“SOCAR dünyadakı dövlət neft şirkətləri arasında ən pis vəziyyətdədir” – İLQAR MƏMMƏDOV

123

“Yaxın gələcəkdə dünya zənginlərinin yoxsul dövlətlərə yardımı Azərbaycana da aid oluna bilər”

“İki gün öncə, G7 ölkələrinin maliyyə nazirləri dövlət borcunun, o cümlədən dövlət şirkətlərinə aid borcların şəffaflığı və davamlılığı haqda bir bəyanat qəbul etdi. Bəyanatın məqsədi hazırda davam edən koronavirus böhranının ən yoxsul ölkələrin borc vəziyyətinə təsirini yumşaltmaqdır. Azərbaycan hələlik formal olaraq orta gəlirli ölkə sayılır. Ona görə, sənəd bizə hələ çətin aid olunsun”. Hurriyyet.org xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

“15 ildə Azərbaycana böyük neft pulları gəldi də və getdi də”

Məmmədovun sözlərinə görə, SOCAR-ın maliyyə vəziyyəti o qədər sual doğurur ki, ən yaxın gələcəkdə dünya zənginlərinin yoxsul dövlətlərə yardımı Azərbaycana da aid oluna bilər:“15 ildə Azərbaycana böyük neft pulları gəldi də və getdi də. Nəticədə nə oldu? SOCAR uzunmüddətli öhdəliklərinin həcminə görə dünyadakı dövlət neft şirkətləri arasında ən pis vəziyyətdədir. Bu öhdəliklərin ÜDM-ə nisbəti 27 fazidir. Müqayisə üçün bizdəkindən azca yaxşı olan Surinamın neft şirkətində 23 faiz, Anqola neft şirkətində 16 faizdir. Dövlət neft şirkətlərinin böyük əksəriyyətində bu göstərici hətta 5 faizdən aşağıdır.

“SOCAR-ın borclarını versək, sonra nə edəcəyik ki?”

“Fikir verin, söhbət uzunmüddətli öhdəliklərdən, başqa sözlə borclardan gedir. Bu, 12 milyard dollardan çoxdur. Yəni bütün Azərbaycan büdcəsi ilə müqayisə edilə bilər, həm də SOCAR-ın bütün aktivlərinin 1/3 dəyərindədir. Tutalım bu aktivlərin əsl dəyəri mübahisəli deyil, dəqiq məlumdur. Nə olsun? Onları satıb SOCAR-ın borclarını versək, sonra nə edəcəyik ki?”-deyə REAL sədri sual edir.

“SOCAR dünyadakı sıralamanın sonlarındadır”

İ. Məmmədov nəzərə çatdırıb ki, SOCAR-ın əlində olan özgə səhm və borc kağızlarının dəyəri 14 milyarddır: “Ancaq bu kağızlar sürətlə dəyər itirdiyi böhran vaxtında SOCAR-ın ödəməli olduğu borcdan daha aşağı dəyərə malik olsa, təəccüblənmərəm. Deyəsən ki, borc alıb SOCAR pulları yaxşı işlədə bilir? Xeyr. Xərclərə nisbətdə gəlirlilik cəmi 7 faizdir və bu göstəriciyə görə SOCAR dünyadakı sıralamanın sonlarındadır. Yəni başqaları kapital işlədib 10, 20, hətta 30 faizdən çox gəlir əldə edirsə, SOCAR ölüvay 7 faizlə kifayətlənir. Bu səmərəsiz borclanmanın nəticəsindədir ki, SOCAR-ın gəliri Azərbaycanın Ümumi Daxili məhsulundan 47 faiz çox olsa da, gəlirin ancaq 2 faizi dövlətə ödənilir”.

“15 illik neft zəmanəsi SOCAR-ı gücləndirməli idi, zəiflətməli deyildi”

“SOCAR-ın dünyada analoqu olmayan səmərəsizliyi haqda çox danışmaq olar. Amma danışmağın vaxtı qurtarıb. 15 illik neft zəmanəsi SOCAR-ı gücləndirməli idi, zəiflətməli deyildi. Təəssüf ki, bu tarixi fürsəti YAP hakimiyyəti əldən verdi. Şirkət rəhbər heyətdən tutmuş inkişaf strategiyasına qədər tamamilə yenidən qurulmalıdır”,-deyə partiya sədri vurğulayıb.

 Şamo EMİN, Hurriyyet.org