu yoxlaya bilərlər. Məsuliyyətə səbəb olacaq məlumatdırsa, ibtidai araşdırma başlaya bilər. Bu işdə polisə də, DTX-ya da şikayət vermək mümkündür.

Həmin şəxsin şikayətinin nədən ibarət olmasından aslı olaraq şikayət iki qurumdan birinə edilir. Sosial şəbəkədəki ittiham cinayət məsuliyyəti yarada bilər. Bəs, sosial şəbəkədəki ittiham nə vaxt məsuliyyət yarada bilər? Əgər şəxsin verdiyi məlumat yanıldıcı və qeyri-dəqiqdirsə, ümumiyyətlə haqqında məlumat yayılan şəxsi alçatmaq (mənəvi zərər vurmaq) məqsədi varsa, bu, cinayət məsuliyyəti yarada bilər. Çünki, ola bilər ki, məlumat dəqiqdir. Amma o məlumatı paylaşmaqda qarşı tərəfə faydası yoxdur. Məsələn, sosial şəbəkədə hansısa qadının keçmişiylə bağlı (real faktdan söhbət gedir) yazılırsa və o, yüngül həyat tərzi keçirməkdə ittiham edilirsə, bu məlumat da cinayət məsuliyyəti yarada bilər. Eyni zamanda, bu məlumatın yayılmasında cəmiyyətin faydalanacağı bir şey də yoxdur. Bundan əlavə, ola bilsin ki, kimsə korrupsiya faktıyla bağlı məlumat bilir, lakin özü dövlət işində işlədiyinə görə, açıqlamaqdan qorxur. Çünki məlumatı özü yayacağı təqdirdə işdən çıxarıla bilər. Həmin şəxs sosial şəbəkədə saxta profil adı altında korrupsiya faktıyla bağlı məlumatı paylaşa bilər. Bu, cinayət məsuliyyəti yaratmayacaq faktordur”.

Bəs, anonim şəxs qeyri-dəqiq məlumatlar yayaraq, tutaaq ki, başqa birini şantaj edirsə, qarşı tərəf onun kimliyini araşdırmaq üçün hansı idarəyə zəng etməlidir? Fərhad Mehdiyev bu cür informasiyaların polis və DTX tərəfindən araşdırılmalı olduğunu qeyd etdi. O bildirdi ki, məlumat araşdırıldıqdan sonra, düzgünlüyü isbat edilmədiyi halda, onu yayan şəxs məsuliyyətə cəlb edilə bilər:

“Ümumiyyətlə, bu cür informasiyalar polis və DTX tərəfindən araşdırılmalıdır. Çünki bəzi insanlar bu cür məlumatların verilməsi zamanı anonim qalmasını istəyir. Onlar qorxurlar ki, açıq-aşkar məlumatı deyərlərsə, cəzalandırıla bilərlər. Bir çox hallarda işdən çıxarılmaq ehtimalları olur. Sözügedən şəxslər bu cür faktlarla bağlı informasiya paylaşarlarsa, məsuliyyətə cəlb edilməyəcəklər. Təbii ki, informasiya düzgün olarsa. Əgər məlumat araşdırıldıqdan sonra, düzgünlüyü isbat edilməzsə, məsuliyyətə cəlb ediləcək. Ola bilsin ki, məlumatı yayan şəxs, qarşı tərəfin vəzifəsində gözü var. Məqsədi də onun həmin işdən çıxarılmasıdır. Belə faktlara da rast gəlmək olar. Ümumiyyətlə, heç bir məlumata birmənalı yanaşmaq olmaz. Hər bir məlumat araşdırılmalıdır. Mən informasiya oxuyan zaman, heç vaxt onu həqiqət kimi qəbul etmirəm. Həqiqət belə olsa, araşdırmadan inanmıram. İnformasiyanı bir neçə mənbədə təsdiq etmək lazımdır”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli isə bildirib ki, ümumiyyətlə, harada yayılmasından aslı olmayaraq, təhqir, şər və böhtan cinayət məsuliyyəti yaradır:

“Kütləvi İnformasiya Vasitələriylə bağlı qanunda 3-cü maddə var. O maddədə göstərilir ki, harada yayılmasından aslı olmayaraq, təhqir, şər və böhtan cinayət məsuliyyəti yaradır. Eyni zamanda, 3-cü maddədə göstərilir ki, internet informasiya resursları da Kütləvi İnformasiya Vasitələri hesab olunur. Bu baxımdan demək olar ki, əgər şər, böhtan və təhqir sosial şəbəkələrdə olarsa belə, cinayət məsuliyyəti yarada bilər. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və inzibati xətalar məcəlləsinə əlavə edilmiş maddələrdə də təsbitini tapır. Amma bəzən sosial şəbəkələrdə profillər anonim olur. Daha çox qanun pozuntuları müşahidə olunan informasiyalar və xəbərlər həmin anonim profillər vasitəsilə yayılır. Digər tərəfdən, bu cür anonim sosial şəbəkə istifadəçinlərinin əksəriyyəti Azərbaycan sərhədlərindən kənardadır. Onları məsuliyyətə cəlb etmək bir qədər problem yaradır. Bu cür çətinliklər ola bilər. Ümulikdə götürdük də, qanun pozuntuları bütün müstəvilərdə baş veribsə, elə qanun pozuntusu da sayılır. Cinayət Məcəlləsinin 147.1 maddəsində qeyd edilir ki, anonim hesabın yaradılmasının özü də əlavə hüquqi məsuliyyətdir. Yəni onun yol verdiyi xəta (təhqir, şər və ya böhtan) bir hüquqi məsuliyyətdirsə, sosial şəbəkədə anonim hesab yaratmaq da əlavə məsuliyyət yaradır”.

Müşfiq Ələsgərli bildirdi ki, yol verilmiş xətanın miqyasından və həcmindən aslı olaraq, vətəndaş hansı quruma müraciət edəcəyini bilməlidir:

“Təbii ki, baş vermiş xətanın həcminə və mahiyyətinə görə polisə, prokurorluğa və DTX-ya müraciət etmək olar. Hansı istiqamət üzrə qanun pozuntusu varsa, bunu nəzərə alıb, müraciət etmək lazımdır. Əgər yanlış informasiya dövlət təhlükəsizliyi ilə bağlıdırsa, ümumi ictimai təxribat xarakteri varsa, bu, ayrı qurum, ayrı-ayrı şəxslərin təhqir olunmasıyla bağlıdırsa,həmin şikayətin ünvanı da başqa bir qurumdur. Təbii ki, şikayət etmək üçün yol verilmiş xətanın miqyası və həcmi aydın olmalıdır. Ümumilikdə, qanunvericilikdə göstərilir ki, baş vermiş hadisələrdə qanun pozuntusu varsa, bu hüquqi məsuliyyət daşıyır”.

Sonda onu da bildirək ki, sosial şəbəkələrin bir çox hallarda dezinformasiya mənbəyinə çevrilməsi narahatlıq doğurur. Belə hallara qarşı qanunvericiliklə mübarizə aparılması əksər ölkələrdə xüsusi diqqət mərkəzindədir. Dünya praktikasına nəzər yetirsək görərik ki, mediada təhqir və böhtana yol verilməsi, şəxsi həyata müdaxilə və sair məsələlərə görə məsuliyyət nəzərdə tutulur. Sosial şəbəkədəki kiminsə adından hansısa bir şəxsin saxta profillər düzəltməsi, yalan məlumatın yayılmasının qarşısını almaq üçün qanunvericilikdə də müəyyən təkmilləşdirmə aparmaq olar. Eyni zamanda, burda texniki qaydalara da riayət olunmalıdır. Ola bilər ki, kimsə məlumatı yayır, daha sonra isə silir. Nəticədə sübut eləmək olmur ki, şəxs onu yazıb.

YƏHYA