SON  ZƏNG…  SON  DÖYÜŞ…

342

Və yaxud 19 yaşlı şəhid Mütəllibin qəhrəmanlıq salnaməsi…

…El məsəli var: “Torpağa su töküləndə palçıq olur, qan töküləndə isə Vətəndir” deyirlər. Ana sözü ilə qoşa çəkilən, bir söz də var: “Vətən deyirik, Vətən eşidirik. Ana Vətən – Odlar Yurdu Azərbaycan. Qonaqpərvər, təmiz, açıq ürəkli, bir neçə xalqın Vətəni. Vətənimizin qüdrətli söz xiridarları, igid qəhrəmanları, tarixi şəxsiyyətləri, sənətkarları sana gəlməzdir. Vətən hər kəsə havasından nəfəs, torpağından qüvvət verir. Bəli, bu Vətən torpağında çox igidlər can qurban edib. Müqəddəs şəhid qanı qarışan Vətən torpağı, müqəddəs and yerimiz, müqəddəs yurdumuzun azadlığı isə tək amalımızdır. Bu günlər hər birimiz bu amal uğrunda birləşdik. Neçə-neçə qəhərmanların qanı axan torpaqlar işğaldan azad edilib. Azərbaycanımızı-Qarabağı düşməndən xilas etmək üçün azadlığı qazanmaq üçün yenə də canlar fəda oldu. Məhz, Vətən oğullarımız sakit qala bilmədilər. O, igidlər Vətənin müdafiəsi, düşməndən təmizləmək üçün azğın düşmənlə əsil mübarizə apardılar. Bu günlər isə qələbə sevinci ilə həm Vətən, həm də şəhid ruhları sevinir…

30 ilə yaxın Azərbaycanın Qarabağ kimi ürəyinə namərd düşmən tərəfindən saplanmış qılınc, nəhayət ki, polad biləkli igidlərimizin mətinliyinə, igidliyinə tab gətirə bilmədi. Bu dəfə əsil mübariz ruhda hünərlərini göstərdilər: – azğın düşmənə… Vətən üçün canından keçən bu igidlər, şəhid əlçatmazlığına ucaldılar. İkinci Vətən savaşında erməni işğalçılarına qarşı fədakarcasına vuruşaraq, qəhrəmancasına həlak olan Zaqatalanın cəsur oğlu Mütəllib Arif oğlu Serov kimi… O, qısa ömür sürsə də, ön cəbhədə vuruşaraq, həlak olsa da, Zaqatalalılar onu necə müsbət keyfiyyətlərə malik olan xoş niyyətli, ürəklərə yol tapa bilən bir gənc kimi tanıyırdı – Mütəllibi. Bu günün Vətən fədaisi olan Zaqatala rayonunun Silban kəndində sadə, fəhlə ailəsində anadan olmasına, böyüməsinə baxmayaraq, nəyəsə ehtiyacı olsa da, gözü tox olub, əksinə kiməsə kömək etməyə, yardımçı olmağa çalışardı. Məhz, bu müsbət xarakterinə görə böyüyündə, kiçiyində yanında hörmətli etmişdi onu. Amma… indi onun dünyaya göz açdığı, Zaqatala rayon mərkəzinin lap yaxınlığında, dağların ətəyində yerləşən Silban kəndinin girəcəyində, daşdan hörülmüş kürsülü evin damında üçrəngli Azərbaycan bayraqları dalğalanırdı… Öyrənmişdim ki, bu ailə 4 nəfərdən ibarət idi. Mütəllibin vaxtı ilə yaşadığı həyətə daxil olanda, böyük qardaşı Rəsul (sonradan mənə məlum oldu ki, şəhidin qardaşı uşaqlıqdan travma aldığına görə, ömürlük şikəst olub. E.M.) evə tərəf getdi və valideynlərini çağırdı. Şəhid balamızın, Vətən oğlunun atası – Arif kişi və anası Mərziyyə xanım hələ də özlərinə gəlməmişdirlər. Onlara təsəlli, təskinlik verməyə çalışırdım. Şəhidin atası çox kədərli, çox fikirli görünürdü. Siqareti, siqaretin dalınca çəkirdi. Hiss olunurdu ki, oğlunun yoxluğuna inanmaq istəmirdi… Nəhayət, o, dilləndi: “Elə bil mənə yuxu kimi gəlir, çox təsirli, acı bir yuxu kimi… Hərdən oğlumun həlak olmasına inanmıram. Elə hiss edirəm ki, hərbi xidməti başa vurub geri gələcək, bizi sevindirəcəkdir, hərdən belə fikirləşirəm… Lakin… Mütəllib ayrı uşaq idi, böyüklə böyük kimi, kiçiklə kiçik kimi rəfdar edirdi. Zaqatala rayonunda hamı onun xoş xasiyyətindən danışırdılar… İndi isə balam yoxdu…”

Anası Mərziyyə xanım isə gözlərinin yaşını silə-silə dedi: “Ümüdimiz ona idi. Böyük oğlumuz Rəsulu xəstə olduğuna görə hərbi xidmətə aparmadılar. Onu tez-tez müalicə edirik. Mütəllib ayrı oğul idi, yaşının az olmasına baxmayaraq, ailəmizdə olan çətinlikləri, qardaşının xroniki ağır xəstə olmasını, bizim də fəhləliklə ailəmizi dolandırmağımızı çox yaxşı başa düşürdü. Həmişə ailəyə kömək etməyə can atırdı. Arzuları çox idi, çox zəhmətsevər, xeyirxahlığa can atan, çətinliklərə dözən bir gənc idi, vətənpərvərliyinə söz ola bilməzdi, erməni millətçilərinə həmişə nifrət edərdi. Mütəllib sanki bir sülh göyərçini idi, gəldi, qondu və pərvazlanaraq bir dəfəlik yoxa çıxdı”…

Valideynlərindən öyrəndim ki, Vətənimizin ərazi bütövlüyünü qorumaq üçün ordu sıralarına qürurla, əzmlə, mətanətlə və həvəslə gedən Mütəllib Arif oğlu Serov 2000 –ci ilin iyun ayının 9 –da Zaqatala rayonun Silban kəndində anadan olub. Uşaq yaşlarından texniakya, mexaniki texnologiyaya böyük həvəsi və marağı olub. Arzusu ali təhsilli mütəxəssis olmaq idi. Amma… O, əvvəlcə Zaqatala şəhəri 5 saylı ümum orta məktəbinin IX sinfini bitirdi. Daha sonra isə Mütəllib Zaqatala rayonun Aşağı Tala kəndindəki Peşə Liseyində texniki elmlərə yiyələndi. Təhsil aldığı illərdə Liseyində fəalı, pedaqoji və tələbə kollektivinin də sevimlisi oldu. Anasının bildirdiyinə görə Mütəllib balaca yaşlarından ev, təsərrüfat işlərində onlara kömək edib. Valideynlərinin sağ əli olub. Sakit təbiətli atası isə qeyd etdi ki, Mütəllib hərbi xidmətdən əvvəl bir müddət Zaqatala şəhərində “Konika” mərkəzində çalışıb. “Qısa zaman ərzində oğlum iş yerində də bizə hörmət qazandırdı. Mütəllif orda da çox şey öyrəndi, kollektivin sevimlisinə çevrildi. Belə inadkar, qəlbi təmiz, doğruluğu sevən idi, əziz oğlumuz…” deyir – şəhid atası.

Torpaqlarımızın xilaskarı, Zaqatalanın fəxri, 2019 –cu ilin oktyabr ayının 1 –də həqiqi hərbi xidmətə gedib – Mütəllib. Valideynləri, əzizləri, dostları və iş yoldaşları onu xoş arzularla Vətənimizin keşiyində durmağa yola salıb.

Mərziyyə xanım söylədi ki, oğlu əvvəlcə Gəncə şəhərində, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Sonra biliblər ki, hərbi and içmədən sonra Mütəllibi digər əsgər yoldaşları ilə birlikdə Cəlilabad rayonuna, Göytəpə şəhərindəki Xüsusi Təyinatlıların hərbi hissəsində xidmət edirlər.

…Oğlumuzla vaxtaşırı əlaqə saxlayırdıq. O, bizə hərbi xidmətinin normal keçdiyini bildirirdi. And içmə vaxtı yanına getmişdik. Mütəllib hərbi formada olduğuna görə qürur duyurdu. Deyirdi ki, “Ana artıq mən müsəlləh əsgərəm. Azərbaycanımızın, Dövlətimizin Ali Baş Komandanı nə əmr versə ona da tabeyik. Biz bununla fəxr edirik. Siz özünüzdən, qardaşımdan muğayat olun. Dostlarıma salamlar yetirin…” – deyə, Mərziyyə xanım söhbətini davam etdirdi. “2020 –ci ilin avqust ayınadək orada hərbi xidmət etdi. Sonradan xeyli müddət oğlumuzla əlaqə qura bilmədik. Çox-çox narahat idik. Sentyabr ayının əvvəllərində oğlumla danışa bildik. Söylədi ki, artıq onlar cəbhə bölgəsindədirlər və vəziyyətləri yaxşıdır. Ancaq, bizə məlum oldu ki, onlar xeyli müddət hərbi təlimlərdə iştirak ediblər. Hərbi andına sadiq qalan Mütəllib, Vətən təşəbbüskeşi, sirr saxlayan idi. Hətta müharibə başlayanda da, ön cəbhəyə gedəndə də bizə heç nə bildirməmişdir. Sonuncu zəngi sentyabr ayının oratalarında oldu. Mütəllifin son sözləri belə idi: “Allah Sizi, bizi qorusun, biz də Sizi, Azərbaycanımızı qoruyuruq. Torpaqlarımızı mənfur düşməndən azad etmək hər birimizin borcudur. Ana, ata narahat olmayın, tezliklə görüşəcəyik…” Bu, Mütəllif=bin son sözləri, son zəngi oldu… Və onlar döyüşə getdilər…

Faşist xislətli ermənilərin 27 sentyabr 2020 –ci il tarixli xəyanətindən sonra Xüsusi Təyinatlılalardan ibarət taborun qorxmaz, cəsur, igid, düşmənin gözünə dik baxan – avar oğlu Mütəllib, hərbiçi yoldaşları ilə birlikdə Cəbrayıl, Fizuli istiqamətində döyüş mövqelərimizin önündə yerləşdilər. Onlar azğın düşmənlə ölüm-dirim müharibəsi aparıblar. Xain düşmənə göz verib, işıq verməyiblər. Vətənimizin mərd oğulları hərbi təlimlərdə öyrəndikləri müxtəlif taktikalarla erməni hərbiçilərinin üzərinə irəliləyərək, onların canlı qüvvəsini, texnikasını, hətta yerüstü və yeraltı barikadalarını da məhv ediblər. Mütəllibin xidmət etdiyi tabor qısa müddətdə müharibənin ən qaynar mövqelərində xeyli sayda yaşayış məntəqələrini, kəndləri, qəsəbələri, mühüm postları düşməndən təmziləyiblər…

Valideynlərin bildirdiklərinə görə, tabordan yaralı və sağ qalan döyüşçü yoldaşlarının verikləri məllumatlara görə oktyabr ayınnı 7 –də səhərdən axşamadək Fizuli rayonunda işğal altında olan torpaqların azad edilməsi uğrundan çox ağır döyüşlər olub. Bu döyüşlərdə düşmənin güclü müqaviməti ilə qarşılaşan Xüsusi Təyantlılar hünər tariximizi yazıblar.

Düşmənin cəbhə xəttini yaran Müttəllib və daha 8 xüsusi təyinatlısı BMP texnikası ilə onların mövqelərinə lap yaxınlaşaraq, ermənilərə müxtəlif çaplı silahlardan atəş açaraq, onların yenə də canlı qüvvəsini qıraraq, mövqelərdən uzaqlaşdırıblar. Lakin, namərd düşmən bu zaman yeraltı istehkamdan hərbiçilərimizin istiqamətinə qumbaralar atıblar. Qumbaraların partlaması nəticəsində Mütəllib və vdigər yaralı əsgərlərimiz döyüşçülərimizin səyi nəticəsində döyüş meydanından çıxarılıblar. Bütün səylərə baxmayaraq, vətənpərvər gənc döyüşçümüz – Mütəllib və onun döyüşçü yoldaşlarının həyatlarını xilas etmək mümkün olmayıb. Sözün əsil mənasında bu döyüşçülər lap gənc yaşlarından bir neçə aylıq təlimlərdə iştirak etmələrinə, müasir silahlardan istifadə olunan bu Vətən Savaşında özlərini odun-alovun içinə ataraq, qorxu nədi bilmədən –  30 ilə yaxın hazırlıq keçmiş qan içən düşmənə qarşı vuruşaraq, onların başını əzərək, Azərbaycanımızın-Qarabağımızın halal torpaqlarını düşməndən təmizlədirlər. Bu, əsil qəhrəmanlıq, vətənpərvərlik deyilmi? Halal olsun Sizlərə – igid əsgərlərimiz, şəhidlərimiz və qazilərimiz, halal olsun Sizlərin valideynlərinə, onların qarşısında baş əyirik…

Halal olsun, Allah Sizi qorusun – Mərziyə ana, Arif ata, halal olsun – Mütəllibə “Ana”, “Vətən”sözlərini öyrədən sevimli müəllimlərə. İndi, bütün el-oba Sizinlə fəxr edir, Sizi alqışlayır. Çünki, Mütəllib kimi qəhrəman yetişdirdiniz. Cəmi 19 yaşlı Vətən fədaisi arzularının ömrünün bulaq kimi çağladığı dövründə – şəhidlik zirvəsini fəth etdi – Mütəllib…

Oktyabr ayının 10 –da Zaqatala rayonuna Mütəllibin ölüm xəbəri gəlməsi – bütün rayonu sarsıtdı…

Sanki quşların səsləri də kəsildi, təbiətə sükut çökdü, dağlarda sanki yas tutmuşdu. Bir anda bütün rayon camaatı, böyüklü-kiçikli, üç rəngli al bayraqlarla Silban kəndinə Serovların evinə tərəf axışdılar. Bütün onu sevənlər, şəhid balamız Mütəllibi son mənzilə yola salmağa gəlmişdilər. Mərziyə ana, Arif ata son zəngdən sonra hiss etmişdilər ki, oğulları Mütəllib cəbhənin ən qaynar nöqtəsindədir, daha onu görməyəcəklər. “Son vaxtlar yuxuda görürdüm ki, gah əsgər formasında, gah bəy formasında, gah da ki, əllərində gül dəstəsi ilə həyət qapısını açaraq, gülə-gülə üstümüzə gəlir… Ana, ana, mən əsgərliyi başa vurmuşam, o, gözələ elçi get…” deyir – Mərziyə xanım. Son zəng, son döyüş və gerçəkləşməyəcək son yuxu…

Bəli, 10 oktyabr 2020 –ci il tarixdə Zaqatala diyarının böyüklü – kiçikli hörmətini – izzətini qazanan, avar xalqının mərd oğlu – sadə, halal çörəklə böyüyən 19 yaşlı – şəhid balamız Mütəllib Arif oğlu dünyaya göz açdığı Silban kənd qəbristanlığında torpağa tapşırıldı. Əbədiyyətə qovuşdu… El yolunda – Vətənin azadlığı naminə. Ruhuna dualar oxundu, yayılım atəş səsləri eşidildi.

…Bir anda şəhidin qara torpaqla örtülmüş qəbri al-qırmızı qızılgüllərlə bəzədildi, onu son mənzilə yola salanların göz yaşları isə – bu güllərə səpələndi…

…Şəhidin valideynləri, qardaşı, əzizləri sakitcə Mütəllibin qəbri önündə sükutla dayanaraq, qəbrini ziyarət edənləri minnətdarlıq baxışları ilə süzürdülər. Şəhid anası Mərziyə xanım sanki deyirdi ki, “doğurdanda Mütəllib təkcə bizim oğlumuz deyil, bütün elin oğlu və fəxridir”.

Bəli, ana – Vətən yolunda şəhid olan, şücaət göstərərək həlak olan Mütəllib Arif oğlu Serov bütöv Azərbaycanımızın qüruru və fəxridir…

Hamı Sizin qarşınızda baş əyir, “Allah Sizi qorusun” – deyirlər. Şəhid balamızın isə Ruhun şad olsun!  – deyir ki, sən az yaşadın, amma gələcək nəsillərə nümunə olacaq bir qəhrəmanlıq dastanı yaratdın – Mütəllib…

Elman Maliyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü