SOCAR-ın vitse-prezidentinin villasında çalışan fəhlə ömürlük şikəst qalıb

255

“Qiymət Mehdiyev bildirdi ki, hara şikayət edirsiniz edin….”

Ramin Ağayev Mikayıl İsmayılova müraciət edərək, təkrar əməliyyata və maddi dəstəyə ehtiyacı olduğunu bildirir…

Bakı şəhər sakini Ramin Ağayev artıq səkkiz ildir ki, ayaqlarından zədə alaraq şikəst olub. “Hürriyyət”ə müraciət edən şikayətçi 2013-cü ildə SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun şəxsi villasının tikintisində işləyən ustalardan biri olub. Lakin təhülkəsizlik tədbirləri görülməməsi səbəbindən, tikintidə tez-tez qəza hadisələri olub. Bu qəzaların birində Ramin Ağayev də xəsarət alıb və ayaqları şikəst olub.

Müxtəlif əməliyyatlar keçirtməsinə baxmayaraq, artıq səkkiz ildir ki, Ramin Ağayev ailəsiylə birlikdə ağır şəraitdə yaşayır. Hazırda heç bir yerdən gəliri olmayan ailə SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovdan yardım istəyir: “2013-cü il iyul ayında Türkan qəsəbəsində SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılova məxsus villanın tikintisində iştirak etmişəm. İşlədiyim yerdə tavanın yerdən yüksəkliyi altı metr idi. Hətta orda işləyənlər də bildirirdilər ki, bu yüksəklikdə təhlükəsizlik tədbirləri görülməzsə, işləmək qeyri-mümkündür. İş icraçısı bu formada işləməyi rəhbərliyin tapşırığı olduğunu bildirmişdi. Ayağımın altındakı hündürlük beş metr idi. Biz dəfələrlə iş görülməsi üçün təhülkəsizlik tədbirlərinin düzgün olmadığını bildirirdik. Nəticədə, günlərin birində iş görərkən hündürlükdən yerə yıxıldım. Yıxılan zaman iki topuğum qırıldı. Ayağımda üç yerdə sınıq əmələ gəldi. Məni dərhal maşınla “Modern” hospitala gətirdilər. İş yoldaşım və iş icraçısı da mənimlə xəstəxanaya gəldilər. Hadisə baş verən gün SOCAR-da tikinti işlərinə rəhbərlik edən Qiymət Mehdiyev də xəstəxanaya gəldi. O, iş icraçısına bildirdi ki, məsələ ictimailəşdirilməsin və heç yerə də şikayət edilməsin. Eyni zamanda, bütün xərclərimin qarşılanacağına söz vedi.

Mikayıl müəllim villasının tikintisini Qiymət Mehdiyevə tapşırmışdı. O isə tikinti işlərində qanun pozuntularına yol verirdi. Sonradan öyrəndim ki, bu işdə mən üçüncü adamam ki, ağır xəsarət alıram. Mən də onların dedikləriylə razılaşdım. Əsas istəyim sağalıb ailəmin yanında olmağım idi. Sözümün də üstündə durdum. Altı aydan sonra ikinci dəfə əməliyyatıma pul lazım olanda, Qiymət Mehdiyev bildirdi ki, sonuncu dəfə 1650 azn pul verirəm. Daha sonra o bildirdi ki, hara şikayət edirsiniz edin.

Əməliyyat olunub evə gələndə işin icraçısı Ramiz bəyə bildirdim ki, mənim ailəmə yardım lazımdır. Ona məsələni heç yerdə işıqlandırmadığımı və daha sonra belə etməyin düzgün olmadığını dedim. O, yenidən Qiymət Mehdiyevlə əlaqə saxladı. Qiymət Mehdiyev isə iş icraçısına bildirdi ki, sən rəhbərliyin tərəfini saxlamaqdansa, ustanın tərəfini saxlayırsan. Nəticədə, məni müdafiə etdiyinə görə iş icraçısı Ramiz bəyi işdən azad etdilər.

Növbəti altı aydan sonra həkim bildirdi ki, yenidən əməliyyat olunmalıyam. Artıq üçüncü dəfə əməliyyat olunmalıydım. Çünki bədənim tab gətirmədiyi üçün sümüklərim bitişməmişdi. Ailə üzvlərimin dəstəyi ilə müxtəlif yerlərdən borc alıb, əməliyyat olundum. Anam xadimə işləyirdi. Onun gəliri hesabına dolanırdıq. Lakin anam da ötən il dünyasını dəyişdi.

Mənim səhhətim yerində olanda, aylıq ən azı 1000 azn pul qazanırdım. Ailəmin dolanışığı yaxşı olub. Hazırda hər iki topuğumda zədə var. Yoldaşım SOCAR-a şikayətə gedən zaman qəbul etməyiblər. Mübahisə yaranıb. Köməkçiləri bildirib ki, Mikayıl müəllimin adı bu məsələdə hallanmasın. Araşdırdığıma görə, Mikayıl müəllim gözəl və xeyirxah insandır. O, çox insana yardım əlini uzadıb. Onun bu məsələdən xəbəri yoxdur. Böyük ehtimalla ona yanlış məlumat verilib. Yalan məlumat verərək, hər bir köməkliyin olunduğunu və hər şeyin qaydasında olduğunu bildiriblər. Yeddi ildən sonra işdən çıxarılan iş icraçısına zəng vurub deyiblər ki, heç bir yerdə məsələ işıqlandırılmasın, hər bir köməklik olunacaq.

Həyat yoldaşım da onkoloji xəstədir. Qohumlar müəyyən qədər yardım edib. Nə vaxta qədər mən qohumlardan yardım istəyəcəm?… Daha sonra məni Türkiyəyə əməliyyata göndərdilər. Lakin həkim artıq əməliyyat üçün gecikdiyimi bildirdi.

Eyni zamanda qeyd edim ki, Mikayıl İsmayılovun villasının tikintisindən iş icraçıları küllü miqdarda pul mənimsəyiblər”.

Məsələylə bağlı villanın tikintisində icraçı olan Ramiz müəllimlə (Soyadını açıqlamadı – red.) əlaqə saxladıq. O, hazırda işdən kənarlaşdırıldığını bildirdi. İş icraçısı eyni zamanda Ramin Ağayevin əməliyyatına yardım olunduğunu və iki il ərzində aylıq 800 azn əmək haqqı ödəndiyini deyib:

“Həmin şəxs bir dəfə İrana, iki dəfə də Türkiyəyə müalicə üçün göndərilib. Səhv etmirəmsə, dörd dəfə də Azərbaycanda əməliyyat olunub. Bütün xərclərini mən SOCAR-dan alıb özünə vermişəm. İki ildən çox ona aylıq 800 azn əmək haqqı ödənilib. Daha sonra isə mən işdən çıxarıldım”.

Şikayətlə bağlı SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun Rövşən adlı köməkçisi ilə də əlaqə saxladıq. O, bu işlərdən məlumatsız olduğunu və cavabdehlik daşımadığını deyib:

“Mən rəhbərliyin yalnız işdə köməkçisiyəm. Digər işlərindən məlumatsızam. Rəsmi olaraq SOCAR-ın əməkdaşıyam. Digər işlərə nə cavabdehlik daşımıram, nə də o işlərlə məşğul olmuram. Dediyiniz şəxs tikintidə işləyibsə yəgin ki, iş icraçısı və işə nəzarət edən rəhbərlik olub. Həmin şəxs SOCAR-a müraciət edib və səhv etmirəmsə mənimlə də danışıb. Bildiyim qədəriylə o yoldaşın əməliyyatına köməklik olunub. İş icraçısı kimdirsə, o, bu işlər haqqında daha məlumatlıdır”.

Ümid edirik ki, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun dəbdəli villasının tikintisi zamanı ömürlük şikəst qalan ailə başçısı Ramin Ağayevin yenidən əməliyyat olunması baş tutacaq və ailəyə maddi yardım ediləcək.

YƏHYA

Redaksiyadan: Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.