“Son dövrlərdə öndə olan ziyalıları məhv etmək və gözdən salmaq siyasəti aparılıb”

195

Qulu Məhərrəmli: “Bütün bunlar Ramiz Mehdiyev kimi “ideoloq”ların ortaya qoyduğu dəsti-xəttiydi”

“Azərbaycan mətbuatının əsas üç problemi – sərbəstlik, maliyyə və peşəkarlıq məsələsi həll olunmalıdır”

“Ölkədə normal iqtisadi sistem olmalı, elə şərait yaranmalıdır ki, jurnalistin yüksək maaşı olsun və o, özü minnətsiz mənzil ala bilsin”

Bugünkü sayımızda Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i, teletənqidçi, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, “Jurnalistikanın inkişafına yardım” fondunun sədri Qulu Məhərrəmli ilə ölkə mediasının durumu, bu sahədə mövcud olan problemlər, dövlət tərəfindən jurnalistlərə mənzillərin verilməsi və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

“Hesab edirəm ki, Azərbaycanda ANS kimi fərqli və plüralist telekanala ehtiyac var”

– Qulu bəy, bu gün ölkə telekanallarında yayımlanan verilişlər sizi qane edirmi?

– Son bir-iki ildə telekanallarda, sanki bir az canlanma yaranıb, süstlük aradan qalxıb, bəzi maraqlı verlişlər ortaya çıxıb. Bütün televiziyalarda müəyyən bir dirçəliş havası müşahidə olunur. Bu baxımdan, İctimai Televiziyada daha maraqlı poseslər gedir, onun yeni layihələri diqqəti daha çox cəlb edir. Məncə, indi İTV-nin ictimai müzakirə proqramlarına, “Diqqət mərkəzi”, “Yekun”, “3D”, “Sabaha saxlamayaq”, “Popumuz var”, “Fatehin divanı” və s. verilişlərinə çox adam baxır. Daha sonra, AzTV-nin özündə canlı verilişlər artıb, maraqlı müzakirə proqramları ekrana çıxıb, “Səhər” proqramı həmişəki kimi öz formasını saxlayır. Real TV xəbər sistemini cilalamağa çalışır, ATV-nin “Qərargah” verilişi maraq doğurur,  CBC kanalı peşəkarlıq baxımından maraq doğurur, Xəzər TV-də ümidverici addımlar atılır. Bütün bunlarla yanaşı, hesab edirəm ki, Azərbaycanda ANS kimi fərqli və plüralist telekanala ehtiyac var.

“TV-lərdə ümumən səviyyəli, intellektual, fərdi düşüncəsi olan insanlar var, amma onları ekrana buraxıb aparıcı kimi yetişməsinə imkan yaradan yoxdur”

– Adlarını çəkdiyiniz telekanallarda aparıcıların peşəkarlıq səviyyəsi yetərincədirmi?

– Bilirsiniz, aparıcının, eləcə də reportyor və digər peşə sahiblərinin səviyyəsi birbaşa telekanalın səviyyəsindən, peşəkarlığa nə dərəcədə önəm verilməsindən asılıdır. Əlbəttə, ekranlarda gözə dəyən yaxşı aparıcılar var. Lakin bunların əksəriyyəti fərdiliyi ilə seçilməyən, daha çox idarə olunan, persona səviyyəsinə qalxa bilməyən aparıcılardır. Məsələn, xəbər aparıcısı onun üçün cızılmış çərçivədən kənara çıxa bilmir, analitik proqramın aparıcısı bəzən “robot”dan fərqlənmir. İctimai-siyasi verilişlərdə auditoriyanın etimadını qazanan, adamların inana biləcəyi aparıcılar azlıq təşkil edir. Təəssüf ki, son 15-20 ilin zolağında o cür aparıcıları görə bilmədik. Təbii ki, TV-lərdə ümumən səviyyəli, intellektual, fərdi düşüncəsi olan insanlar var, amma onları ekrana buraxıb aparıcı kimi yetişməsinə imkan yaradan yoxdur.

Şou aparıcılarına gəldik də isə onların çoxu ümumi intellekual səviyyə və nitq mədəniyyəti baxımından xeyli geridədirlər. Onların qıcıqlandırıcı davranışları, məişət səviyyəsində üzə çıxan düşüncələr və bayağı danışıqları yaxşı proqramı da zay edir. Təəssüf ki, bizdə Murad Dadaşov, Azər Axşam, Dilarə Əliyeva və s. kimi peşəkar şou aparıcıları çoz az yetişir.

“Qəzetlərdə və saytlarda orijinal araşdırma aparıb yazı yazan jurnalistlərimiz azdır, çoxları asan hesab etdiyi üçün müsahibəyə qaçır, amma heç bunu da layiqli səviyyədə edə bilmirlər”

– Sizcə, hazırda Azərbaycan mətbuatında mövcud problemlər nədən ibarətdir?

– Azərbaycan mətbuatında əlbəttə, ciddi yaradıcılıq və peşəkarlıq problemləri var. Təbii ki, müstəqillik və azadlıq problemini də buraya əlavə etmək olar. Digər tərəfdən, iqtisadi baza, maliyyə problemi də tam kəskinliyi ilə özünü göstərir. Başqa xırad problemlər də möcvuddur. Amma əsas bu üç problem – sərbəstlik, maliyyə və peşəkarlıq məsələsi həll olunmalıdır. İqtisadi problemlərin həlli üçün yaxşı menecerlərə ehtiyac var. Jurnalistlərin özünün daxilində olan azadlıqlar məhdudlaşdırılıb, daxili senzura güclənib, çəkingənlik və başının milçəyini qorumaq meyli artıb. Təbii ki, jurnalistlərin özlərindən asılı olmayan problemlər də az deyil. Məsələn, xəbər mənbələri ilə işləmək problemi var, məlumat qaynaqlarından birbaşa informasiya almaqla bağlı çətinliklər yaranıb. Digər bir problem isə saytlardan gəlmə “copy past” tərzidir ki, bunu sadəcə, biabırçılıq adlandırmaq olar. Qəzetlərdə və saytlarda orijinal araşdırma aparıb yazı yazan jurnalistlərimiz azdır, çoxları asan hesab etdiyi üçün müsahibəyə qaçır, amma heç bunu da layiqli səviyyədə edə bilmirlər. Ona görə də bax, bu problemlərin hamısı birlikdə, mətbuatın ümumi səviyyəsinə təəssüf ki, mənfi təsir göstərir.

“Çox təəssüf ki, bizdə mətbuat əhli arasında əli qələm tutsa da, reketliklə məşğul olan, yalanlar yazan, hansısa oliqarxa və ya məmura mirzəlik edən, peşəni gözdən salıb sifarişlə təhqirlər yazan, adamlara çamur atan mənəvi cəhətdən şikəstlər də var”

– Sizin üçün jurnalistikada “zirvə nöqtəsi” nə deməkdir?

Əslində, jurnalistikada böyük zirvələr yoxdur. Mənim üçün jurnalistikada zirvə peşəkarlıq, yaxşı yazmaq, ləyaqətli və vicdanlı olmaqdır. Jurnalist bu kimi keyfiyyətləri daşıyırsa, demək ki, yaxşı qələm adamıdır. Belə jurnalistlər həm istedadları, həm də mənəvi keyfiyyətləri ilə rəğbət doğururlar. Çox təəssüf ki, bizdə mətbuat əhli arasında əli qələm tutsa da, reketliklə məşğul olan, yalanlar yazan, hansısa oliqarxa və ya məmura mirzəlik edən, peşəni gözdən salıb sifarişlə təhqirlər yazan, adamlara çamur atan mənəvi cəhətdən şikəstlər də var ki, bunların jurnalistikaya heç bir aidiyyatı yoxdur. Rəhmətlik Üzeyir Hacıbəyli belələrini “qələm fahişləri” adlandırırdı. Təəssüf ki, həmin “qələm fahişələri” hansısa səviyyədə himayə də olunur.

“Sosial şəbəkə hər kəs üçün azad bir yerdir, amma ora həm böyük bir zibillik də ola bilir, böyük bir çəmənlik də”

– Sosial şəbəkə istifadəçisi kimi necə düşünürsünüz, bu sahə jurnalistlərin işini çətinləşdirir, yoxsa əksinə?

– Burda hər iki məqam var. Jurnalist sosial şəbəkəyə məlumat mənbəyi kimi baxır və ordan məlumatları götürür. Təəssüf ki, tənbəllik edib, ordan götürdüyü məlumatları dəqiqləşdirə bilmir. Sosial media, bizi hadisələrin izinə salır, lakin biz sosial şəbəkələrdən əldə etdiyimiz informasiyanın ardınca gedib, dəqiqləşdiririkmi? Bu baxımdan, sosial şəbəkənin peşəkar mediayla müqayisədə imkanları genişdir. Amma eyni zamanda, burada hədsiz sərbəstlik və ciddi pozuculuq da müşahidə olunur. Ona görə də biz peşəkar media olaraq, sosial şəbəkəylə məsafələri və münasibətləri dəqiq qurmalıyıq. Sosial şəbəkə hər kəs üçün azad bir yerdir, amma ora həm böyük bir zibillik də ola bilir, böyük bir çəmənlik də… Ona görə də biz ordan nəyisə götürürüksə, onu cilalamalıyıq. Yəni əldə etdiyimiz informasiyanı araşdırmalı və düzgün təqdim etməliyik.

“Mənə ev verilməyib, heç o şəkildə ev almaq ağlımın ucundan da keçməyib”

– Hamıya məlumdur ki, jurnalistlərə dövlət tərəfindən verilən evlərin bölüşdürülməsində haqsızlıqlar oldu. Bəs sizə ev verilibmi?

– Xeyr, mənə ev verilməyib, heç o şəkildə ev almaq ağlımın ucundan da keçməyib. Həmişə də jurnalistlərə o formada ev veriməsinə tənqidi yanaşmışam. Axı, niyə hansısa jurnalistə ev verilməlidir, amma tutaq ki, cəmiyyətə daha çox fayda verən ibtidai sinif müəlliminə, həkimə, tibb bacısına, rəssama, bəstəkara, yaxud mühəndisə yox!? Ölkədə normal iqtisadi sistem olmalıdır. Elə bir şərait yaranmalıdır ki, jurnalistin yüksək maaşı olsun və o, özü minnətsiz mənzil ala bilsin.

Gələk Azərbaycan reallığına və məsələnin humanist tərəfinə. Hesab edək ki, jurnalistə ev vermək niyyətinin özü pis deyil, humanist addımdır. O binanın özündə mənim tanıdığım, bir neçə həqiqətən imkansız və ləyqaətli jurnalist ev alıb. Amma onları bu 200-300 nəfərin gözünə qatıb, yaxşı niyyəti korlamaq olmaz. Yəni bu adamları gözə soxub evləri dayıoğlu, əmioğlu, katibə, sürücü və s. kimilərinə verəndə yaxşı niyyət də gözdən düşür. İkinci bir tərəfdən adamlara ev verib bunu onların başına qaxınc etmək, insanları özündən aslı vəziyyətə salmaq düzgün deyil. Ordan ev alanların bəziləri özlərini indi az qala Əli Həsənovun və Ramiz Mehdiyevin yolunda fəda edir. Halbuki evi həmin adamlara o məmurlar yox, dövlət verib. Məncə, o evləri jurnalistlərə güzəştli şərtlərlə də vermək olardı. Yəni insanların qürurunu və ləyaqətini alçaltmaq düzgün deyil. Ləyaqət və şərəf hər şeydən üstündür. Sən evsiz qala bilərsən, amma şəxsiyyətsiz sən artıq heç kimsən…

“Jurnalistika məmura və oliqarxa deyil, həqiqətə, cəmiyyətə, Vətənin abadlığına, milli təhlükəsizliyə xidmətdir”

– Sizcə mətbuat sahəsində hansı tədbirlər görülməlidir ki, jurnalistlərin evlə təmin olunmasına ehtiyac qalmasın, hətta dünya miqyasındakı media holdinqlərlə rəqabət edəcək media qurumları meydana çıxsın?

– Mənzillə təmin olunmaq təkcə jurnalistlərə deyil, bütün vətəndaşlara aid olmalıdır. Niyə həmişə jurnalistlərin rolunu daim şişirdirlər? Yəni onlar doğrudanmı həqiqəti deyir, doğrudanmı nöqsanları tənqid edərək cəmiyyətin inkişafına, dövlət intizamının möhkəmlənməsinə kömək edirlər? Təəssüf ki, yox! Jurnalistika məmura və oliqarxa deyil, həqiqətə, cəmiyyətə, Vətənin abadlığına, milli təhlükəsizliyə xidmətdir. Media və jurnalist bu məqsədlərə xidmət edirsə, heç onun şişirdilməsinə ehtiyac qalmır. Bu baxımdan hesab edirəm ki, təkcə qələm adamlarının yox, bütün Azərbaycan vətəndaşlarının rifahı yaxşı olmalıdır, evi və digər maddi təminatı yaxşı səviyyədə olmalıdır.

“37-ci ilin repressiyalarında ziyalıları “xalq düşməni” adı ilə həbsxanaya salır, güllələyirdilər, indi isə daha təhlükəli üsul – onları mənəvi cəhətdən tərksilah etmək, yəni mənəvi terrora məruz qoymaq yolu seçilib”

– Qulu bəy, ziyalıların cəmiyyətin mənəvi dəyərlərinin qorunmasında rolu nədir?

– Böyük filosof İ.Kantın ziyalılıq haqqında məşhur bir essesi var. O, deyir ki, ziyalı o adamdır  ki, cəmiyyətin ağrılarıyla yaşayır. Yəni öz dərdini və qayğılarını bir kənara qoyub, cəmiyyətin və xalqın problemləri ilə yaşayır. Təəssüf ki, müstəqillik illərində bizdə bilərəkdən ziyalıların yetişməsinə və duruş gətirməsinə imkan verilmədi. Xüsusən, son dövrlərdə öndə olan ziyalıları məhv etmək və gözdən salmaq siyasəti aparılıb. Yəni tanınmış yazıçı və şairlərə, fərqli düşüncəsi olan müəllimlərə və millətin önündə gedən insanlarına qarşı düşünülmüş məhvetmə siyasəti aparılıb. Bütün bunlar, Ramiz Mehdiyev kimi “ideoloq”ların ortaya qoyduğu dəsti-xəttiydi.

37-ci ilin repressiyalarında ziyalıları “xalq düşməni” adı ilə həbsxanaya salır, güllələyirdilər, indi isə daha təhlükəli üsul – onları mənəvi cəhətdən tərksilah etmək, yəni mənəvi terrora məruz qoymaq yolu seçilib. Başını girləyən şair, yazıçılarla heç kimin işi yoxdur, amma müəyyən milli düşüncəsi, fərqli zəkası olan insanlara qarşı total hücüm aprılır. Mirzə Cəlildən Rəsul Rzaya, Səməd Vurğundan Bəxtiyar Vahabzadəyə, Anardan Ramiz Rövşənə kimi aparılan hücumlar bu xalqın dəyərlərini sarsıtmaq məqsədi güdür. Əlbəttə, mən tarix qarşısında heç kimə bəraət qazandırmıram, anlayıram ki, hər bir ziyalı, o cümlədən yaradıcı insanlar, şair və yazıçılar yaşadığı dövrünün rənglərini götürür. Amma hər halda onların bizə keçmişdən verdiyi ciddi mesajlar var. Biz də o mesajları gələcəyə çatdırmalıyıq.

“Azərbaycanda siyasəti elə həddə çatdırıblar ki, millət özünün yaradıcı enerjisini söyüşə sərf edir”

– Sizcə, hansı tədbirlər görülməlidir ki, toplum deqradasiyaya uğramasın?

– Bu artıq tədbir söhbəti deyil, ciddi milli məsələdir. Bu gün bizim bütün sahələrdə milli inkişaf proqramımız olmalıdır. Birinci növbədə təhsil, hüquq, səhiyyə, iqtisadiyat və s. sahələrdə aydın milli inkişaf proqramı olmalıdır. Elə bir gerçək və  həm də kompleks proqram olmaldır ki, millət özünü inkişaf etdirib, bəlli bir səviyyəyə çatdıra bilsin. Aparılan indiki siyasət ciddi şəkildə korrektə olunmalıdır. Bircə detal: uzağa getməyək, qonşularımız olan Gürcüstan və Ermənistan cəmiyyətində fikir ayrılığına görə kim bir-birini söyür? Orda iqtidarla müxəlifət bəyəm daim bir-birlərini söyürlər? Azərbaycanda siyasəti elə həddə çatdırıblar ki, millət özünün yaradıcı enerjisini söyüşə sərf edir. Xalq vəhdət halına gəlməsə, cəmiyyətdə sosial harmoniya yaranmasa, biz çox ciddi təhlükələrlə qarşlaşacaq,  uzun müddət bir-birimizlə savaşa-savaşa qalacağıq.

“Niyə biz şərəf və qürur tariximiz olan Azərbaycan Cümhurriyyəti dövrünü lazımi səviyyədə tədris etmirik?”

– Qloballaşmada xalqlar, o cümlədən bizim xalq mental-mənəvi dəyərlərini saxlaya biləcəkmi və yeni nəslə ötürülməni bacaracaqmı?

– Dünya nə qədər qloballaşsa da, əgər bir millət özünün dəyərlərini yaşada bilirsə, qoloballaşma onun yanından yel də olub keçə bilmir. Hesab edirəm ki, biz qloballaşma şəraitində öz varlığımızı qoruyub saxlamalıyıq. Dünya şöhrətli sosioloq Entoni Giddensin yeni şəraitdə bu ciddi məsələdən də bəhs edən “Əlimizdən çıxan dünya” adlı çox maraqlı əsəri var. Göstərir ki, qloballaşmanın təpkilərinə davam gətirməyin ən yaxşı yolu milli dəyərləri qorumaq, milliliyi dərinləşdirməkdir. Deməli, biz də daha çox milli xətti tutmalı, ənənəni qorumalı, dəyərlərimizi yaşatmalıyıq. Hər şey milli köklərə, milli dəyərlərə söykənməlidir. Məsələn, niyə biz şərəf və qürur tariximiz olan Azərbaycan Cümhurriyyəti dövrünü lazımi səviyyədə tədris etmirik? Niyə Cümhuriyyət dövrünün hüquq və idarəçilik sistemini öyənmirik? Məncə, biz irəliyə getmək üçün geriyə də baxmalı, tariximizdəki yaradıcı enerjidən bəhrələnməli, dünya xalqları arasında öz layiqli yerimizi tutmalıyıq.

– Sosial şəbəkələrdə bloggerlərin jurnalist kimi çıxış etməsinə münasibətiniz necədir? Bu amilin jurnalistikaya təsiri barədə nə düşünürsünüz?

– Əlbəttə ki, bloggerliyin jurnalistika ilə qovuşan cəhətləri çoxdur. Blogger ciddi ictimai promlemlərdən və sosial məsələlərdən danışırsa, o artıq jurnalist missiyasını yerinə yetirir. Özünün şəxsi problemləri haqda danışırsa, onu süni şəkildə jurnalistikaya aid etmək olmaz. YUNESKO-nun bloggerliklə bağlı  yanaşmasında da bu məqam əsas götürülür. Bütün hallarda bloggerlər daha çox ictimai əhəmiyyətli mövzulardan danışmalı, cəmiyyətə ciddi və faydalı mesajlar verməlidir.

Söhbətləşdi: YƏHYA