Siyəzəndə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib – FOTO

    6

    DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Siyəzən RPŞ-nin təşkilatçılığı ilə şəhərin 1 saylı tam orta məktəbində rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Dini Qurumlarla İş üzrə bölgə şöbəsinin məsul təmsilçilərinin, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.

    Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis mayoru Qoşqar Kazımov cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələrdən və fəsadlardan danışıb. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun bəlasından qurtula bilmir, əksinə. öz gələcəyini bilərəkdən məhv edir. Narkoticarətçilər isə məhz iradəsi zəif olan gənclər vasitəsi ilə öz şəbəkələrini genişləndirərək xüsusən məktəbliləri bu işə cəlb etməyə, qazanc götürməyə çalışırlar. Bunun qarşısını almaq, gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün şagirdlər öz ətraflarına hər zaman diqqət yetirməli, narkotiklərin qanunsuz dövvriyyəsi ilə məşğul olan şəxsləri gördükdə, belələri barədə hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, polis əməkdaşlarına məlumat verməlidirlər.

    Sonra çıxış edən din xadimi İmran Xudaverdili ölkəmizdə hər bir şəxsin dini azadlıq və inancına hörmətlə yanaşıldığını bildirib. Ölkəmizdə tolerantlığın mövcud olduğunu, din pərdəsi altında fəaliyyət göstərən qruplaşmalara qarşı ciddi mübarizə tədbirlərinin aparıldığını deyən İ.Xudaverdili gənc nəslin nümayəndələrini yalan vədlərə inanmamağa çağırıb, dini mövzularla bağlı zəruri bilgiləri, lazımi məsləhətləri bu sahənin mütəxəssislərindən və valideynlərdən almağı tövsiyə edib.

    Sonda məktəbin direktoru Nəcməddin Mürvətov tədbirin təşkilinə görə təşəkkürünü bildirib, tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə iştirakçıları təbrik edib.

    Siyəzəndə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib