SONET – ELEGİYA

27

 

SONET – ELEGİYA

Mərhum dostum Beytulla Şahsoylunun xatirəsinə

 

Kişi kimi yaşadı, sistemə əyilmədi,

Həqiqət ustasıydı, güzəşt nədir, bilmədi.

Gəncliyimin ən yaxın dostuydu illər ilə

Paxıllıq bilməz idi, işi yoxdu şər ilə.

 

Qadınları sevmədi, dəniz aşiqi idi,

O qaranlıq illərdə zəka işığı idi.

Bilməli nə vardısa, gərək mütləq biləydi,

Yalnız təklik, azadlıq! Kredosu beləydi.

 

Bir elm ocağının deyərdim ki, gözüydü,

Lakin bir hasardı ki, içində tək özüydü.

Amma heç nəyi yoxdu, bircə otağı vardı,

Sərvəti zəka idi – özü ilə apardı.

 

Tələsmək lazım deyil! – Dedi mənə bir kərə,

Amma özü tələsdi gedər-gəlməz səfərə.

 

Əlisa  NİCAT