“Sosial şəbəkələr üzərindən yaradılan televiziyalar və saytlarda standartlar nəzərə alınmır” – MÜŞFİQ ƏLƏSGƏRLİ

516
ID:308670589

“Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda “internet informasiya ehtiyatları”ndan söz açılsa da və onlar mövcud hüquqi-normativ akta uyğun olaraq KİV sayılsalar da, bu resursların fəaliyyətilə bağlı hüquqi tənzimləmə mexanizmləri, faktiki olaraq mövcud deyil.

Mövzuyla bağlı Məbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri  Müşfiq Ələsgərli Hurriyyet.org-a açıqlmasında bildirib ki, “KİV haqqında” qanun, interneti kütləvi informasiya vasitəsi kimi tanısa da, internet üzərindən yaradılan KİV-lərin statusu və standartları barədə hər hansısa təsəvvür formalaşdırmayıb. O, bununla bağlı qanunvericilikdə ciddi dəyişikliyə ehtiyac olduğunu deyib:

“Kütləvi İnformasiya Vasitələri” haqqında qanunun 3-cü maddəsində göstərilir ki, internet üzərindən yayılan informasiyalar KİV məhsuludur. İnternet özü də kütləvi informasiya vasitələrinə xidmət edir. Bu 3-cü maddədə geniş şəkildə göstərilir. Məsələ burasındadır ki, bizim ənənəvi mediamız sayılan televiziya, radio, qəzet və jurnallların həmin qanunda standartları müəyyən olunub. Məsələn, ayda bir dəfə sürətçıxarma cihazları vasitəsilə dərc olunan, ayda ən aşağısı bir dəfə dövriyyəsi olan və azı 100 tirajla nəşr olunan çap məhsuluna qəzet deyilir. Qəzetin standartları belə olur. Radio və televiziyanın da müəyyən standartları qanunda öz əksini tapıb. Məsələn, sujetlər efirdə  yayımlanma forması, verlişlərin təqdim olunması  və s. standartlar müəyyən edilib. Yəni, medianın bu sahələrində strukturlaşmayla bağlı təsəvvür var. Çox təəssüf ki, online medianın, xüsusilə sosial şəbəkələr üzərindən qurulub yayımlanan  KİV-lərin standartlarıyla bağlı qanunvericilikdə heç bir anlayış yoxdur. Bu da özlüyündə çox ciddi problem yaradır. Bu gün telefonu, kompyuteri və interneti  olan hər bir kəs sosial şəbəkələr vasitəsilə səhifə yaradır, adını da KİV qurumu qoyur. Həmin adam özünü KİV qurumu adlandırır və informasiyalar tirajlayır. Amma, onun yayımladığı informasiyaların standartları xəbər standartlarına uyğun gəlmir. Çünki, kütləvi informasiya vasitələri xəbəri yayırsa, onun standartlarına da əməl etməlidir. Amma, sosial şəbəkələr üzərindən yaradılan televiziyalar və saytlarda standartlar nəzərə alınmır. Onlar xəbərin standartlarını ciddi şəkildə pozur. Təhqir, böhtan, şəxsi həyata müdaxilə, dövlət və kommersiya sirri, hərbi sirr və s. məsələləri açıq şəkildə yayımlayırlar. Xüsusilə də, təhqir və böhtan halları geniş yayılıb. Buna görə də məsuliyyət daşımırlar. Sosial şəbəkələrlə kütləvi informasiya vasitələrinin standartları fərqlidir. KİV-də çalışırsansa, demək xəbərin standartlarına əməl etmək lazımdır. Onlar adını KİV qoyub, amma “sosial şəbəkə təmsilçisi”  kimi davranırlar. Burda da müəyyən problemlər ortalığa çıxır. Digər məqam ondan ibarətdir ki, “KİV haqqında” qanunda göstərilir ki, kütləvi informasiya vasitələrinin istinad materialları olmalıdır. Yəni, ünvanı və əlaqə telefonları göstərilməlidir. Çünki, neqativ hallar baş verəndə vətəndaş və ya hansısa qurum əlaqə saxlaya bilsin. Amma, sosial şəbəkələr üzərindən yaradılan KİV-lərdə bu standartlar gözlənilmir. Çox vaxt da anonim ünvanlar qeyd edilir. Beləliklə, qarışıqlıq yaranır. Bu qarşıqlığın bir kökü də qanuna gedib çıxır. Çünki, “KİV haqqında” qanun, interneti kütləvi informasiya vasitəsi kimi tanısa da, internet üzərindən yaradılan KİV-lərin statusu və standartları barədə hər hansısa təsəvvür formalaşdırmayıb. Bu baxımdan, hesab edirəm ki, qanunvericilikdə ciddi şəkildə dəyişikliyə ehtiyac var. Yeni bir qanunun qəbul edilməsinə ehtiyac var. Yeni qanun online medianın həm standartlarını, həm də strukturlarını müəyyənləşdirəcək”.

Qeyd: Mövzunu davam etdirəcəyik.

YƏHYA