​SON DƏQİQƏ: “Washington Post” Ağ evdə Türkiyəylə bağlı keçirilən iclasın detalları barədə yazıb

    6

    ABŞ prezidenti Donald Tramp 45 cümhuriyyətçi senatorla birlikdə Türkiyə ilə bağlı yekun qərarın verilməsi üçün bir araya gəlib.

    Qapalı qapılar ardında gerçəkləşən iclasın detalları barədə ilk dəfə “Washington Post” yazıb.

    Qəzetdən verilən məlumata görə, Tramp Türkiyəyə qarşı sanksiyaların tərəfdarı olmasa da, digər iclas üzvləri onunla bu məsələdə mübahisə ediblər.

    Musavat.com bu barədə Türkiyə mediasına istinadən məlumat verir.

    Senatın Xarici İşlər üzrə Komitəsinin rəhbəri Ceyms Rikslə Tramp arasında fikir ayrılığı yaşanıb. Mövzu ilə bağlı açıqlama verən Riksin sözçüsü bildirib ki, məsələ ilə bağlı fikir ayrılıqları çox idi. Bu səbəbdən də mübahisələr qaçılmaz idi.

    “Tramp Türkiyəyə qarşı sanksiya tətbiq olunması ilə bağlı məsələni müzakirə etmək yerinə, digər məsələləri müzakirə etməyin tərəfdarı olması səbəbindən Rikslə aralarında anlaşılmazlıqlar yaşanıb” – deyə, sözçü bildirib.

    Otaqda olan bir çox senatora görə mübahisə daha çox ABŞ-ın Türkiyəni necə cəzalandırması ilə bağlı yox, Con Hovenin gündəmə gətirdiyi "Ərdoğanla məsələni necə müzakirə edə bilərik" sualı ətrafında yaşanıb.

    Bundan əlavə, bəzi senatorlar iclasın Türkiyə ilə bağlı olmasına baxmayaraq, Trampın bu mövzuya marağının olmaması, onun əvəzinə tibbi sığorta, büdcə ilə bağlı məsələlərə toxunduğunu qeyd edib.

    Senatorlarla yanaşı bir çox demokrat da Türkiyəyə bu məsələdə güzəştə getməyin doğru olmadığı fikrindədir. Hətta onlar bununla bağlı Trampa məktub da ünvanlayıb.

    “Türkiyəyə S-400-lə bağlı dəfələrlə xəbərdarlıq olunub, lakin onlar bunu görməzdən gəliblər. Buna görə də, biz Pompeo və bir çox cümhuriyyətçinin Türkiyəyə qarşı qanun çərçivəsində sanksiyaların tətbiq olunması fikri ilə razıyıq. ABŞ-ın bu məsələdə qərarlı addım atmaması onu dünyada nüfuzdan sala bilər”- deyə, məktubda qeyd olunub.