“SOCAR yerli qalib təchizatçıların VÖEN-i, xarici şirkətlərin mənşə ölkəsi barədə məlumat vermir” – MİRVARİ QƏHRƏMANLI

60

“Cəmi 3 şirkətin satınalma müqaviləsi açıqlanıb”

“SOCAR Azərbaycanın ən nəhəng dövlət şirkətidir. Maliyyə imkanlarına görə yəqin ki, bütün dövlət müəssisələrinin hamısının cəmindən daha böyükdür. Bu baxımdan, şirkətin satınalma sisteminin nə dərəcədə şəffaf və hesabatlı olduğunu qiymətləndirməyə ehtiyac duyduq”. Hurriyyet.org xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

“20-ə yaxın təsərrüfat subyekitinin bağladığı müqavilələr barədə məlumat hansı səbəbdən ictimailəşdirilmir?”

M. Qəhrəmanlı qeyd edib ki, SOCAR-ın tabeliyində olan 23 müəssisə və təşkilat öz satınalma planlarını onlayn şəkildə təqdim edib, onlardan 22 təsərrüfat subyektinin 900-ə yaxın açıq tenderlər üzrə satınalma elanı dərc edilib: “Lakin il ərzində cəmi 17.4 mln. manat dəyərində 38 satınalma müqaviləsi haqda saytda məlumat açıqlanıb. Həm də cəmi 3 şirkətin satınalma müqaviləsi açıqlanıb. Bəs  yerdə qalan SOCAR-ın tabeliyində olan 20-ə yaxın təsərrüfat subyekitinin bağladığı müqavilələr barədə məlumat hansı səbəbdən ictimailəşdirilmir?”

Qəhrəmanlının sözlərinə görə, 2019-cu ildə SOCAR-ın açıq tender elanlarının yarısından çoxu 3 müəssisənin – “Neftqaztikinti” tresti, “Azneft” İstehsalat Birliyi və “Kompleks qazma işləri” trestinin payına düşüb: “Amma SOCAR-ın saytında bu 3 nəhəng şirkətin hətta bir satınalma müqaviləsi barədə məlumat açıqlanmayıb”.

Qəhrəmanlı onu da nəzərə çatdırıb ki, vahid elektron portaldan fərqli olaraq SOCAR öz saytında qalib təchiazatçı ilə bağlı bildirişin dərc edilmə tarixi, eləcə yerli qalib təchizatçıların VÖEN-i, xarici şirkətlərin mənşə ölkəsi barədə məlumat vermir:“Halbuki effektiv ictimai nəzarət nöqteyi-nəzərdən bildirşin dərci tarixi qanunvericiliyin tələblərinə nə dərəcədə əməl edildiyini bilmək üçün vacibdir”.

Şamo EMİN, Hurriyyet.org