SONETLƏR

93

                  

Heç kimin sözünə yoxdur etibar,

Heç kimin sözünə inanma əsla!

Ancaq tək özünə ümid bağla sən,

Ancaq özün çalış min ehtirasla.

 

Özündən savayı yoxdur heç kimin

Dar gündə dayağın təkcə özünsən.

Gecə-gündüz dağıt maneələri,

Hansı gündə olsan, elə o günsən.

 

Elə çalış, yarat namərdlər belə,

Sənə əl tutmağa məcbur olsunlar.

Elə yüksəklərdə pərvaz eylə ki,

Sənin dostluğunla məğrur olsunlar.

 

Sənin bir yolun var: yeni zirvələr!

Onda harayına oğullar gələr.

 

                               *  *  *

 

Bəli, gəlib çıxdı yaz,

Amma hələ uşaqdır.

Qış dəlilik eyləyir

Əlində də bıçaqdır.

 

Hirslə çıxıb özündən,

Söyür, meydan sulayır.

Gah qar səpir, gah yağış

Gah qurd kimi ulayır.

 

Gülləri qırıb tökür,

Sındırır budaqları.

Yol getməyə qoymayır

Qaytarır uşaqları.

 

Vaxtı çoxdan bitsə də,

Hamıya gəlir hədə.

 

        *  *  *

Hər gecə mənim üçün

Nə qədər qorxuludur.

Gecələr çox qədimdir,

Gecələr çox uludur.

 

Gündüz fəal, arxayın.

Çox mübariz olursan.

Gecələrsə köməksiz,

Həm də aciz olursan.

 

Gecələr dostlar uzaq

Düşmənlərsə yaxındır.

Çoxu gözəgörünməz

Həm də axın-axındır.

 

Amma beyin oyaqdır

Düz danışan qoçaqdır.

 

              *  *  *

 

                      QƏZƏL

 

Rəzalətlər sultanı sənlə sonacan varam,

Sən rahat olmayınca qapıları açaram.

 

Adilərlə işim yox, müdriklər sirdaşıyam

Harda bir zirvə varsa, orda əbədi qaram.

 

Dılğırlar səltənəti, düşüb bəxtimə neynim

Heç kimim yox, nəyim yox, bəxtiyar bir naçaram.

 

Bütün gecələrimi qayğılarla yatıram.

Min illik kilidlənmiş qapılara AÇARAM.

 

Hələ ki qürubumun şəfəqində məsudam.

Görsəm göylər qaralır, baş götürüb qaçaram.

 

Nadanlar arasında ey Nicat, fəqir dərviş,

Qananlar məclisində şaham, sultanam, çaram.

 

*  *  *

Harda dələduz varsa vəzifəylə şad edib

Qulduru, rüşvətxoru ömürlük azad edib.

 

Düş ölkəyə gəz axtar, bir kişi tapmaq çətin,

Hamısını özünə qiyabi arvad edib.

 

Özgələrə kilsələr, məktəblər təmir edir,

Özündə qalaları, evləri bərbad edib.

 

Küçədə üç-dörd nəfər durub danışa bilməz,

Dincliyi qoruyan yox, polisi cəllad edib.

 

Hər işi, hər qərarı tərsinə həll eyləyib

Zöhhakı bir qəhrəman, Nəmrudu şəddad edib.

 

De bu qədər mövzunu harda tapa bilərdin,

Ey Nicat nə yazardın Kubəni Bağdad edib.

 

     *************************                  

 

 

              BİR ƏZİZ XANIMA

 

Sevinclə gəldin bizə əbədi, həmişəlik.

Oğlun da şir bürcünün oğlu olan şiroğlan.

Bəli bütün şirlərin bir balaları olur

Dözdün hər çətinliyə kişi kimi mərd kimi.

Həm də ki ağıllısan bilirsən yaxşı nədir pis nədir

Pislik nədir bilmirsən xeyir ilahəsi tək.

Qayğılı günlərdə də xoşbəxtlik var nə eybi,

Qoy nə mən işsiz olum, nə də ki sən də mənsiz…

Qarşıda nəyimiz var? Əlbəttə ki ölməzlik.

Xoşbəxtəm ki, şadam ki, burda olduğu kimi

Orda da göylərdə də, bir yerdə olacağıq.

 

                            *  *  *

 

Nə ilahi qüvvəyə, nə də Qurana baxır,

Heç kimə, heç nəyə yox, təkcə vurana baxır.

 

Nə qorxaqdır, nə qorxmaz, nə tərsdir, nə mülayim.

Nəsə etmək istəsə dönüb dörd yana baxır.

 

Oğurluğu pisləyib, oğurluqda eləyir,

Yuxarı mərtəbəyə uca eyvana baxır.

Pis əməllər törədən şəri təqlid edəcək,

İqtidara, hakimə bir də ki, xana baxır.

 

Mən bu qədər utanmaz kütləyə rast gəlmədim

Nə həya, nə abıra, nə də vicdana baxır.

 

Nə azadlıq, nə mənlik, nə qəzəb, nə cürət bilir,

Boy-buxuna, geyimə, bir də ad-sana baxır.

 

Qalıb-qalıb ey Nicat, sən də harda doğuldun.

Turistlər təəccüblə Azərbaycana baxır.

 

                      *  *  *

 

Ay allahım sən mənə,

Bir min manat pul yetir.

Yəni ki, bu məbləği

Bəxş edən oğul yetir.

 

Qoy Fatma zad bilməsin,

İşin xəlvəti görsün.

Amma minnətsiz zadsız,

Ürəklə qəti görsün.

 

Eyvanı təmir edim,

Bir maşın torpaq alım,

Yarı pulunu verim,

Həyətimçün bağ alım.

  

Külliyatın cildləri

Onda lap tez-tez çıxar.

Axşamlar da ürəyim

Nə yanar, nə darıxar.

 

Çoxdur alicənablar

Birini göndər mənə!

Çıxım bu ehtiyacdan,

Qoy sevinsin Gülşənə.

 

Amma Fatı bilməsin,

Qətiyyən verməz aman.

Çəpişlər tez-tez gələr,

Az-az bitər badımcan.

 

Düzü buna inamım,

Həm yoxdur, həm də ki var.

Çünki papaq altında

Çoxdur belə oğullar.

 

Əgər məni bu dəfə

Doğrudan da eşitsən.

Demək hardasa varsan,

Qüdrətli və elitsən!

 

 

 

          2  SONET

            

Heç yerdə mənim kimi

Taleyi bəd olmayıb.

Çünki heç bir ölkədə

Belə millət olmayıb.

 

Heç yerdə bu cür yoxsul

Sənətkar ola bilməz.

Heç yerdə istedadın

Yolu bu cür kəsilməz.

 

Heç yerdə yazıçının

Bəxti belə nəhs olmaz.

Heç yerdə yazıçıya

Ölkəsi məhbəs olmaz.

 

Nədir onun niyyəti,

Bilmək olmayır qəti!

 

                     *   *   *

 

Gecə durub yuxudan

Oturmuşam bir saat.

Yuxu məni aparmır,

Ürəyim olmur rahat.

 

Mən qalxıb bu səssizlik

Səltənətində əgər,

Yazıb-pozmasam, sanki.

Kimsə məndən inciyər.

 

O “kimsə” kimdir, bilmək,

Çətindən də çətindir.

Vərdişmi, ZƏRURƏTMİ,

Hökm – təbiətindir.

 

 

          Onun hökmündəyəm  mən,

 Onda  bu əzab nədən?

 

                                      Əlisa  NİCAT